20 oktyabr 2023 01:49
302

Keçmiş olsun, misterlər və müsyölər! ŞƏRH

«Xəyanətlər platforması», ikili standartlar, korrupsiya bataqlığı adlandırılan AŞPA kimi  ermənipərəst dairələrə   Azərbaycan xalqının birmənalı sözü budur

  Bəzi ermənipərəst dairələrin, beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətlərində ikili standartlar illərdən bəridir ki, eyni  koordinatlar istiqamətində davam edir. Dünya ölkələrinin  daha sıx təmsil olunduğu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, beşdən ibarət olmayan   Birləşmiş Millətlər Təşkilatı (BMT)  da daxil olmaqla ATƏT, AŞPA kimi demokratik dəyərləri, beynəlxalq hüquq normalarını   gücün, erməni lobbisinin  « korrupsiya qazanında  əridən»  dairələrin  ədalətsiz iş prinsipləri  çox zaman  etirazla qarşılanır.  Cari ilin 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını  qəbul edərkən  dünya dövlətlərinə qarşı   ayrı-seçkiliyə «Beynəlxalq institutların iş prinsipləri dəyişilməlidir» sözləri ilə münasibət  bildirən  Prezident İlham Əliyev oktyabrın 17-də,  «Füzuli Şəhəri Günü»”ndə  Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə   terrordan da təhlükəli olan ikili standartları dövlətlərin suverenliyinə təhdid adlandırıb. Müstəqil dövlət olan Azərbaycanın sosial, iqtisadi, siyasi, diplomatik uğurlarından bəhs edən dövlət başçımız bildirib ki, ermənipərəst təşkilatların ölkəmizə qarşı illərdən bəri  törətdikləri  təxribatlar, antidemokratik siyasətləri  reallığa əsaslanmadığı üçün  bu qurumların qəbul etdikləri  əsassız bəyanatlar, qətnamələr  xalqımız tərəfindən  birmənalı olaraq etirazla qarşılanır. «Ona görə heç kimdən asılı deyilik, heç kimdən heç nə istəmirik. Ona görə bəlkə də bəzi böyük dövlətlər bizdən narazıdırlar. Çünki onlar öyrəşiblər ki, gəlsinlər onların qabağında baş əysinlər, o da icazə versin, verməsin. Bəziləri hesab edirdilər ki, biz antiterror tədbirlərini apararkən heç kimdən soruşmamışıq. Yəni, biz kimdən soruşmalıyıq?! Nəyi soruşmalıyıq?! Bəziləri indi deyirlər ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq. Bu da qəribədir ki, bir qrup ölkə özünü beynəlxalq ictimaiyyət sayır. Axı, beynəlxalq ictimaiyyət deyəndə, 200-dən çox ölkə var, 20-30 ölkə beynəlxalq ictimaiyyət sayıla bilməz. Onlar elə öyrəşiblər, özlərindən başqa heç kimi ictimaiyyət saymırlar və belə bir ittiham indi irəli sürülür ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq, antiterror tədbirləri keçirməklə onları aldatmışıq. Bu, çox zərərli məntiqdir. Biz öz doğma torpağımızda suverenliyi bərpa etmişik haqlı olaraq, bütün norma və prinsiplərə, beynəlxalq müstəvidə təsbit olunan prinsiplərə uyğun şəkildə. İndi bizi ittiham etməyə heç kimin haqqı yoxdur. Düzdür, cəhdlər var, yəqin ki, siz də izləyirsiniz, olub və olacaq» söyləyən Prezident İlham Əliyev dövlətçilik təcrübəsi, liderlik məharəti, insani keyfiyyətləri ilə  belə cılız düşüncəlilərdən üstün olduğunu dəfələrlə sübut edib. 

 Azərbaycana qarşı böhtan kampaniyalarında daha çox canfəşanlıq edən, daşnak lobbisinin maliyyələşdirdiyi AŞPA-nın, korrupsiya əməlləri sübuta  yetirilən  Avropa Parlamentinin ermənipərəst  deputatlarının  iştirakı ilə ölkəmiz əleyhinə qəbul olunan əsassız sənədlərin nəticəsi idi ki, artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin həlli 30 ildən sonra mümkün oldu.  Maraqlı dövlətlər tərəfindən bilərəkdən yaradılan « münaqişə»  ilə bağlı bütün sənədlərdə  Ermənistanın təcavüzkarlıq, etnik təmizləmə,  separatçılıq əməlləri dəstəklənir, haqlı  tərəf kimi torpaqlarının bərpası uğrunda mübarizə aparan  Azərbaycandan müstəqilliyimizə təhlükə yaradan  bəzi güzəştlərlə razılaşmaq tələb olunurdu. Artıq həmin dairələrə qalib  Azərbaycanın birmənalı və tutarlı sözü  budur: Keçmiş olsun!

