20 oktyabr 2023 00:14
245

İki qardaş Qarabağda çiyin-çiyinə!

Azərbaycan və Türkiyənin birgə taktiki hərbi təlimləri düşmənlərə gözdağıdır

Öz yenilməzliyini, qüdrətini, peşəkarlığını döyüş meydanlarında qazandığı qələbələrlə bütün dünyaya nümayiş etdirmiş rəşadətli ordumuz qürur yerimizdir. 2016-cı ildə aprel döyüşləri ilə startı verilmiş Zəfər marafonunun davamı olan 44 günlük Vətən müharibəsi və nəhayət, sentyabrın 20-də cəmi bir günə yekunlaşan lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə təmin edən Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, hərbi arsenalının müasir silah və texnika ilə yenilənməsi, həmçinin şəxsi heyətin yeni silahlardan məharətlə istifadə bacarığına yiyələnməsi dövlətimiz üçün prioritet istiqamətlərdən biri olaraq qalır. Çünki dünyanın güc mərkəzləri arasındakı rəqabətin artdığı, böyük dövlətlərin münaqişələri beynəlxalq qanunlarla deyil, dağıdıcı müharibələr vasitəsilə həll etməyə çalışdığı indiki dövrdə Azərbaycanın təhlükəsizliyini şərtləndirən ən mühüm amillərdən biri də məhz güclü ordudur. Cənubi Qafqazın müxtəlif ölkələrin maraqlarının toqquşduğu region olduğunu da nəzərə alsaq, Azərbaycanın öz müstəqilliyini, ərazi bütövlüyünü qoruması və daha da inkişafı naminə ordumuzun güclənməsi son dərəcə zəruridir. Üstəlik, Ermənistanla aparılan danışıqlar da hələ ki sülh müqaviləsinin imzalanması ilə yekunlaşmayıb, düşmən və onun havadarları ölkəmizə qarşı məkrli siyasətlərini davam etdirməyə çalışırlar. Odur ki,

Vətənin keşiyində hər an ayıq-sayıq dayanmış Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti daha da artırılmalıdır. Bu, zamanın tələbidir...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında qeyd etmişdi ki, biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq: “Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək. Bu gün də belədir, amma daha böyük işlər də görülməlidir. Hər halda Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır.”

Bu gün dövlət başçımızın dediyi kimi, ordu quruculuğu sahəsində daha böyük işlər görülür, ən müasir innovativ texnologiyaların tətbiq edilməsi ilə zəruri islahatlar, təkmilləşdirmə prosesi həyata keçirilir. Təsadüfi deyil ki, Vətən müharibəsinin başa çatmasından keçən üç il ərzində Silahlı Qüvvələrimizin maddi-texniki bazası daha da gücləndirilib, silah arsenalı təkmilləşdirilib, hərbi təhsil yeni mərhələyə qədəm qoyub, beynəlxalq hərbi əməkdaşlıq inkişaf etdirilib.

Son illər Azərbaycan Ordusunun qardaş Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində də ciddi islahatlar aparılıb. Mütəmadi olaraq iki ölkənin müxtəlif növ silahlı birləşmələrinin iştirakı ilə, bundan başqa Türk Dövlətləri Təşkilatına üzv digər ölkələrlə, həmçinin Pakistan və qonşu Gürcüstanla birgə davamlı ikitərəfli, çoxtərəfli təlimlər keçirilir.

Oktyabrın 23-də növbəti dəfə keçiriləcək Azərbaycan və Türkiyə ordularının birgə taktiki təlimləri isə öz əhəmiyyətinə görə əvvəlkilərdən fərqlənir. Çünki ilk dəfə olaraq iki qardaş ölkənin Silahlı Qüvvələri Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası ilə yanaşı, erməni işğalçılarından təmizlənmiş azad Qarabağ və Şərqi Zəngəzur torpaqlarında da təlimlərdə iştirak edəcəklər. Bu məqsədlə Türkiyənin birgə taktiki təlimə cəlb edilən Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri Azərbaycana gəlib və artıq təlimlərin hazırlıq mərhələsi başlayıb. Azərbaycan və türk əsgərinin eyni vaxtda, Qarabağda, Şərqi Zəngəzurda çiyin-çiyinə dayanaraq hərbi tapşırıqlar icra etməsi dolayısı ilə Ermənistana, ermənipərəst Fransaya və digər anti-Azərbaycan dairələrə verilən ciddi mesajdır. Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki hərbi təlimləri izləyən hər kəs bir daha görəcək və biləcək ki, qarşılarında iki dövlətin tək və yenilməz ordusu var.

Mahir Rəsuloğlu, “İki sahil”