17 oktyabr 2023 23:29
241

Əli Kərimlinin "mızları"...

Hamıya məlumdur ki, iqtidarın bütün uğurlarına yalnız "mız" qoymaqla məşğul olan Əli Kərimlinin ağzı düzəlmir ki, düzəlmir. Bu günlər hamının sevindiyi, bayram etdiyi bir dönəmdə xalqın xoşbəxt günlərinə sevinməyən bu adam yenə öz pisliyini və aşağılığını gizlədə bilməyib. Ölkənin bir çox siyasi partiyalarının rəhbərləri Qələbəmizin müəllifi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevi Xankəndidə dövlət bayrağımızı ucaltması münasibətilə təbrik etdikləri halda Əli Kərimlinin partiyası bu sırada olmayıb. Əslində bu partiya Azərbaycan xalqının qələbələrinə heç vaxt sevinməyib.

Yaxşı işlərin içində yalnız pislik axtaran AXCP sədri  Əli Kərimli həmişəki ampluasında özünəməxsus tərzdə Xankəndi ilə bağlı paylaşım edib.

Keçən aya qədər Azərbaycanın Qarabağ Zəfərinə "Xankəndi, Xocalı bizdə deyilsə, heç bir qələbədən söhbət gedə bilməz", bəhanəsi ilə Böyük Qələbəmizi kiçiltməyə cəhd edən Əli Kərimli bu dəfə də başqa "əmma" qoyub. Bədbin və  çox pərt paylaşımında bunları yazıb: "Milli bayrağımızın Xankəndidə ucaldılması münasibətilə xalqımızı təbrik edirəm. Qəhrəman şəhidlərimizi rəhmətlə anırıq. İgid qazilərimizə, fədakar şəhid ailələrinə, Azərbaycan Ordusuna minnətdarlığımızı bildiririk.

Rusiya silahlı qüvvələrinin ölkəmizdən ən qısa müddətdə çıxarılmasına da nail olmalıyıq".

Sevincini bildirmək əvəzinə sonuncu cümləsi ilə o, yeni bəhanəsinin anonsunu verdi. Yəni, 200 ildə qazanılan ilk böyük hərbi qələbə qalacaq kənarda, "Rusiya sülhməramlıları" olacaq əsas məsələ. Başından böyük məsələlərdən danışaraq möhtəşəm qələbəmizin miqyasını kiçiltməyə çalışacaq. Otuz beş ildir yağ yeyib yaxada gəzən və heç bir ictimai faydalı işlə məşğul olmayan Kərimli düşmən dəyirmanına su axıdıb. Xalqdan üzr istəyib düzgün yola qayıtmaq barədə düşünmək belə isttəmir. İndi də iqtidarın ağıllı hərbi-siyasi tədbirləri nəticəsində Qarabağın qart düşməndən azad edilməsini heç cür qəbul edə bilmir. AXCP sədrinin "Toplum TV"yə verdiyi müsahibəsində özünü hamıdan ağıllı və siyasətbaz hesab etməsinə baxmayaraq yersiz öcəşkən uşaq səviyyəsindən yuxarı qalxa bilməyib. Qarabağın Ümummilli Lider Heydər Əliyevin  və Prezident İlham Əliyevin son dərəcə düşünülmüş ağıllı siyasəti nəticəsində azad olunduğunu heç cür həzm edə bilməyən nankor-satqın əməlli-başlı sayıqlayıb. Bildirib ki, Ermənistanda "məxməri" inqilab olmasaydı, Paşinyan hakimiyyətə gəlməsəydi, ermənilər Rusiyaya dirsək göstərməsəydilər, Putin Koçaryanı həbsdən azad etsəydi və s. Qarabağ azad oluna bilməzdi. Bir sözlə, "it gəldi, örkən apardı."

Kərimlinin sayıqlamalarına görə iqtidar vaxtı hədər verib, ona görə də Qarabağ çox gec azad olunub. Özünü siyasətçi adlandıranın məntiqinə bax! Ən kiçik məmur qədər də düşünmək, ayırd etmək qabiliyyəti yoxdur, bu ağılla utanmadan başqalarına yol göstərir.

Ancaq dayaz səviyyəli dilmanc Əli Kərimli unudur ki, özü  komandası ilə bir il hakimiyyətdə oldu. Onda vaxtı niyə hədər verdilər, Qarabağı azad etmədilər? Hətta oturduqları kürsüləri belə qoruya bilmədilər, ancaq utanmadan başqalarına gicbəsər irad da tuturlar.

Qeyd edək ki, çoxsaylı Facebook istifadəçiləri onun bu eqoist  paylaşımına kəskin etirazlarını bildirir, ətrafa üfunət yayan ağzını bağlamağı tələb edirlər.

Ancaq o, sarsaq əməllərində tək deyil. Qələbələrimizə yas tutmaqda nadir nüsxələrdən biri də onun kumiri Gültəkin Hacıbəylidir. Hansı hansının ağzına tüpürdüyü məlum olmasa da hər ikisi tutuquşu kimi eyni fikri, eyni sözləri təkrarlayır. O da Əli Kərimli kimi bütün qələbələrimizin, ən ağır və ağrılı problemimiz olan Qarabağ Zəfərinin müəllifi Prezident İlham Əliyevin adını bircə dəfə də çəkmir, hamı kimi minnətdarlığını bildirmir. Çəkməsinlər, buna heç ehtiyac da yoxdur. Çünki onlar əvəzi yaşıl pulla ödənilən "ev tapşırıqları"nı daim okeanın o tayından və Qərbin Azərbaycanı gözü götürməyən bədxahlarından alıblar.

Vəli İlyasov, “İki sahil”