19 oktyabr 2023 01:35
395

Qərbin ədalətdən dəm vurmağa haqqı yoxdur

Qərb və onun tabeliyində olan strukturlar üçün qərəz, ikili standartlar prioritet siyasət kimi qalmaqdadır. Görünən odur ki, İkinci Qarabağ müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqları ermənipərəst Qərb dairələri heç cür həzm edə bilmirlər. Seperatçı, işğalçı ölkəyə dəstək verən bu qüvvələr anlamırlar ki, regionda sülhə əngəl törədirlər.

Bu gün guya Qarabağ ermənilərinin qayğısına qalan, mövcud vəziyyətdən narahatlıq keçirən Avropa ölkələri 90-cı illərdə Ermənistanın işğalı nəticəsində Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün yaranmasından, humanitar fəlakətdən niyə narahatlıq keçirmirdilər? Halbuki, bu gün rahat, təhlükəsiz və ən əsası öz xoşu ilə Qarabağı tərk edənlərin tam əksinə olaraq 30 il qabaq azərbaycanlılar ayaqyalın, əyni çılpaq, ölüm qorxusu altında, hər şeylərini arxada buraxaraq dədə-baba yurdlarından misli görünməmiş vəhşiliklə qovulmuşdular. Dünyanın gözləri qarşısında baş vermiş bu haqsızlıq sükutla qarşılanmışdı. Əksinə, Ermənistan külli miqdarda humanitar yardım almış, Azərbaycana qarşı ABŞ Konqresi tərəfindən isə “Azadlığı Müdafiə Aktı”na “907-ci düzəliş” adlı qeyri-insani münasibət göstərilmişdi. Bu gün Ermənistana yardım edən həmin donor təşkilatlar Azərbaycanı görməzdən gəlirdilər və bir milyona yaxın insanın taleyinə qarşı biganəlikdən başqa heç nə nümayiş etdirmirdilər. Bu gün də ölkəmizdə yüz minlərlə hələ də öz evinə, torpağına qayıda bilməyən insanlar var ki, ötən 30 ildə bir dəfə də olsun donor təşkilatların yadına düşməyiblər. Onlara hər hansı bir humanitar yardım göstərilmir. Halbuki onlar Ermənistanın əsl etnik təmizləmə siyasətinin qurbanına çevrilmişdilər. Onlar öz dədə-baba yurdlarında, öz evlərində yaşamaq hüquqlarından məhrum edilmişdilər. Amma bu gün Qarabağdan çıxan ermənilərə yardım üçün Qərb təsisatları sıraya düzülüblər. Bu ayrı-seçkilik ikili standartların bariz nümunəsidir.

Qərb strukturları və təşkilatlarının Azərbaycana qərəzli münasibətdə və ikili standartlara əsaslanan mövqe tutduqlarına dair istənilən qədər fakt mövcuddur. Əvvəla Azərbaycan vaxtilə dəfələrlə işğaldan azad olunan torpaqlarına UNESCO və digər BMT institutlarını dəvət etsə də, heç biri gəlmək istəməyib. Onlar Ermənistanın 30 illik işğal dövründə torpaqlarımızda törətdikləri vandalizmi öz gözləri ilə görməkdən imtina ediblər. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarması barədə dörd qətnamə qəbul etsə də, işğalçı ölkə 27 il həmin sənədlərin bir bəndini belə yerinə yetirməyib. Əksinə, rəsmi İrəvan işğal etdiyi Azərbaycan torpaqlarında talanlar, süni məskunlaşdırma, təbii sərvətlərin qarət olunması, mədəni, tarixi, dini abidələrin dağıdılması və başqa cinayətkar əməllər törədib.

Bütün dünyanın gözü qarşısında bizim mədəni və dini irsimiz məhv edilir, şəhərlər və kəndlər məqsədyönlü şəkildə dağıdılırdı. Uzun illər Qarabağda məscidlərin və digər abidələrin dağıdılmasına, azərbaycanlıların ən vəhşi üsullarla qətlə yetirilməsinə, onlara zərər vurulmasına, mina probleminə, itkin düşmüş şəxslər məsələsinə də göz yumdular. Halbuki, rəsmi Bakı dəfələrlə bununla bağlı məsələni gündəmə gətirib.

Belə bir fakt da var ki, Ermənistan 30 illik işğal zamanı BMT-ni ölkə ərazisinə buraxmadığı halda, ona qarşı heç bir sanksiya və qətnamə qəbul edilməyib. Əvəzində Azərbaycanda qalıb monitorinq etmək istəyirlər, yəni, bu məsələlərdə də açıq diskriminasiya hökm sürür. BMT-nin himayəsində olan UNESCO və əlaqədar təşkilatlar hazırda Ermənistan ərazisi olan əzəli Azərbaycan torpaqlarında - Qərbi Azərbaycanda xalqımıza məxsus mədəni və tarixi irsin məhv edilməsinin qarşısının alınması, qalan irsin qoruması, qaçqınların geriyə dönüşü barədə Azərbaycanın təkliflərini də nəzərə almadılar. Əvəzində isə xristian təəssübkeşliyindən çıxış edib, qərəzli və böhtan dolu dinləmə keçirməyə üstünlük veriblər.

Yekun olaraq, Qərbin insan haqları və hüquqlarından dəm vuran təşkilatları nə qədər ki Azərbaycana qarşı ikili yanaşmaya, qərəzə son qoymayıb, ədalətdən danışmağa haqqı yoxdur.

Nigar Orucova, “İki sahil”