17 oktyabr 2023 17:15
262

Müasir Azərbaycanın tarixi Ümummilli Lider Heydər Əliyevin adı  olmadan təsəvvür edilə bilməz

Qədim dövrlərdən başlayaraq dövlətçilik təfəkkürümüzün formalaşmasında tarixi şəxsiyyətlərimizin əvəzsiz rolu olmuşdur. Çünki hər hansı xalqın tərəqqisində, onun milli dövlətinin təşəkkülündə tarixi şəxsiyyətlərin rolu danılmazdır. Bizim xalqımız da müxtəlif tarixi dövrlərdə böyük şəxsiyyətlər və görkəmli liderlər yetişdirmişdir. Azərbaycan xalqı çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan, müstəqil dövlət quruculuğu sahəsində qazanılan müstəsna uğurlarda başlıca imzanın müəllifinin məhz Ulu Öndər  Heydər Əliyev olduğunu heç zaman unutmayıb və unutmayacaq. Müasir Azərbaycanın tarixi Ümummilli Lider Heydər Əliyevin adı olmadan təsəvvür edilə bilməz. Bu bir reallıqdır ki, bu günki müasir və qalib Azərbaycan Heydər Əliyevin çoxşaxəli, məhsuldar fəaliyyətinin şah əsəri hesab olunur.  Hələ ötən əsrin 70-80-ci illərində, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr yaddaşlarda iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı, elmin, təhsilin, mədəniyyətin tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin bünövrəsi qoyulub, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmışdır. Ümummilli Liderin rəhbərliyi ilə 1969-1982-ci illərdə sovet Azərbaycanında ana dilində fəaliyyət göstərən yüzlərlə uşaq bağçaları, məktəblər litseylər və digər təlim-tədris ocaqları tikilib istifadəyə verilmişdi. Eyni zamanda ölkəmizdə mövcud olan ali təhsil ocaqlarının sayı da artırıldı ki, bu da gənc nəslin yüksək səviyyəli təhsil alması, təlim və tərbiyəsi üçün başlıca amil idi. Ulu Öndərin həmin vaxt ölkəyə rəhbərliyi dövründə sosial statusundan, asılı olmayaraq azərbaycanlı gənclərin intellektual imkanlarına malik təhsil almaq imkanları formalaşmışdı. Məhz Ulu Öndərin təşəbbüsü və birbaşa nəzarəti ilə 70-ci illərdən başlayaraq Bakıdakı ali hərbi məktəblərə müxtəlif kateqoriyadan olan gənclərin təhsil almasına şərait yaradıldı. Ulu Öndər Heydər Əliyev məhz milli hərbi kadrların hazırlanması istiqamətində Cəmşid Naxçıvanski adına hərbi liseyin əsasını qoydu. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli və mənəvi dəyərlərimizin qorunub saxlanması, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Avropaya inteqrasiyasını daim diqqətdə saxlayırdı. Ulu Öndər bildirirdi ki, ölkəmizin Avropa Birliyinə daxil olması Avropanın mənəviyyat, ənənələr cəhətindən zənginləşdirilməsinə gətirib çıxaracaqdır. Azərbaycanın bugünkü reallığı Avropa və Şərq milli dəyərlərinin sintezindən ibarətdir. Avropa dəyərlərinin üzərinə bunu əlavə etsək, Avropa dəyərləri daha da zəngin olacaqdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətimizdə Avropa qitəsi bu gün xüsusi əhəmiyyətə və çəkiyə malikdir. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. İkinci dəfə öz müstəqilliyini bərpa edən Azərbaycan 90-cı illərin əvvələrində düşmüş olduğu çətinliklərdən tarixi sınaqlardan məhz Ulu Öndər Heydər Əliyevin strategiyası sayəsində üzü ağ çıxdı. 1993-cü il iyunun 15-də Azərbaycan xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev özünün dərin dövlətçilik təcrübəsi, zəkası və müdrikliyi ilə ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla yanaşı onun bügünki inkişaf mərhələsinə yüksəlməsini təmin etmiş oldu.

Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Bu uğurlu strategiyanın nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan qarşısında yeni üfüqlər açıldı.

2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Ulu Öndər Heydər Əliyevin gərgin əməyi sayəsində işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı əsl həqiqətlər beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ölkəmizə coğrafi baxımdan yaxın olan ölkələrlə münasibətlərin qurulması ilə yanaşı, hətta Azərbaycandan xeyli uzaqda yerləşən ölkələrlə səmərəli iqtisadi münasibətlərin qurulmasını da Ulu Öndərimiz daim diqqətdə saxlayırdı. 7 iyul 2001-ci ildə Sumqayıtdakı Etilen-Polietilen Zavodunda buxar-generator qurğusunun istifadəyə verilməsi mərasimindəki nitqində Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Yaponiya ilə Azərbaycan arasında yaranmış dostluq, tərəfdaşlıq, işgüzar əlaqələr bizim üçün çox əhəmiyyətlidir. Bununla yanaşı region dövlətləri ilə sıx iqtisadi münasibətlərin qurulması da Ümummilli Lider Heydər Əliyevin xüsusi əhəmiyyət verdiyi istiqamət idi. Ulu Öndərin təşəbbüsü ilə 18 sentyabr 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması Cənubi Qafqazda regional əməkdaşlığa əvəzsiz töhfə vermiş oldu. Yalnız Böyük öndər Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyasıdır. Əminliklə demək olar ki, bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti cənab  İlham Əliyev müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbi yaradıb. Bu gün Avropanın enerji təhlükəsizliyinə başlıca təminatçı olan Azərbaycan BMT-dən sonra ikinci böyük nüfuzlu təşkilat Qoşulmama Hərəkatına sədrlik etməklə özünün mühüm təşəbbüsləri ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Məhz Ulu Öndərin zərgər dəqiqliyi ilə etdiyi siyasi gedişlər sayəsində Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi istiqamətində əlverişli siyasi-hüquqi zəmin formalaşdırılmış oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində birlik, güc nümayiş etdirdi. Bunun nəticəsində 30 illik Ermənistanın işğal siyasətinə son qoyuldu. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan qəbul edilən  ərazi bütövlüyü təmin edildi. Artıq Azərbaycan dünyada qalib ölkə kimi irəli sürülən bütün vəzifələri uğulra icrasına təminatına nail olur. Bu günki qalib və güclü, regional və qlobal miqyasda söz sahibi olan dövlətimiz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi və onun fundamental əsaslarını yaratdığı Azərbaycandır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri