18 oktyabr 2023 01:36
308

Tarixi erməni despotizmi

Mənfur düşmənlərimizin etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir

Xalqımıza qarşı son iki yüz ildə erməni millətçilərinin apardığı təcavüzkar siyasətin başlıca məqsədi tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaq və sonradan onu müxtəlif yollarla genişləndirməklə “böyük Ermənistan” yaratmaqdan ibarət olub. Müəyyən anti-Azərbaycan dairələr tərəfindən dəstəklənən bu məkrli siyasət XIX əsrin əvvəllərindən başlayaraq bu günə qədər gah gizli və açıq təxribatlar, gah da milli qırğın və müharibələr vasitəsilə mərhələlərlə, həm də müstəsna qəddarlıqla həyata keçirilib.

XIX əsrin əvvəlində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən dərhal sonra ermənilərin İran və Türkiyədən köçürülərək mütəşəkkil qaydada Azərbaycan torpaqlarında yerləşdirilməsi və azərbaycanlıların elliklə sıxışdırılıb bu torpaqlardan çıxarılması prosesi başlayıb. Qısa müddət ərzində 130 minə yaxın erməni İrəvan, Naxçıvan, Qarabağ xanlıqları ərazisinə və Qafqazın azərbaycanlılar yaşayan digər bölgələrinə köçürülüb.

1828-ci ildə İrəvan və Naxçıvan xanlıqları ərazisində yeni inzibati bölgü – “Erməni vilayəti” təşkil edilərkən 1111 yaşayış məntəqəsindən yalnız 62-si erməni kəndi idi. O dövrdə dağıdılmış 359 müsəlman kəndinin əhalisinin bir hissəsi məhv edilmiş, bir hissəsi də təqiblər və ayrı-seçkilik siyasəti üzündən İrana və Türkiyəyə üz tutmağa məcbur olmuşdur. Beləliklə, 20-ci yüzilliyin əvvəllərində xaricdən gələn ermənilərin sayının bir milyona çatması regionda demoqrafik vəziyyətin əsaslı surətdə dəyişməsinə, Qafqazın milli qırğınlar məkanına çevrilməsinə səbəb olub. 1905-1920-ci illər ərzində erməni quldurları tərəfindən aparılan planlı siyasət İrəvan, Naxçıvan, Zəngəzur, Qarabağ, Qazax-Gəncə ərazilərində də davam etdirilib. Təkcə İrəvan quberniyasında azərbaycanlı əhalinin sayı 1916-cı ildə 373 min 582 nəfər olduğu halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmisi 12 min nəfər soydaşımız qalmışdır.

1920-ci ildən etibarən sovet Ermənistanının azərbaycanlılara qarşı deportasiya siyasəti “dostluq”, “beynəlmiləlçilik” pərdəsi altında davam etdirilib, 1930-1937-ci illərdə müxtəlif bəhanələrlə, əslində isə milli və dini mənsubiyyətinə görə 50 minə yaxın azərbaycanlı Ermənistanın sərhəd rayonlarından Sibirə və Qazaxıstana sürgün olunub.    

İkinci Dünya müharibəsindən sonra totalitar rejimin tüğyan etdiyi, eyni zamanda, “xalqlar dostluğunun” daha ucadan car çəkildiyi vaxtlarda soydaşlarımızın Qərbi Azərbaycandan kütləvi surətdə deportasiyası artıq siyasi qərarlar vasitəsilə həyata keçirilməyə başlamışdır. SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 yanvar tarixli 4083 saylı və 1948-ci il 3 oktyabr tarixli 754 saylı qərarlarına əsasən, 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı kütləvi surətdə və zorakılıqla öz tarixi-etnik torpaqlarından sürgün edilib. Adi hüquq normalarına zidd olan həmin qərarların icrası zamanı avtoritar rejimin mövcud repressiya qaydaları geniş tətbiq olunub, minlərlə insan, o cümlədən qocalar, qadınlar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara, mənəvi genosidə dözməyərək həlak olublar.

1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin respublikamıza qarşı qərəzli münasibətindən istifadə edən Ermənistan Azərbaycana qarşı qeyri-qanuni ərazi iddiaları irəli sürməklə yanaşı, azərbaycanlıların yeni deportasiyasına başladı. Həmin il noyabrın 23-dən dekabrın 1-dək Ermənistanın 22 rayonundan 200 mindən artıq azərbaycanlı, 18 min müsəlman kürdü, min nəfər rusdilli əhali silah gücünə öz doğma ocaqlarından qovuldu. Bu zaman 225 azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, minlərlə qadın, uşaq və qoca müxtəlif xəsarətlər aldı, on minlərlə ailənin əmlakı talan edildi.

Ermənilər tərəfindən həyata keçirilmiş bu siyasi aksiyaların mahiyyəti Ulu Öndər Heydər Əliyevin 1997-ci il 18 dekabr tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən - tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanında son dərəcə dəqiqliklə öz əksini tapıb. Deportasiyanın hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Dövlət Komissiyası yaradılıb. Onu da qeyd etmək lazımdır ki, Ermənistan KP MK-nın keçmiş birinci katibi A.Koçinyan müsahibələrinin birində qeyd edib ki, onun rəhbərliyi dövründə Azərbaycan torpaqlarına qarşı iddialar dəfələrlə qaldırılsa da Ümummilli Lider Heydər Əliyevin SSRİ-dəki nüfuzu və sözünün iti kəsəri bu məsələlərin həllinə imkan verməyib. Lakin bu gün istər bəzi dövlətlər, eləcə də beynəlxalq təşkilatlar tərəfindən bu həqiqətlər etiraf olunmur, əksinə bu cinayətləri pərdələmək üçün nəyə desən əl atılır. Bu yerdə Əmir Teymurun sözlərini xatırlatmaq yerinə düşər: “Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün ya məni alqışlayacaq, ya da lənətləyəcəklər.” Bu sözlər hələ o dövrdə ermənilərin kimliyi barədə məlumatlar verir.

Zahid Rza, “İki sahil”