19 oktyabr 2023 23:16
350

Azərbaycan-Qırğızıstan münasibətləri yüksək inkişaf mərhələsində

Türkdilli dövlətlərlə münasibətlərin qurulması və inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin strateji xəttini təşkil edir. Dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan qurub yaradarkən Türk dövlətləri ilə əlaqələrə xüsusi önəm verir, bu istiqamətdə səylə çalışırdı. Məhz onun müəyyənləşdirdiyi təməllər üzərində inkişaf etdirilən bu əlaqələr hazırda özünün ən yüksək səviyyəsindədir. Eyni soy-kökə, dilə, dinə, ortaq mədəniyyətə malik olan Türk dövlətlərinin bir-birinə yaxınlaşmasında, əlaqələrin qurulmasında, bir sözlə, qardaşlaşmasında Heydər Əliyevin xidmətləri danılmazdır. Hər zaman qardaş ölkələr Ulu Öndərin Türk dünyasındakı rolunu yüksək qiymətləndirirlər. 

Bu dostluqlardan biri ölkəmizin Qırğızıstan ilə olan münasibətidir. Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixi kökləri var. Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası münasibətlərdə də daim öz müsbət təsirini göstərir. Əminik ki, ortaq köklərə, ortaq mədəni irsə malik olan qardaş xalqlarımız bütün sahələrdə – həm iqtisadiyyat, həm investisiya, nəqliyyat, energetika, mədəniyyət sahələrində xalqlarımızın rifahı və ölkələrimizin gələcəyi naminə iki qardaş kimi çiyin-çiyinə irəliləyəcək.

Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası keçirilib. Cənab Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında bildirib. “Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə olunmuş razılaşmalar yerinə yetirilir. Azərbaycan Qırğızıstanda investisiya layihələrini həyata keçirməyə başlayıb. Əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradılıb”, deyən dövlətimizin başçısı Qırğızıstan rəhbərliyini ölkənin sosial-iqtisadi inkişafında uğurları münasibətilə təbrik edib.

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılmasını xüsusi olaraq qeyd etmək lazımdır. Fond iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsində, iqtisadiyyatın modernləşdirilməsində mühüm rol oynayacaq, həmçinin investisiya sahəsində əməkdaşlığın aktivləşməsinə böyük təkan verəcək. Həmçinin əldə olunan razılaşmalar, imzalanan digər sənədlər bütün sahələrin - təhsil, mədəniyyət, texnologiya, nəqliyyat və digər sahələrin inkişafı üçün də səmərəli olacaq. Son zamanlar dünyada baş verən hadisələr zəmnində ölkəmizin tranzit imkanları daha da genişlənib, Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağına çevrilib. Bu baxımdan Qırğızıstanla əməkdaşlıq ölkələrimiz arasında ticarət əlaqələrini güclədirə bilər.

Bişkekdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılması bu dahi şəxsiyyətə olan ali ehtiramın göstəricisidir. Heydər Əliyev türk dünyası tarixində müstəsna xidmətləri olan dahi şəxsiyyətdir və ideyaları hər zaman yaşayacaq. Eyni zamanda onun siyasi irsi gələcək nəsillər üçün zəngin xəzinə, tükənməz sərvətdir. Bundan başqa, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına 103 saylı məktəbin açılması iki dövlət arasında döstluq münasibətlərini gücləndirəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Apartının məsul əməkdaşı