18 oktyabr 2023 00:22
282

Tofiq Yaqublu, yoxsa Paşinyan?

Künc zərbəsi

Azərbaycanın Zəfərinə ikincinin münasibəti birincidən daha ədalətlidir...

Mülki obyektlərin və infrastrukturun qorunması, dinc əhalinin zərər görməməsi istər 44 günlük Vətən müharibəsində, istərsə də Qarabağda keçirilməsi zərurətə çevrilmiş lokal antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun qarşısına qoyulmuş əsas tapşırıqlardan idi. Ancaq belə bir tapşırıq olmasaydı belə Azərbaycan əsgəri heç zaman müharibəyə aidiyyəti olmayan sadə insanları hədəf almazdı. Çünki bizim qanımızda-canımızda ermənilərdə olan qəddarlıq, vəhşilik yoxdur, tarix boyu da olmayıb. Müzəffər Ali Baş Komandanımızın dəfələrlə dediyi kimi, biz öz gücümüzü döyüş meydanlarında göstərdik, düşməndən qisasımızı mərdliklə aldıq. Baxmayaraq ki, həmin düşmən müharibənin gedişində üzləşdiyi acı məğlubiyyətlərin əvəzini atəş səslərinin eşidilmədiyi Gəncənin, Bərdənin, Tərtərin günahsız sakinlərindən çıxmağa çalışaraq müharibə cinayətləri törətməkdən çəkinməyəcək qədər rəzil və alçaq idi, hərbi obyektləri qəsdən yaşayış evlərinin, mülki obyektlərin yaxınlığında yerləşdirmişdi. Ermənilərin nə qədər yalançı, riyakar olduqları, özlərindən yalanlar uyduraraq hamını inandırmağa çalışmaları da daha heç kimə sirr deyil. Yəni, mülki əhalinin və obyektlərin Azərbaycan Ordusunun zərbələri nəticəsində vurulması ilə bağlı hər hansı kiçicik bir fakt olsaydı Ermənistanın rəhbərliyi çoxdan onu şişirdib bütün dünyada əleyhimizə istifadə etməyə çalışardı. İndi görün, silahlı qüvvələrimizin bölmələri əməliyyatları necə yüksək dəqiqliklə və peşəkarlıqla aparıblar ki, hətta lokal antiterror tədbirlərindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda mülki əhalinin zərər görməsi ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyini etiraf etməli oldu...

Ancaq baş düşmənimizin reallığı dilə gətirmək məcburiyyəti fonunda öz içimizdə ermənidən betər ermənilik edən Tofiq Yaqublu kimiləri hər vəchlə tarixi Zəfərimizə kölgə salmağa çalışırlar. Özü də Azərbaycanın üçrəngli bayrağının Xankəndidə ucaldılmasının qürurunu yaşadığımız, Qarabağımızda erməni probleminə, separatizmə birdəfəlik son qoyduğumuz günlərdə. Sözdə özünü “vətəni canından artıq sevən, onun çiçəklənməsi üçün çalışan vətəndaş” adlandıran Tofiq Yaqublu daha atmağa başqa şər, böhtan tapmadığından indi də ordumuzu, Vətən yolunda canından keçməyi özünə şərəf bilən qəhrəman oğullarımızı ləkələmək yolunu tutub. Onun “44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun zərbələri nəticəsində Xankəndidə mülki əhali də vurulmuşdu” kimi iyrənc böhtanını heç ermənilər bizə atmayıblar. Daha doğrusu, heç bir fakt olmadığı üçün ata bilməyiblər.

Tofiq Yaqublu tez-tez Ermənistandan, Nikol Paşinyandan sitatlar gətirməyi, otuz ildən artıq torpaqlarımızı işğal altında saxlamış, onminlərlə oğul və qızlarımızın qanına bais olmuş əzəli düşmənimizə öz rəğbətini nümayiş etdirməyi çox sevir. Öz münasibətidir, ya kiminsə tapşırığı əsasında belə edir, bu başqa məsələ. Ancaq Nikolun polis dəyənəkləri altında əzib tapdağa çevirdiyi ermənisayaq “demokratiya”sına təriflər yağdıran Yaqublunun öz ölkəsinə şər atması artıq xəyanətin və satqınlığın sonuncu, geri dönüşü olmayan mərhələsidir.

Bir tərəfdə özünü “humanist” göstərməyə çalışaraq ordumuzu guya mülki insanlara zərbələr endirməkdə günahlandıran Tofiq Yaqublu, digər tərəfdə Qarabağda mülki əhalinin zərər görməsi ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyini bəyan edən Nikol Paşinyan... Sizcə, rəşadətli ordumuzun tarixi zəfərinə münasibətdə hansı daha ədalətlidir?

Mahir Rəsuloğlu, “İki sahil”