19 oktyabr 2023 01:14
240

Absurd “sülh” teatrı: Təlxək Paşinyan və korrupsioner avroparlamentarilər səhnədə

Maraqlıdır, bu məzhəkənin təşkili  üçün Avropa Parlamentinə nə qədər “kirayə  pulu” ödənilib?

Oktyabrın 17-də məğlub Ermənistanın “kapitulyant” (ifadə haylara məxsusdur) baş naziri Nikol Paşinyan sülh göyərçini obrazında Avropa Parlamentinin (AP) kürsüsündən “barış çağırışları” edir, hökümətinin ikiüzlü və xəyanətkar siyasətinə sadiq qalaraq bölgədəki vəziyyəti öz xislətinə uyğun təqdim etdi. Nikol Paşinyanın Azərbaycana qarşı böhtan, qarayaxma və təxribat xarakterli qərarlar qəbul etmək və addımlar atmaq üzrə ixtisaslaşmış Avropa Parlamentində  səsləndirərək “qoca qitə”nin parlamentariləri tərəfindən xüsusi bir nəvaziş və tayfa təəsübkeşliyi ilə qarşılanması, eləcə də sözügedən şəxsin mif və əfsanələrdən, klassik erməni yalanlarından ibarət çıxışının  korrupsioner deputatlar tərəfindən bəh-bəhlə alqışlanması ikrah doğurur.

Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentində çıxışı təzadlarla dolu idi. Onun səsləndirdiyi bəyanat, növbəti dəfə bu ölkənin Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi.

Avropa Parlamentinin tribunasından bu fikirlərin səsləndirilməsi təsadüfi deyil. Bu həmin parlamentdir ki, Qarabağda baş verən hadisələrlə bağlı oktyabrın 5-də Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsini, habelə Bakı ilə əməkdaşlığa yenidən baxılmasını və Azərbaycan qazından asılılığın azaldılmasını nəzərdə tutan qətnamə qəbul edib. Sözügedən qətnamənin icrası hüquqi baxımdan məcburi olmasa da, bu cür qərəzli “sənəd”in qəbul edilməsi AP-ın ikiüzlü siyasətini bir daha təsdiq edir. Ümumilikdə, qurumun fəaliyyətinə nəzər yetirdikdə, onun Avropa məkanında ölkəmizə qarşı təbliğatla məşğul olan təşkilata çevrildiyini açıq şəkildə görmək mümkündür.

Görünən odur ki, Avropa Parlamenti erməni lobbisinin maliyyəsinin girovuna çevrilib. Bu qurum üçün beynəlxalq hüquq yox, erməni lobbisinin sifarişləri vacibdir. Lakin nə olursa-olsun, Avropa Parlamentinin qərəzli qətnamələri Azərbaycanı heç vaxt öz yolundan döndərə bilməz. Dövlətimiz öz suverən ərazilərinin bütövlüyünü  qorumaq iqtidarındadır. Reallıq budur ki, çirkli pullar müqabilində Ermənistan və erməni diasporu da daxil olmaqla ayrı-ayrı ölkələrin, təsisatların nüfuz müvəkkliyini yerinə yetirən parlamentarilərin “meydan suladığı” Avropa Parlamenti öz nüfuzunu çoxdan itirib və parlamentarizm prinsipləri ilə deyil, maraqlarla idarə olunur.  Gözləri qatı iqrçilik, islamafobiya və ksenofobiya pərdəsi ilə örtülmüş Avropa parlamentariləri, erməni vəhşiliyinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki qanlı izlərini görmür, bəşər tarixinin ən utancverici mənzərəsinə nəzər salmaq, münasibət bildirmək istəmirlər.

Qurumun bu  davranışlarından “məmnun” görünən Ermənistanın baş naziri  Nikol Paşinyan ənənəsinə davam edərək Azərbaycana qarşı   səsləndirdiyi əsassız iddialar da onu göstərir ki, Paşinyanın AP-dakı çıxışı bütünlüklə yalan üzərində qurulmuşdu.

