19 oktyabr 2023 12:16
277

Füzulinin əbədi azadlıq günü

Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərinin Ermənistanın 27 illik işğalından azad olunması şanlı Ordumuz tərəfindən üç il öncə - 17 oktyabr 2020-ci ildə həyata keçirildi. Həmin gün Ermənistan Gəncəni 5-ci dəfə raket atəşinə tutmuşdu. Beləliklə, Füzuli şəhərinin azad olunması 27 illik işğala son verilməsi ilə yanaşı Ermənistanın təxribatlarına tutarlı cavab dəyərini də daşımış oldu.

Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən oldu. Hər kəs bilir ki, 30 il içində düşmən təmas xəttində yetərincə möhkəm istehkam qurmuşdu. Füzulinin azad olunması mümkünsüzün mümkün edilməsi kateqoriyasında bir hadisə dəyərindədir. Müzəffər Silahlı Qüvvələrimiz öz Ali Baş Komandanının etimadını, xalqın və dövlətin etimadını Füzulini azad etməklə bir daha yüksək səviyyədə doğrultdu! Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmənin dirənişi qırıldı, nəhayət, son mərhələdə silahlarını yerə qoyan işğalçılar qaçmağa məcbur qaldı. İstər 44 günlük müharibədə, istərsə də Füzuli döyüşlərində bir əsgəri belə fərarilik etməyən, yaralısı da irəli atılan, şəhid olan döyüş yoldaşını çiynində daşıya-daşıya hücumu davam etdirən şanlı Azərbaycan Ordusu meydandaydı! Azərbaycan Ordusu xarici dəstəyə bel bağlamadan, necə deyərlər, öz daxili resursları hesabına, öz Ali Baş Komandanına, dövlətinə, xalqına sədaqəti hesabına tarixi Zəfərə imza atdı! Füzuli şəhərinin qurtuluşu bu tarixi Zəfərdə ən önəmli günlərdəndir!

Səfa Ağayev,
YAP İmişli rayon təşkilatının sədri