19 oktyabr 2023 21:32
105

Füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi

 Biz öz doğma diyarımıza bağlı olan xalqıq. İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Qloballaşan dünya haqqında bir çox fərziyyələr irəli sürülürdü. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var, biz nə qədər doğma diyara bağlıyıq. 

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin bərpasında yeni yanaşmalar tətbiq edir. Belə ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün yaşayış məntəqələrinin bərpasında "Ağıllı kənd" və "Ağıllı şəhər" konseptlərindən istifadə olunur. İlk belə layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Füzuli rayonunun yaşayış məntəqələri də müasir tələblər səviyyəsində bərpa olunacaqdır. Hazırda burada regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunmaqdadır. Cəmi səkkiz ay ərzində inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırdı. "Böyük Qayıdış Proqramı"nın birinci mərhələsinin sonunda, yəni 2026-cı ilin sonunadək Füzuli rayonunda yaşayan insanların sayı 22 min, ümumilikdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min nəfərin yaşayacağı proqnozlaşdırılır. Görülən bütün işlər, parılan islahatlar məhz bu istiqamətdədir və burada icra olunan bütün layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. İşğaldan tam azad olunmuş Füzulidə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi Təşəbbüsü ilə müasir standartlara cavab verən yeni məktəb, Qazaxıstan Prezidentinin təşəbbüsü ilə qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması xalqlarımız arasında dərin dostluğun rəmzidir və inşa olunan yeni müəssisələr burada yaşayan uşaqların yüksək səviyyədə təhsil almalarına, asudə vaxtlarının maraqlı, əlverişli keçirmələrinə şərait yaradacaqdır.

Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir. Həmçinin qeyd etmək lazımdır ki, Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulidə yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Bilirik ki, 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalı təsis edilmiş və Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu ilə bu medal ilə təltif olunmuşdur. Eyni zamanda cənab Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr "Füzuli şəhəri günü" kimi müəyyən olunub.

 Gənc nəsilin də Füzuliyə köçərək yaşması vətənpərvərlik, Vətənə bağlılıq nümunəsidir. Füzulidə yeni nəsil füzulililər yetişəcək, böyüyüb boya-başa çatacaqlar. Cənab Prezidentin dediyi kimi, Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir: "İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var”. 30 ilə yaxın idi ki, füzulililər öz torpaqlarını görəmdən böyüyürdülər. Onlar üçün Füzuli ancaq xəyal, şəkil olaraq var idi. 44 günlük Vətən maharibəsində qazanılan şanlı Zəfər xəyalları reallığa çevirdi. Ermənilər Füzulini də işğal müddətində xarabalığa çevirmişdir. Rayonun bu vəziyyətini yerli sakinlərdən biri Prezident İlham Əliyevlə görüşdə belə təsvir edib: "İki il öncə biz burada - Füzulidə təməlqoyma mərasimində iştirak edəndə burada heç nə yox idi. Doğrudan da hər yan xaraba idi. İndi çox şükür, var olun, böyük, abad bir şəhərə çevrilibdir, qürurvericidir. Özü də təkcə Füzuli yox, bütün Qarabağ tikinti meydanıdır, hər yerdə yollar çəkilir, şəhərlər salınır, kəndlərin bünövrəsi qoyulur, infrastruktur layihələri icra edilir”. Prezident İlham Əliyev Füzuli işğaldan azad olunduqdan sonra füzulililərlə görüşdə vəd vermişdi ki, rayon yenidən qurulub, abadlaşdırılacaq. Artıq bu işlər görülüb. Cənab Prezident Füzulinin yeni görkəmini belə ifadə edib: "Füzulinin yeni siması göz oxşayır. İşğaldan azad olunmuş bütün ərazilərdə yenidənqurma işləri aparılır. Bu, yeni reallıqdır”. İşğaldan azad olunan Qarabğın müasir siması da regionda yeni reallıq yaradır. Dünya Azərbaycanın həm siyasi, həm də iqtisadi gücünü görür. Azərbaycan ərazi bütövüyünü bərpa etməklə hərbi qüdrətini də beynəlxalq aləmə nümayiş etdirdi. 19-20 tarixlərində keçirilən lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçılar ağ bayraq qaldırdı və tərksilah edildi. Dövlətimizin başçısı separatçıların kitabının birdəfəlik bağlandığını qeyd edib: "Bir çoxları təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı. Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik”. Qarabağ məsələsinin həll olunması, Ermənistanla sülh razılaşmasının əldə edilməsi üçün Azərbaycan diplomatik müstəvidə danışıqlar aparır. Ermənistan ilkin olaraq sülh şətlərini qəbul edib. Amma Ermənistan bu yolda real addım da atmalıdır.

 Azərbaycan heç bir ölkədən kömək almadan, öz iqtisadi potensialı, gücü hesabına  Qarabağda bərpa, yenidənqurma işləri aparır. Buralara işğaldan az sonra gəlib erməni vandalizmini görüb heyrətə gələnlər, 3 il sonra bir də gələndə yeni görükəmdən valeh olur. Bunu xarici eksptlər, eləcə də rayon sakinləri də qeyd edirlər. İşğaldan azad olunan ərazilərdə bütün işlər beynəlxalq standartlar çərşivəsində aparılır. Prezident yerli sakinlərlə görüşdə bildirib ki, bizim bütün şəhərlərimiz Füzuli kimi olacaq: "Çünki Füzulidə birinci şəhərsalma layihəsini icra edirik. Burada şəhər tamamilə yenidən qurulur”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya ölkələrindən və beynəlxalq təşkilatlardan tələbi daimi sülhün, əmin-amanlığın və ədalətin olmasıdır. Lakin öz çirkin əməllərindən əl çəkmək istəməyən erməni tərəfi və onların havadarları  danışılar prosesinə əngəllər törətməyə cəhd edir, hər yolla gərginlik yaratmağa çalışırlar.İllərdən bəri müharibə şəraitində yaşayan Azərbaycan üçün sülhün təminatı daha əhəmiyyətlidir. 30 ilə yaxındır ki, Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində müharibənin əziyyətlərini yaşayan, qaçqın, köçkün problemi ilə üzləşən Azərbaycan regionda sülhün, əmin-amanlığın təminatı üçün bütün imkanlardan istifadə edir, beynəlxalq təşkilatlarda ərazi bütövlüyümüzün bərpası üçün aparılan müzakirələrdə, danışıqlarda sülhsevər siyasətini diqqətə çatdırır.

Öz Prezidentinə arxalanan xalqımız 20 il bundan öncə etdiyi seçimdən məmnundur və Vətən Müharibəsi dövründə olduğu kimi, yenə də Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək Dəmir Yumruq kimi möhkəm dayanmışdır. Xalqımız əmindir ki, ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə bütün planlarımız qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir.
 

Orxan İsmayılov,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəalı