19 oktyabr 2023 14:28
128

Vətən müharibəsi cəmi 44 gün çəkdi

 XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. 2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə dərhal Təhlükəsizlik Şurasının iclası keçirilmiş, təcavüzkara adekvat cavab verilməsi istiqamətində konkret tapşırıqlar verilmişdir.

Son 200 ildə ilk dəfədir ki, erməni işğalçıları Azərbaycan torpaqlarından rüsvayçılıqla qovuldu! Prezident İlham Əliyevin Ali Baş Komandan olduğu Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi zamanı 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini və çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi. Dağlıq Qarabağdakı ən böyük ikinci şəhər olan Şuşanın azad edilməsindən sonra İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00-dan etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı.

Şuşanın işğaldan azad olunması müharibədə həlledici rol oynadı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Şuşanın azad olunduğu gün Prezidentimiz tərəfindən tariximizə Zəfər günü kimi təsbit edildi. Erməni təcavüzkarlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması və 1 milyondan çox qaçqınımızın doğma torpaqlarına qaytarılması Prezident İlham Əliyevin xarici siyasətində başlıca vəzifə idi. Ölkə başçısı öz müdrik, qətiyyətli və cəsarətli siyasəti ilə doğma xalqını bu sahədə də tarixi qələbəyə qovuşdurdu! Prezidentimiz “Dağlıq Qarabağ problemi”ni çözdü! O, ermənilərin Dağlıq Qarabağın statusu ilə bağlı iddialarını gündəlikdən çıxararaq, onların “Artsax” layihəsini darmadağın etdi!

 Bu missiyanın əsası Ulu Öndər tərəfindən qoyulmuşdu. O, bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacağını, erməni qəsbkarlığının uzun sürməyəcəyini dönə-dönə bildirirdi. Hər şeyin zamana ehtiyacı olduğunu vurğulayırdı. Şübhəsiz ki, bu gün ulu öndərin, şəhidlərimizin ruhları şaddır! Prezident İlham Əliyev Şuşa azad olunanda Heydər Əliyevin məzarını ziyarət etdi, həm hesabat verdi, həm də borcunu yerinə yetirdi. Ardınca Şəhidlər xiyabanından Prezidentimizin Azərbaycan xalqına müraciəti qələbənin lap yaxında olduğunu göstərdi. O, ulu öndərin vəsiyyətini yerinə yetirərək, Qarabağı bütünlüklə işğaldan azad etdi! Beləliklə, Prezidentimiz başda olmaqla Azərbaycan xalqı yeni tarix yazdı! Biz tarixçilər həmişə bir arzumuzu dəfələrlə bəyan etmişik: “Gün o gün olsun ki, sevimli Prezidentimiz Azərbaycan tarixinə Qarabağımızı azad edən xilaskar Prezident kimi daxil olsun!” Və o gün gəldi! Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinə Qarabağı azad edən xilaskar Prezident kimi daxil oldu!

44 günlük müharibə nəinki döyüş meydanında, həm də informasiya məkanında aparıldı. Dövlət başçısı döyüşlərə komandanlıq etməkdən savayı, eyni zamanda dünyanın ən nüfuzlu telekanallarına, mətbuat orqanlarına 30-dan çox müsahibə verdi. Bununla ermənilərin həm də informasiya manipulyasiyasına ciddi zərbə vuruldu.

10 noyabr 2020-ci ildə bağlanmış üçtərəfli bəyannaməyə zidd olaraq Ermənistan dövlətinin nümayiş etdirdiyi qeyri-adekvat addımlar, həmçinin Azərbaycan torpağı Qarabağda qalmış separatçı qüvvələrin və silahlı hərbi birləşmələrin törətdiyi təxribatlar Azərbaycanın antiterror tədbirlərinə başlamasını zəruri etdi və Azərbaycan ordusu konstitusiya hüququnu bərpa etmək məqsədilə sentyabrın 19-da Qarabağda antiterror əməliyyatına başladı. Təxminən 24 saat davam edən antiterror əməliyyatı  uğurla başa çatdı, silahlı erməni hərbi birləşmələri təslim oldu və Bakının irəli sürdüyü bütün tələblərlə razılaşdıqları bildirildi. Beləliklə Antiterror tədbirləri nəticəsində Cənab İlham Əliyevin komandanlığı və müzəffər ordumuzun qəhrəmanlığı sayəsində Qarabağ tamamilə işğaldan azad edildi.

Rəxşəndə Əliyeva
YAP Xətai rayon təşkilatının "General Mehmandarov 78" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü