18 oktyabr 2023 23:35
245

Fransa “kiçik bacı”sını hara aparır?

Erməni bloger: Parisə bir şey lazımdır: Ermənistan-Azərbaycan münaqişəsi heç vaxt səngiməsin

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun Ermənistan üzərindəki tarixi Qələbəsi anti-Azərbaycan, ermənipərəst qüvvələri, xüsusilə işğalçılıqda Ermənistandan heç də geri qalmayan Fransa kimi siyasi riyakar dövlətləri ciddi narahat edir. Bu səbəbdəndir ki, Fransa Ermənistanın təhlükəsizliyində rolunu artırmaq istiqamətində aktiv addımlar atır. ABŞ-ın ardınca rəsmi Paris də təlim adı altında Ermənistana hərbçilərini göndərib. İlkin olaraq 56 fransız hərbçi İrəvana göndərilib. Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi bildirib ki, fransız hərbçilər "HOPE FSX2023" təlimlərində iştirak edəcəklər.

Məlumata görə, Ermənistana “Dash” tipli iki təyyarə, 8 ton avadanlıq göndərilib. Təlimlərdə Fransa, Yunanıstan, Monteneqro, Şimali Makedoniya və s. ölkələr iştirak edəcək. Hərbi heyətin “mülki təhlükəsizlik” təlimlərində iştirak etmək üçün Ermənistana gəldiyi vurğulansa da bu, fakt rəsmi Parisin İrəvanla hərbi əməkdaşlığı fonunda diqqət çəkir. Keçmiş müstəmləkələrindən biabırçılıqla qovulan Fransa, görünür, Ermənistanda hərbi iştirakını qətiləşdirməkdə israrlıdır. Cənubi Qafqazda sülh prosesinə əngəl olmaqda davam edən rəsmi Parisin Ermənistanı ən müasir silahlarla təchiz etməsi də bundan xəbər verir. Yeri gəlmişkən, Fransanın bölgə ilə bağlı planları, eləcə də destruktiv mövqeyinə dünyaca məşhur “EurAsian Times” nəşri də yer ayırıb. Hərbi ekspert, Erfrut Beynəlxalq Universitetinin magistri Ritu Şarma Fransanın Qafqazı yeni müharibəyə cəlb etmək cəhdindən bəhs edib. Politoloq yazıb ki, Ermənistanı silahlandıran Hindistana Fransa da qoşulub. Paris Ermənistanın KTMT ilə əməkdaşlıqdan imtina etməsi fonunda bu addımı atmağa start verib. Azərbaycan Prezidenti İlham Əliyevin Fransanı sərt tənqid etməsinə yer verən ekspertin də gəldiyi qənaət bundan ibarətdir ki, Prezident Emmanuel Makronun hədəfi Cənubi Qafqazda gərginliyin güclənməsidir. Prezident İlham Əliyevin “Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq” fikirləri də nəşrdə yer alıb. Beynəlxalq məsələlər üzrə ekspertin gəldiyi qənaət budur ki, Fransa Ermənistanda strategiyasını dəyişib, bunun isə bölgədə gərginliyi artıracağı şübhəsizdir. Bütün bunlar isə Ermənistana yaxşı hec nə vəd etmir. Bunu sosial şəbəkələrdə aktiv olan bəzi erməni fəallar da etiraf edir.

Erməni bloger Natali Aleksanyan Feysbuk səhifəsində belə yazıb: “Fransa Qarabağ münaqişəsində Ermənistana necə kömək etdi? Sadə sual: ən azı bir nümunə verin, konkret misal gətirin ki, Fransa bu problemi Ermənistanın xeyrinə həll edib. İki müharibə, ərazi itkiləri, “dqr”in süqutu, Qarabağ ermənilərinin köçürülməsi – Ermənistan qara günlər gördü, bəs o vaxt Fransa harada idi? Niyə Fransa Ermənistanı yalnız sözlə dəstəkləyir, hətta hər şey artıq arxada qaldığı halda? Fransanın nə etdiyini sizə deyimmi? Bizə şirin sözlərlə yaltaqlanır və kömək əlini uzatmadan səssizcə baxmağa başlayır. Qarabağ müharibələri zamanı nə qədər fransız silahı alınıb? Bu müharibələrdə nə qədər fransız ölüb? Başa düşmürsünüz ki, Fransanı nə biz, nə də ölkəmiz maraqlandırır?. Parisə bir şey lazımdır: Ermənistan-Azərbaycan münaqişəsi heç vaxt səngiməsin. Fransa heç vaxt bu münaqişənin bir hissəsi olmayacaq. Fransa yalnız erməniləri və türkləri bir-birinə qarşı qoymaqla məşğuldur. Yaxşı, bunu nə vaxt başa düşəcəyik?”.

Görünən odur ki, Paris Cənibi Qafqazda sabitliyin yenidən pozulması, regionun əvvəlki kimi müharibə ocağına çevrilməsi üçün dəridən-qabıqdan çıxır. Son 300 ildə Afrika, Asiya və Latın Amerikası ölkələrində yaratdığı müstəmləkələrin hesabına varlanan Fransa artıq Ermənistanı da öz müstəmləkəsi hesab edir. Ancaq Emmanuel Makron unudur ki, Azərbaycan onun hökmranlıq etdiyi hansısa Afrika ölkəsi deyil. Bu gün kimsə Azərbaycanla hədə, təhdid dili ilə danışa bilməz. Azərbaycan özünün milli təhlükəsizliyini qorumağa, sərhədlərini möhkəmləndirməyə, düşmənə və havadarlarına cavab verməyə qadirdir və onun təsir göstərə biləcəyi dövlət deyil. Prezident İlham Əliyev bunu dəfələrlə söyləyib. Müzəffər Ali Baş Komandan kimi İlham Əliyev elə Makronun da diqqətinə çatdırıb ki, Azərbaycan regionda sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində lazımi addımlar atır və bu siyasətini də davam etdirəcək. Azərbaycan yenidən müharibənin baş verməsini istəmir. Əgər bu, baş verərsə, yenə də əzilən tərəf Ermənistan olacaq və bu ölkə onilliklərlə özünə gəlməyəcək.

Sevinc Azadi, “İki sahil”