20 oktyabr 2023 11:42
273

Zəngilan həsrətinə son qoyulan müqəddəs gün

Bu gün Zəngilanın işğaldan azad olunmasından 3 il ötür. Zəfər tarixinə düşən hər gün Azərbaycan xalqının yaddaşında əbədiləşib və bu günlər unudulmazdır. Bu gün Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Tariximizdə çox parlaq anlar, hadisələr və qələbələr olub. Onların arasında Zəngilanın azad edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. Zəngilanın azad olunması Qarabağın taleyinin həll olunması hesab edilirdi. 27 ildən sonra rəşadətli Azərbaycan Ordusu Zəngilanı düşməndən azad etdi.

Bununla da Müstəqil Azərbaycanın zəfər salnaməsində yeni bir səhifə açıldı. Zəngilan rayonunun işğaldan azad edilməsinin həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyəti isə sözsüz ki, danılmazdır. Qazanılan qələbələr təkcə silahın gücü deyil, həm də Prezidentimizin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir. Bu qələbə Ali Baş Komandanımızın, bizim birliyimizin qələbəsidir, haqq işimizin, Müzəffər Ordumuzun gücünün, rəşadətli əsgərlərimizin, Azərbaycan xalqının iradəsinin qələbəsidir! Müzəffər ordumuz 44 günlük Vətən müharibəsini Zəfərlə bitirdikdən dərhal sonra Ali Baş Komandanın işğaldan azad edilən ərazilərə səfərlər etməsi və bu ərazilərdə abadlıq quruculuq işlərinin aparılması artıq ənənə halını alıb. Artıq həmin ərazilər abadlaşır, həyat öz axarına düşür. Bunun üçün artıq heç bir maneə yoxdur. Bundan sonra illər ötsə də Azərbaycan xalqı bu şanlı zəfərlər barədə faktları, tarixi hadisələri nəsillərdən-nəsillərə ötürəcək, xatirəsini əbədiləşdirəcək.

Heç şübhəsiz ki, bu tarix bir örnəyə çevriləcək. Zəngilanın iğaldan azad olunmasının əhəmiyyəti nə sadalamaqla bitən deyil, nə də danılan. İndi Zəngilanda da abadlıq-quruculuq işləri gedir və “Böyük Qayıdış” planları bu ərazilərimizdə də sürətlə reallaşır. Cənab Prezidentin apardığı uğurlu, məqsədyönlü, düşünülmüş və qətiyyətli siyasət sayəsində ölkəmizin nəinki ərazi bütövlüyü, suverenliyi təmin edilib, həmçinin inkişafa yeni pəncərələr açılıb. İnanırıq ki, tezliklə bütün Qarabağ torpağı abadlaşacaq və həyat yenidən öz axarına düşəcək. Bütün bu qələbələr Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin parlaq zəkası, uğurlu siyasəti, şəhid və qazilərimizin canı-qanı bahasına əldə olunmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin!

Səfa Ağayev,
YAP İmişli rayon təşkilatının sədri