 Amma qətiyyətli, prinsipial, düşünülmüş siyasəti ilə  ən təhlükəli zamanlarda  ölkəmizə qarşı bütün təhdidlərin qarşısını alan Prezident İlham Əliyev  həmin təşkilatlardan daha demokratik, ədalətli, humanist, beynəlxalq hüquqa hörmətlə yanaşan siyasətçi  olduğunu bütün dünyaya bəyan etdi. İkinci Qarabağ müharibəsindəki Qələbəmizi sükutla qarşılayan AŞPA  Ermənistana dəstəyini  2023-cü il sentyabrın 19-da  «Dağlıq Qarabağda humanitar vəziyyət»” adlı tövsiyəsi ilə də  bildirib. Həmişəki ənənəsinə sadiq qalan qurumun sənədində  yenə də saxta  arqumentlərə əsaslanılaraq qeyd edilib ki,   guya Qarabağın erməni əhalisi fiziki «məhv olmaq” təhlükəsi» və Azərbaycanın hakimiyyətinin «ermənifobiya siyasəti»” səbəbindən öz «vətənini!?» tərk edir. Amma  ermənilərin  Laçın sərhəd- keçid məntəqəsindən öz maşınları, onlar üçün ayrılmış nəqliyyat vasitələri ilə sərbəst  getdiklərini  təsdiqləyən mənzərələri, erməni separatçılarının işğaldan aza olunmuş Azərbaycan ərazilərində basdırdıqları minaların qurbanı olan  günahsız soydaşlarımızın acı taleyini  xatırlamaq nədənsə «yada düşməyib.» Qərbi Azərbaycandan Ermənistanın etnik siyasətinin qurbanı kimi, qovulan, Xocalı soyqırımında  qətlə yetirilən, qışın şaxtasında meşələrdə  soyuqdan donan azərbaycanlıların  kütləvi qırğınlarını  xatırlamaq istəmirlər.

 Bununla kifayətlənməyən  AŞPA  oktyabrın 12-də Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqətdən  uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan, qərəz və yalanlardan qaynaqlanan qətnamə və tövsiyə sənədi qəbul edib.  Təbii ki,Azərbaycanın AŞPA-da təmsil olunan  nümayəndə heyəti bununla bağlı etiraz bəyanatı yayıb.  Erməni təəssübünü növbəti dəfə gündəmə gətirən  gözü kor, qulağı kar avropalı parlamentarilər  regionda mövcud  münaqişənin kökündə  Ermənistanın  ölkəmizə  qarşı ərazi iddialarının, təcavüzün, hərbi cinayətlərin, terrorların dayandığını qeyd etməyi «unudublar.» Bu, əslində, Avropa Şurasının Azərbaycana göstərdiyi ədalətsiz yanaşmanın növbəti təzahürüdür. Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədləri təhrif edilərək, ölkəmizə qarşı əsassız iddialar səsləndirilir, qanunsuz erməni hərbi birləşmələrinin təxribatları təbii qəbul edilir.

 Qarabağ regionunun erməniəsilli sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqtasiyası istiqamətində atılan addımlar təhrif edilərək
 Ermənistanla Azərbaycan arasında davamlı sülhün imzalanmasına əlavə  maneələr yaradılır. Fransa başda olmaqla Avropanın bir sıra digər ölkələrinin ermənipərəst siyasətçilərinin  erməni lobbisinin əlində vasitə olması faktı bir daha təsdiqlənir. Azərbaycanın regionda sülhyaratma prosesindəki qətiyyətinə , haqq işinə süni əngəllər törədilir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəfi  iqtisadi qüdrəti ilə  dünyada tanınan, diplomatik səyləri dəstəklənən, hərbi gücü artan, multikultural, bəşəri və insani dəyərlərə hörmətlə yanaşan Azərbaycana qarşı  təxribatları pərdələmək, Ermənistanın xunta rejiminin hərbi cinayətlərinə göz yummaqdır. Avropa Şurasının bu cür ədalətsiz ayrı-seçkiliyinə «Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır» sözləri ilə etiraz edən Prezident   İlham Əliyev Avropa Şurasının ölkəmizə qarşı  təzyiqlərinə,  qərbin ikili standartlarına, təhdidlərinə  siyasi iradəsi ilə cavab verir.
 «Xəyanət platformaları» kimi tanınan, fəaliyyətlərini ədalət, insanlıq  prinsipləri əsasında deyil, yalan, böhtan, təxribatlar  üzərində quran  bu təşkilatlar, «beyin iflici»” keçirən, can verməkdə olan  Qərb  antidemokratik  əməllərini kənardan seyr etsə  kimlərə və hansı məqsədlərə xidmət etdiyini aydın görər.

Xuraman İsmayılqızı, «İki sahil»