Paşinyan Avropa Parlamentində 44 günlük müharibə dövründə Ermənistanın Gəncə əhalisinə qarşı terror hücumunun üçüncü ildönümü günündə çıxış etdi. Yəqin ki, bu təsadüf deyil, Avropa Parlamenti ilə Ermənistanın düşünülmüş addımıdır. Bu faktlar göstərir ki, Avropa Parlamenti bu müharibə cinayətlərini törətmiş Ermənistanla həmrəydir. Müharibə cinayətləri törətmiş ölkənin başçısına yüksək “qonaqpərvərlik” göstərmək və onunla həmrəylik ifadə etmək, əslində, bu ölkənin cinayətlərinə dəstək vermək deməkdir. Bununla da Avropa Parlamenti bir daha gerçək simasını nümayiş etdirmiş oldu. 

Hadisələrin gedişatı Avropa Parlamentinin demokratik dəyərlərdən, obyektivlikdən və beynəlxalq hüquqdan tamamilə uzaq olduğunu göstərir, həmçinin bölgədə gedən proseslərdə işğalçıya dəstək verilməsinə xidmət edir. Görünən odur ki, Avropa Parlamentinin 30 il Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən bir ölkənin rəhbərini “qoynunda bəsləyir” və bunu eləməkdən nə utanır, nə də yorulur.

Bu gün AP islamofob, Azərbaycanofob qüvvələrin, riayakar və erməni lobbisi qarşısında rəzil durumda olan, ədalətdən və beynəlxalq hüquqdan uzaq bir toplumun yığıncaq yerinə çevrilib. Bu qurumun işi ancaq demokratiya şüarı altında düşmənçilik, ikiüzlülük və gərginlik toxumunu səpməkdən ibarətdir. Son illər, xüsusilə üç il əvvəl Ermənistan üzərindəki parlaq Qələbəmizdən sonra Avropa Parlamenti ölkəmizə qarşı qeyri-obyektiv və ədalətsiz mövqeyini açıq şəkildə nümayiş etdirir. Burada təmsil olunan deputatlar Azərbaycanın öz ərazisində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri, Qarabağ bölgəsində suverenliyimizin tam bərpa olunması, münaqişənin ta­rixə qovuşması ilə heç cür barışa bil­mirlər. Mayası siyasi riyakarlıqdan, yalan və böhtandan tutulmuş Avropa Parlamenti qeyri-obyektivliyindən əl çəkmir, sanki ermənipərəstliyindən “qürur duyduğunu” nümayiş etdirir. Açıq-aydın hiss olunur ki, AP-i özünün maliyyə rıçaqlarını möhkəmləndirmək üçün kimlərinsə, xüsusilə Fransa və erməni lobbisinin əllərində alətə çevrilib. Necə deyərlər, onların çaldıqları hər havaya oynayır.

Son zamanlar Avropa Parlamentinin rəhbərliyində korrupsiya faktlarının aşkara çıxarılması, bu təşkilatın sifarişlər əsasında qətnamələr hazırlamasının bariz nümunəsi kimi qiymətləndirilə bilər. İkili standartlar, məsələlərə ikili standartlar prizmasından yanaşma, reallıqları gözə almamaq və işğalçıya dəstək artıq çoxdan bu təşkilatın fəaliyyət prinsipinə çevrilib. Ən maraqlısı budur ki, Avropa məkanının bir sıra iqtisadi və təhlükəsizlik yönümlü təşkilat və institutları Azərbaycanla enerji təminatı sahəsinə əməkdaşlıq etdiyi halda, Avropa İttifaqı Brüssel sülh gündəliyi çərçivəsində ölkəmizin mövqeyini dəstəklədiyi bir zamanda, bunun əksinə olaraq AP tərəfindən belə qərəzli mövqe nümayiş etdirilir. Təəssüf. Çox təəssüf...

Yaqut Ağaşahqızı, “İki sahil”