19 oktyabr 2023 23:54
334

Roma Papası II Fransisk narahat imiş…

Halbuki narahatçılığa heç bir əsas yoxdur, çünki bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir

44 günlük Vətən müharibəsi zamanı zati-müqəddəsləri, hörmətli Roma Papası II Fransisk həzrətləri yaman “narahat” idi. Hətta deyirdi ki, haqq- ədalət uğrunda müharibə yolverilməzdir. Sonra da bildirirdi ki, ermənilər acından “qırılır”, Laçın yolunu təcili açın… Bəli, hayların, demək olar ki, bütün şoularına ermənisayaq reaksiya verən Roma Papası II Fransisk indi də guya Qarabağdakı monastırlardan  və dini ibadət yerlərinidən “narahat” imiş. Hətta bununla bağlı çağırış da edib: “Qarabağdakı böhranla bağlı narahatlığım səngiməyib. Qaçqınların ağır humanitar vəziyyəti ilə yanaşı, mən bu bölgədəki monastırların və ibadət yerlərinin qorunması üçün xüsusi müraciət etmək istərdim”.

Görəsən,  Roma Papasını bu cür birtərəfli mövqe ortaya qoymağa nə vadar edir? Şübhəsiz, xristian təəssübkeşliyi, bir də yenidən ermənipərəst damarının tutması. Bunu sübut etmək üçün heç də uzaq tarixə müraciət etmək lazım deyil. Ötən əsrin sonlarında bir milyondan artıq soydaşımız erməni daşnakları tərəfindən öz yurd-yuva­larından vəhşicəsinə didərgin salınanda, çəkdikləri ahlardan dağların başı ağaranda, illərlə çadırlarda yaşayanda Roma Papası II Fransisk heç bir dəfə də Ermənistana, daşnaklara çağırış edib kəskin münasibətini bildirmədi. Sanki belə də olmalı imiş. Amma indi o, Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü tərk edən, lakin Ermənistan və havadarları tərəfindən heç bir əsas olmadan məcburi köçkün adlandırılan  bir ovuc erməni üçün  əl-ayağa düşüb.

 Roma Papası II Fransiskin çağırışından belə anlaşılır ki, guya müsəl­man Azərbaycan xristian erməniləri sıxışdırmaq yolu tutub. Halbuki, məsələ  heç də belə deyil. Yəqin Roma Papası bilməmiş deyil ki, bölgədəki erməniəsilli şəxslər üçün rəsmi Bakı hər cür şərait yaradıb. Amma onlar Ermənistanın baş nazirinin çağırışı, separatçıların təzyiqi və təkidi ilə ərazilərimizi tərk edirlər. Şübhəsiz,  II Fransisk həmişə dini-etnik şovinizmi təbliğ edən, regionda sülhə, sabitliyə və təh­lükəsizliyə təhdid törədən, separatizmi dəstəkləyən erməni katolikosu II Qareginin səsləndirdiyi fikirlərə istinadən belə  bir nəticəyə gəlib. Bu isə məsələyə yalnız hayların müstəvisindən yanaşmaq deməkdir.

Bölgədəki monastırların və ibadət yerlərinin qorunmasına gəldikdə isə… Yəqin Roma Papası  işğal zamanı Azərbaycanın Qarabağ bölgəsində İslam ziyarətgahlarının, həmçinin erməni kilsəsinə aid olmayan xristian dini abidələrinə qarşı hayların törətdikləri vandalizmdən xəbərdardır. Təkcə bir faktı xatırladaq ki, Ermənistan vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində 65 məscidi və çoxsaylı digər mədəni və dini abidələri dağıdıb. Hətta bu dinsizlər  məscidlərdən mal-qara və donuz saxlamaq üçün tövlə kimi istifadə ediblər. Bununla da azərbaycanlıların, eyni zamanda bütün dünya müsəlmanlarının heysiyyəti ilə oynayıblar.

Yeri gəlmişkən, vandallar həm də xristian tarixi-dini abidələrinə əl gəzdiriblər. Məsələn, işğal dövründə Kəlbəcər rayonunda yerləşən Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla Qafqaz Albaniyasına aid bir çox məbədlər də vandalizmə məruz qalıb. Amma dünya bütün bunlara səssiz qalıb. Halbuki, Azərbaycan beynəlxalq tədbirlərdə bu məsələni dəfələrlə qaldırıb. Amma heç bir dəfə bizim müraciətimizə cavab verilməyib? Doğrudur, müharibə gedən ölkədə dağıntılar, itkilər olmalıdır. Lakin ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında maddi və mədəni dəyərlərimizi, tarixi abidələrimizi bilərəkdən və kortəbii şəkildə məhv etmişlər.  Roma Papası II Fransiskin 2016-cı ilin oktyabr ayında Bakıya səfəri zamanı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanın San Marçellinio və Pietro katakombalarının əsaslı təmir və bərpa işlərindən söz açan Prezident İlham Əliyev demişdi: “Bizim bütün tarixi, dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Bizim məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib. Biz isə Bakıdakı erməni kilsəsini bərpa etdik. Bu kilsədə erməni dilində beş mindən çox kitab saxlanılır”. O zaman Roma Papası II Fransisk  bütün bunları qulaqardına vurdu. Amma indi o, azad edilmiş torpaqlardakı erməni xalqının dini irsi haqqında məsələ qaldırır. Bəs, bizim milli-dini irsimiz vandalizmə məruz qalanda niyə  səsini çıxarmırdı?

Rəsmi Bakı Qarabağ bölgəsinin Ermənistanın işğalından azad edilməsindən sonra orada olan bütün ibadət ocaqlarını  və digər abidələri dini mənsubiyyətindən asılı olmayaraq etibarlı mühafizə altına alıb və Ermənistan tərəfindən dağıdılmış həmin dini məkanların təmirinə başlayıb. Çünki “...bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir və onlar dövlət qayğısı ilə əhatə olunur” deyən Prezident İlham Əliyev Qarabağdakı xristian kilsələrinin hamısının Azərbaycanın tarixi irsi olduğunu dəfələrlə bildirib. Bu mənada Roma Papasının Qarabağda hazırda heç bir təhlükə ilə üzləşməyən xristian dini abidələri ilə bağlı çağırış etməsi üçün heç bir əsas yoxdur. Yaxşı olardı ki, Roma Papası II Fransisk  indiki Ermənistan ərazisində mövcud olmuş, lakin sonradan hayların dağıtdıqları 200-dən artıq məscidlə  və azərbaycanlılara məxsus digər tarixi-dini abidələrlə bağlı həyəcan təbili çalsın.

Qeyd edək ki, ölkəmizin ərazisində bütün dinlərə məxsus olan abidələr dövlət səviyyəsində qorunub, məscidlərlə yanaşı, sineqoqlar tikilib, yeni kilsələr inşa edilib. Hətta Bakı şəhərinin mərkəzində erməni kilsəsi dövlət tərəfindən qorunan abidələr siyahısına salınıb. Görəsən, Roma Papası II Fransisk tolerantlığın və multikulturalizmin hökm sürdüyü ölkəmizin bu dəyərlərindən nə vaxt söz açacaq? Daha doğrusu, nə zaman o, Azərbaycanı digər ölkələrə, o cümlədən Ermənistana nümunə kimi təqdim edəcək?

Qvami Məhəbbətoğlu, “İki sahil”