19 oktyabr 2023 14:01
249

Xankəndi şəhərində Prezident İlham Əliyev tarixə nəzər salaraq mühüm faktları açıqladı

20 il əvvəl Prezident seçilmiş cənab İlham Əliyev xalqa müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısı qarşısına bir nömrəli vəzifə qoymuşdu ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı.

15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyev son 20 il ərzində əldə edilmiş uğurlardan bəhs etdi. Ölkə başçısı bildirdi ki, biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərdi. Prezident İlham Əliyev qeyd etdi ki, elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi.

Antiterror tədbirlərinin qaçılmaz olmasına diqqət çəkən ölkə başçısı xatırlatdı ki,  Ermənistan bir qarış torpaq belə qaytarmaq fikrində deyildi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın.

Xankəndinin mərkəzində Azərbaycan Gerbi və Bayrağı altında olmağın böyük xoşbəxtlik və tarixi hadisə olduğunu vurğulayan Prezident İlham Əliyev bütün bu uğurların məhz “Heydər Əliyev İli”ndə baş verdiyini qeyd etdi. Ölkə başçısı bildirdi ki, Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir. Ulu Öndərin 100 illiyini hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etmək bizim üçün böyük rəmzi məna daşıyır.

Xankəndi şəhərində Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyev tarixə nəzər salaraq mühüm faktları da xatırlatdı. Ölkə başçısı bildirdi ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi. Bu gün Azərbaycana ən çox düşmənçilik edən o ölkələrdir ki, 1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Bu 30 il ərzində heç nə dəyişməyib. Xalqımız böyük faciələrlə üzləşmiş, 1 milyon insan evsiz-eşiksiz qalmış, torpaqlarımız tamamilə dağıdılmışdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür.

Prezident İlham Əliyev bir vaxtlar azərbaycanlılarla ermənilərin dostluq şəraitində yaşadıqlarını da xatırlatdı. Ulu Öndər Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmiş, 1969-cu ildən 1982-ci ilə qədər bir dənə də xoşagəlməz hala rast gəlinməmişdi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bölgənin, kənd təsərrüfatının inkişafı üçün 1976-cı ildə Sərsəng su anbarı, Suqovuşan su anbarı inşa edilmişdir. O vaxt böyük investisiyalar qoyulmuşdu. Ağdamdan Xankəndiyə dəmir yolu çəkilmiş, burada ali məktəb yaradılmış və Xankəndidə bu gün olan binaların mütləq əksəriyyəti məhz o illərdə inşa edilmişdir.

Xankəndi şəhərində Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyev qondarma respublikasının rəhbərliyində olanların aqibətini xatırladaraq bildirdi ki, özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Ermənistanın bütün revanşist qüvvələri də mövcud reallığı qəbul etməlidir.Revanşistlər Vətən müharibəsini, antiterror tədbirlərini unutmasınlar. Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, onlar öz aqibətini bilməlidirlər.

Cavid Osmanov,

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı