19 oktyabr 2023 11:41
514

Azad Füzuli rayonunda böyük quruculuq işləri həyata keçirilir - ŞƏRH

“Oktyabrın 17-də Füzuli şəhərinin erməni işğalından azad edilməsinin üç ili tamam oldu. Artıq digər bölgələrimiz kimi Füzulinin də işğal tarixini deyil, işğaldan azad edilməsi tarixini qeyd edirik. Bu, bütün xalqımız üçün qürurverici haldır”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Füzuli rayonunun işğal olunması 1993-cü ildə ölkəmizdə daxili qeyri-sabitliyin hökm sürdüyü şəraitdə baş vermişdi. Amma həmin il ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olundu. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun digər  yaşayış məntəqələri işğaldan azad edildi. Bu il oktyabrın 17-də isə “Füzuli Şəhəri Günü” məhz Füzuli şəhərində ilk dəfə qeyd olundu. Erməni vandallığının bariz nümunələrindən biri Füzuli şəhərinin tamamilə dağıdılmasıdır. Bu şəhər işğaldan azad olunan gün üçrəngli bayrağızımın ucaldılması üçün salamat bina yox idi. Bu böyük yaşayış məntəqəsi yer üzündən silinmişdi. Prezident İlham Əliyev də oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə xatırladıb ki, Füzuli azad olunanda bir salamat bina tapa bilmədik ki, Bayrağımızı qaldıraq, bir hərbi hissədən başqa: “Onun da həyətində dirəkdə Bayrağımızı ucaltdıq və buraya ilk dəfə gələndə, vallah, hər bir azərbaycanlı kimi adamın ürəyi ağrıyırdı, məəttəl qalırdı, dəhşətə gəlirdi insan ki, bu dərəcədə düşmənçiliyin mənbəyi nədir?! Axı biz ermənilərə nə etmişdik?! Biz onlarla yanbayan yaşamışdıq. Onlar bizim çörəyimizi yeyiblər, bizim hesabımıza onlar üçün şəhərlər, kəndlər qurulmuşdu, infrastruktur yaradılmışdı. Sovet dövründə bütün bu işlərin hamısı Azərbaycan büdcəsi hesabına görülmüşdür. İnsanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq, görünür, onların ürəyində olan o qara ləkələr idi. Biz onu bilməmişik o vaxt”.

Millət vəkilinin sözlərinə görə, Ermənistanın törətdiyi cinayətlərin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində  bütün cəmiyyətimiz fəallıq göstərir. Məlumdur ki, işğaldan azad olunmuş ərazilərimizə diplomatik korpusun nümayəndələrinin, yerli və xarici KİV-lərin, eləcə də müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin səfərləri təşkil olunur. Bu səfərlərin təşkil olunmasının məqsədi erməni vandalizminin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Eyni zamanda, erməni vandalizmi, işğal dövründə xalqımızın çəkdiyi ağrı-acılar heç vaxt unudula bilməz. Bütün bunlar qan yaddaşı olaraq daim xatırlanacaq. Dövlətimizin başçısı sözügedən görüşdə bununla bağlı bildirib: “Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün bu məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb. İnanıb ki, bu gün gələcək, biz burada durub sizinlə bu bayram gününü qeyd edəcəyik”. Bu hadisələrin unudulmaması, gələcək nəsillərə çatdırılması üçün lazımi addımlar atılmalıdır.

Fatma Yıldırım qeyd edib ki, hazırda Füzuli rayonunda böyük quruculuq işləri həyata keçirilir. Bu işlər cənab Prezidentin şəxsi nəzarətindədir. Hazırda Füzuli şəhərində bir sıra obyektlərin tikintisi davam etdirilir. Hazırda təxminən 800 insan Füzuli şəhərində yaşayır, ilin sonuna kimi onların sayı 2 min nəfər olacaq. Birinci Dövlət Proqramına əsasən 2026-cı ildə Füzuli rayonunda 22 min sakin insan məskunlaşdırılacaq. Dövlətimiizn başçısı bu barədə Füzuli şəhərinin sakinlərilə görüşündə məlumat verdi. Beləliklə, işğaldan azad olunmuş ərazilərimizi və onların əhalisini qarşıda gözəl və firəvan günlər gözləyir.