16 oktyabr 2023 15:35
109

Müstəqillik tariximizin ən parlaq səhifəsi

Dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycana ən yüksək zirvələri fəth etdirərək tariximizin Zəfər səhifəsini yazdı. İmzaların arasında imzasını görməkdən qürur duyduğumuz Azərbaycanın bu gün üçrəngli bayrağının işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması ərazi bütövlüyümüzün bərpa olunmasının, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının təqdimatıdır.
Azərbaycan yeni reallıqlar yaratdı. Bu reallıqlar erməni yalanlarını, mifini dağıtdı. Dünyaya göstərildi ki, yenilməz ordu Azərbaycan Ordusu, məğlubedilməz xalq Azərbaycan xalqıdır. Azərbaycan ədaləti bərpa edərək dünyaya sözün əsl mənasında tarix, hüquq dərsi keçdi. Dövlət başçısı İlham Əliyev xalqa müraciətlərində də bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycanın döyüş meydanındakı qələbəsi siyasi müstəvidə qələbəsini şərtləndirdi. Baxmayaraq ki, Azərbaycan daim sülh danışıqlarının tərəfdarı olduğunu bəyan edib. Hətta müharibənin davam etdiyi günlərdə də cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Ermənistanın irəli sürdüyümüz şərtləri qəbul etdiyi təqdirdə danışıqlar masası ətrafında oturmağa hazırıq. Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin diplomatik həllinin mümkün olmadığını bildirsə də, Azərbaycan Ordusunun gücü qarşısında diz çökərək məlum Bəyanatı imzalamağa məcbur edildi. Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzaladılar. Bununla da 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliklər, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana döyüşsüz təhvil verildi. 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri ordumuz tərəfindən nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurmaqla ərazi bütövlüyümüzü, sentyabrın 19-da isə Ermənistan silahlı qüvvələrinin törətdiyi terror hadisəsi nəticəsində Azərbaycan tərəfinin başladığı bir günlük lokal antiterror tədbirləri nəticəsində bütün ərazilrimizdə suverenliyimizi tam bərpa etdik. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələri birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir.

Əfsanə Bədəlova,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 122" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü