20 oktyabr 2023 14:34
245

20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi

2023-cü ilin oktyabr ayının 15-də Qarabağ münaqişəsinin həllində mühüm hadisələrdən biri baş verdi. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Bu əlamətdar gün münasibətilə çıxışında Ölkəmizin Başçısı Azərbaycan xalqını ürəkdən təbrik etdi və düz 20 il əvvəl ona böyük etimad göstərilərək Prezident vəzifəsinə seçildiyini, Konstitusiyaya və “Qurani-Kərim”ə əl basıb Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyinə, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına and işərək söz verdiyini xatırlatdı. Cənab Prezident İlham Əliyev son 20 il ərzində verdiyi bütün vədlərin, qarşıya qoyduğu bütün vəzifələri icra etdiyinə görə şad olduğunu bildirdi.

Ötən 20 ilin nəticələrindən bəhs edərkən Azərbaycanın gücləndiyini, Azərbaycanın dünya miqyasında özünə layiq yer tuta bildiyini, artıq Azərbaycanla dünyada hesablaşıldığını və bir çox hallarda Azərbaycanın önəmli təşəbbüslərin müəllifi olduğunu diqqətə çatdırdı. Müstəqilliyin təmini üçün güclü ordunun və güclü iqtisadiyyatın vacibliyini önə çəkən cənab Prezident İlham Əliyev bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldığını,  iqtisadiyyatın dörd dəfədən çox artdığını bildirdi. 

Ali Baş Komandan çıxışında ordu quruculuğu məsələsinə toxunarkən “biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik” fikrini söyləyərək bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə biləcəyini, üç il əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində bunu döyüş meydanında sübut etdiyini və düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdiyimizi, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatında yenə də düşmənin ağ bayraq qaldıraraq təslim olduğunu qeyd etdi.

Torpaqlarımızın işğaldan azad olunmasında vətənpərvər ruhlu Vətən, torpaq uğrunda ölümə getməyə hazır gənc nəslin yetişdiyini diqqətə çatdıran Ölkə Başçısı şəhidlərimizi rəhmətlə andı və Azərbaycan xalqı olaraq onlara əbədi borclu olduğumuzu bildirdi. Azərbaycan əsgərinin və zabitinin qəhrəmanlığını, fədakarlığını yüksək qiymətləndirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağ münaqişəsinin siyasi yolla deyil, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın öz gücümüz sayəsində azad edildiyini vurğulayaraq “torpağımızda ikinci erməni dövləti” yaratmaq xülyasına heç zaman imkan verilməyəcəyini bildirdi.

Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasına başçılıq etdiyi 20 ilin hesabatı kimi sonda bunları söylədi: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri