18 oktyabr 2023 00:34
339

Qələbəmizi həzm edə bilməyənlər...

Antimilli ünsürlər hələ də «miatsum» deyib göz yaşı tökürlər

«Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətləri götürüb tətbiq edərək heç vaxt dilimizdən, adət-ənənələrimizdən ayrıla bilməmişik və imtina edə bilmərik» söyləyən Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını (YAP) yaratmaqla olkədə çoxpartiyalı sistemin formalaşması üçün imkanları genişləndirdi. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat Partiyası kimi radikal, dağıdıcı antimillilərdən fərqli olaraq müxalif partiya kimi yaradılan, qısa müddətdə iqtidar partiyasına çevrilən YAP demokratiya yolu ilə inkişaf edərək milyonların ümid yerinə çevrildi.

«Ancaq indiki müxalifətdən fərqli olaraq, biz dövlətə, dövlətçiliyə yox, o vaxtkı antimilli iqtidara müxalifətdə idik. Deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi davranış, siyasi mədəniyyət nümunəsini göstərmişdir. Biz müxalifətdə əlimizdə daş-kəsəklə yox, əlimizdə çalışırdıq» söyləyən Prezident, YAP-ın Sədri İlham Əliyev onu da vurğulayıb ki, heç vaxt siyasi opponentləri təhqir etməmişik, onlara fiziki xəsarət yetirməmişik. Sadəcə, xalqın iradəsinə güvənib, ölkəmizin uğurlu gələcəyinə arxalanmışıq.

Təcrübə göstərir ki, siyasət ilk növbədə praktiki işlərdir. Bu baxımdan siyasi qüvvələrin fəaliyyəti üçün siyasi meydanın olması şəksizdir. Xalqa , dövlətə qarşı təxribat kampaniyalarını genişləndirən, sosial bazası olmayan, ermənipərəst dairələrə, beynəlxalq təşkilatlara xidmət edən AXCP, Müsavat Partiyası kimi radikallara «yox» deyən ölkə vətəndaşları onları siyasi səhnədən birdəfəlik silib, tarixin arxivinə atıblar.

İqtidar partiyasının dəfələrlə xoş niyyətlə təşkil etdiyi , ölkədə milli həmrəyliyin möhkəmlənməsinə xidmət edən dialoqlarda iştirakdan həmişə imtina edən AXCP - Müsavat cütlüyü illərdən bəri «mehriban düşmən» kimi rəqib olsalar da, xəyanətlərinin qarşılığı olan ermənipərəst dairələrdən aldıqları qrant bölgüsündə can deyib, can eşidirlər.

44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərə, xarici ekspertlərin yüksək dəyərləndirdikləri Silahlı Qüvvələrimizin rəşadətinə, döyüş məharətinə belə böhtanlar yağdıran AXCP ilə Müsavat Partiyasının ermənidən dönmə ünsürləri yenə də antimilli xəyanətlərinə sadiqdirlər. Millətə, Vətənə olmayan duyğularını pula hərislikləri ilə əvəzləyənlərin bağışlanılmaz xəyanətlərini «Azərbaycanın isə Qarabağ kimi problemi, əfsuslar olsun ki, öz həllini tapmırdı. Hakimiyyətdə olanlar ancaq şəxsi mənafeyi düşünürdülər, talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos, torpaqlar əldən gedirdi, ovaxtkı AXC-Müsavat hakimiyyəti isə Ermənistana yanacaq satırdı. Görün, bu insanlar öz xalqına nə dərəcədə nifrətlə yaşamışlar ki, bu ağır günlərdə öz ciblərini doldurmaq üçün bu çirkin əməllərə də əl atmışlar. Hakimiyyətdə qalmaq üçün hətta vətəndaş müharibəsinə də rəvac verdilər. Torpaqlar əldən gedirdi, Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilmişdir. Şuşa alınmaz qaladır. Bunu hər kəs bilir. Məhz hakimiyyətə gəlmək üçün Şuşanı boşaltdılar. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmiş və öz arzusuna çatmışdır. Ondan sonra faciələrimiz daha da artdı. Şuşa işğal olunandan sonra Laçının taleyi də demək olar ki, böyük təhlükə altında idi və on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı» sözləri ilə satqınlıq adlandıran Prezident İlham Əliyevə olan ümumxalq etimadını qısqanclıqla qarşılayan, erməni dəyirmanına su tökən əlilər, ariflər siyasi ölü, büqələmun adlarına layiqdirlər.

Oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndinin mərkəzi meydanında, Xocalıda, Əsgəranda Ağdərədə, Xocavənddə Azərbaycanın Dövlət Bayrağının qaldırması belə bu radikalların kirlənmiş vicdanlarını tərpənmədi. Ermənistanın işğalından azad edilən torpaqlarımızın sahiblərinə qaytarılmasını kədərlə qarşılayan bu antimillilər ermənilərdən betər yas saxladılar. Bu da səbəbsiz deyildi. İqtidarda olduqları zaman torpaqları ermənilərə satan vətənsizlər üçün yurd, doğma ocaq məfhumu yaddır. Vətən müharibəsində həlak olan övladlarımızın tökülən qanları üçün narahat olmayan Kərimli- Hacılı cütlüyü şəhidlərimizə belə hörmət etmirlər.

Respublikamızda fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası başda olmaqla 23 siyasi partiyanın Prezident, Ali Baş Komandan İlham Əliyevə müraciətinə qoşulmayan AXCP ilə Müsavat Partiyası xalqımıza deyil, xarici havadarlarının sifarişlərinə xidmət etdiklərini göstərdilər.

Prezident İlham Əliyevin, xüsusilə, Xankəndinin mərkəzi meydanında qaldırdığı bayrağımızı hər azərbaycanlının qürur mənbəyi adlandıran partiya rəhərlərinin imzaladıqları müraciətdə qeyd olunur ki, siyasi baxışlarından asılı olmayaraq indi hər bir Azərbaycan vətəndaşı tarixin bütün dövrlərində başımıza gələn faciələrin, torpaqlarımızın itirilməsinin, soydaşlarımızın öz doğma yurdlarından didərgin salınmasının başlıca səbəbini aydın dərk edir. AXC-Müsavat iqtidarının dövründə milli birliyin olmaması, hərbi və iqtisadi gücümüzün zəifliyi torpaqlarımızın 30 il işğal altında qalması ilə nəticələndi. Ümumxalq sevincini yaşamaq duyğularından kənar olan Əli Kərimli ilə Arif Hacılı kimi simasızların siyasi həmkarlarına qoşulmaması onların ermənilərə hədsiz sevgilərindən, şüurlarını dəyişmiş daşnak ideologiyasına bağlılıqlarından irəli gəlir. Azərbaycanın apardığı lokal xarakterli antiterror tədbirləri zamanı kökü kəsilən separatizmin məhvinə, əli günahsız soydaşlarımızın qanına batmış cinayətkar erməni quldurlarının həbsinə belə kədərlənən bu iki erməni dəstəkçisinin Xocalı soyqırımında yandırılan günahsız insanların ruhları qarşısında məsuliyyət daşımaq borcları belə ağıllarına gəlmir. Çünki erməni lobbisindən aldıqları qrantlar hesabına manqurtlaşan bu xainlərin vicdanları ermənipərəst dairələr tərəfindən çoxdan özəlləşdirilərək qrant bazarında hərraca çıxarılıb. Siyasi korluğa məhkum olmuş Əli Kərimli kimi, Arif Hacılının da görünənləri görmək istəməmələri, deyilənləri eşitməməsi onların korluqlarının, karlıqlarının, ermənilərlə qan qarışıqlıqlarının əlamətidir.

Prezident İlham Əliyevin «Müxalifət dəyişməlidir. Bu naftalin iyi verən insanlar artıq xalqı bezdirib... Cəmiyyətə hökumətin diqqətini bu və ya digərə məsələyə yönəldən, hökumətin ünvanına sağlam tənqidlər səsləndirən konstruktiv müxalifət lazımdır, polisə daş atan müxalifət yox» sözləri torpaqlarımızın işğalının artdığı zamanlarda belə Ermənistana yanacaq satan AXC-Müsavat hakimiyyətinin çıxdaş edilmiş ünsürlərinə aiddir. Onlar bu gün də milli heysiyyətlərini, təəssüblərini itirərək ciblərini haram pullarla doldurmaqla məşğuldurlar. Belə qaragüruhçuların, «mehriban düşmən» olan simasızların bir adı var: «Axsaq atın, kor nalbəndi.»

Xuraman İsmayılqızı, «İki sahil»