18 oktyabr 2023 23:47
234

Paşinyanın ruh əkizi

Fuad Qəhrəmanlı niyə erməniləri müdafiə etməyə məhkumdur?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının son bir neçə ildəki statuslarını oxuyanda düşünürsən ki, bu adamın fəaliyyəti kodlaşdırılıb və vəzifəsi ancaq Azərbaycan xalqının və dövlətinin əleyhinə iftiralar yağdırmaqdır.  Ümumiyyətlə, hiss edilir ki, dağıdıcı müxalifətin fuqksionerlərini narahat edən əsas məsələ Azərbaycanın Cənubi Qafqazdakı indiki mövqe üstünlüyü və Ermənistanın hərbi və geosiyasi məğlubiyyətidir.  Xüsusilə AXCP sədri Əli Kərimlinin özü və trolları dəyişməz ənənələrinə sadiq qalaraq Azərbaycan dövləti əleyhinə  sosial şəbəkələrdə çox iyrənc böhtanlar  tirajlamaqla ermənilərə day-dayılıq etməyə çalışırlar.

Məsələn, ötən gün Fuad Qəhrəmanlı statusunda yazıb: «Paşinyan bildirib ki, bu ilin  sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. O, həmçinin deyib ki, Ermənistan Mehridən keçən dəmir yolunu da bərpa etməyə hazırdır. Qarabağ məsələsinin həllindən sonra sülh müqaviləsinin imzalanması ilk növbədə Azərbaycanın marağında olmalıdır.

İndi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması üçün heç bir səbəb, bəhanə qalmayıb. Bu gün Paşinyan deyib ki, o Mehridən dəmir yolunun çəkilişinə də razıdır. Bu da Zəngəzur yolu. İndi sülh müqaviləsindən imtina etmək və ya onun imzalanmasını uzatmaq yalnız və yalnız Rusiyanın maraqlarına xidmət edir.»

Bu gerizəkalı davranışları ilə adamda belə təəssürat yaradır ki, sanki Ermənistanın baş naziri Nikol Paşinyanın vəkilidir. Təbii ki, Qəhrəmanlı Paşinyanın Avropadakı avantürist çıxışlarını ona görə dəstəkləyir ki, aldıqları və alacaqları qrant məsələlərində onlardan asılı vəziyyətə düşüblər. Digər tərəfdən, o, hələ də anlamır ki, Paşinyan bir siyasətçi kimi boşboğazdır. O dünən də timash göz yaşları axıdıb, bu gün də axıdır...

Əsl reallıq isə belədir ki, İkinci Qarabağ müharibəsindən sonra sülh sazişinin bağlanmasını daha çox istəyən tərəf Azərbaycandır. Bu istiqamətdə hətta həm Brüsseldə, həm Praqada, həm də Kişineauda ilkin razılaşmalar da olub. Lakin Ermənistanın baş naziri İrəvana qayıdan kimi verdiyi sözdən imtina edib.

Əziz oxucular, ölkəmiz və o cümlədən region üçün  son bir ayın möhtəşəm hadisələrinə şahidlik edirik. Bunlar Xankəndidəki separatçı- terrorçu xuntanın süqutu, müharibə canilərinin həbs edilərək Bakıya gətirilmələri və ən nəhayət, Ali Baş Komandanımız İlham Əliyevin Xankəndidə. Ağdərədə, Xocalıda Azərbaycan bayrağını ucaltmasıdır. Bütün Azərbaycanı və türk dünyasını sevindirən, düşmənlərimizi isə məyus edən bu tarixi hadisələrdən bir kəlmə də yazmayan, hətta bəzi hallarda bu uğurlarımıza qısqanclıqla yanaşan əli kərimlilərdən, fuad qəhrəmanlılardan vətənpərvərlikdən başqa nə desən gözləmək olar…

Burada digər bir məqama da diqqət yetirmək lazımdır. Belə ki, Fuad Qəhrəmanlı sosial şəbəkədəki statuslarında Nikol Paşinyanın oktyabrın 17-də Avorpa Parlamentindəki anti-Azərbaycan çıxışlarına qətiyyən toxunmur, bu barədə bir kəlmə də yazmır. Halbuki, Paşinyan orada göz yaşları tökərək ölkəmiz haqqında uydurduğu yalan və böhtanları avropalılara sırımağa çalışırdı. Hətta o, həyasızcasına iddia edirdi ki, guya Azərbaycan hələ də onları blokadada saxlayır və Azərbaycan Ordusu erməni torpaqlarını işğal  etməyə hazırlaşır.

Anlaşılan odur ki, Paşinyan kimi, Fuad Qəhrəmanlı da anti-Azərbaycan fəaliyyətlərdən zövq alır. Bu isə onun Nikolla ruh əkizliyini göstərən mühüm əlamətlərdir.

Elçin Zaman, «İki sahil»