16 oktyabr 2023 14:58
126

Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağda istədiklərini əldə edə bilməyən ermənilər Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra Qarabağa ərazi iddiası qaldırdılar. Qarabağın Ermənistan SSR-ə verilməsinə nail olmasalar da bu ərazidə yeni, muxtar  inzibati qurum yaratmağa müvəffəq oldular.  Belə ki, SSRİ rəhbərliyinin təzyiqləri nəticəsində 1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.

Bundan sonra ermənilər həmin ərazidə öz mövqelərini möhkəmləndirməyə başladılar. SSRİ-nin dağlıması prosesi başlandıqda isə onlar öz mənfur planlarını həyata keçirməyə başladılar. 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi.

Lakin SSRİ Ali Soveti 1989-cu ilin noyabr ayında Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtariyyətliyinin ləğv edilib birbaşa Azərbaycan Sovet Sosialist Respublikasına qatılmasına dair qərar qəbul etdi. Ermənistan SSR rəhbərliyi həyasızcasına davranaraq həmin qərara qarşı çıxdı. 1989-cu ilin dekabr ayının 1-də Ermənistan Sovet Sosialist Respublikası Ali Soveti və Qarabağ Milli Şurasının birgə iclası həmin qərarı əsassız hesab edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşdiyi elan etdi. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdur.

Lakin ermənilərin bu qərarlarla razılaşmayaraq açıq şəkildə təxribatlara başlaması Qarabağın Ermənistan Respublikası tərəfindən işğalına səbəb oldu. Yalnız 30 ildən sonra doğma Qarabağ  2020-ci ildə olan 44 günlük müharibədən və  bu il 19 sentyabr tarixində aparılan antiterror əməliyyatlarından sonra azadlığa qovuşdu. Bu azadlıq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti və minlərlə Vətən övladının qanı bahasına  əldə olundu. 

Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən bildirib ki, Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb. 1805-ci ildə Rusiya imperiyasının tərkibinə daxil olmuş Qarabağ xanlığı olub. Kürəkçay sülh müqaviləsi imzalanıb, onu Azərbaycan tərəfindən Qarabağ xanı İbrahim Xəlil xan,- o, Qarabağın və Şuşanın xanı idi,- Rusiya tərəfindən isə çar generalı Sisianov imzalayıblar. Kürəkçay müqaviləsinin mətni internetdə var və hər kəs tanış ola bilər. Orada erməni əhalisi və ya erməni əhalisinin hansısa xüsusi hüquqları haqqında heç bir xatırlatma yoxdur. Yəni, bu, bir daha aydın şəkildə ondan xəbər verir və tarixçilər də yaxşı bilirlər ki, Qarabağ əsrlər boyu, minilliklərlə bu ərazidə yaşamış azərbaycanlıların məskunlaşdığı qədim torpaqdır. Kürəkçay sülh müqaviləsindən sonra Azərbaycan xanlıqları ilə Rusiya arasında digər Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan xanlığının da Rusiyanın tərkibinə daxil olduğu daha iki – 1813-cü ildə Gülüstan sülh müqaviləsi və 1828-ci ildə Türkmənçay müqaviləsi olub. Həmçinin bu sənədlərdə, təbii ki, söhbət Azərbaycan torpaqlarından gedirdi. Cənubi Qafqazın sovetləşdirilməsindən sonra Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. O nə üçün yaradıldı? Çünki XIX əsrin həmin sənədlərindən sonra erməni əhalisinin İrandan və Şərqi Anadoludan Azərbaycan ərazilərinə kütləvi köçü başlandı. Artıq sovetləşdirmə məqamında Azərbaycanın Qarabağ regionunun milli tərkibi XIX əsrin əvvəlində olduğundan fərqli idi. Bunları nəzərə alaraq, ola bilər ki, daha hansısa səbəblərdən sovet hakimiyyəti, Sovet İttifaqı artıq həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayətini, hətta respublika deyil, Azərbaycan SSR-in tərkibində vilayət yaratdı. Bu, tam yüz il əvvəl baş verib. Artıq Sovet İttifaqında mərkəzdənqaçma meyilləri başlayan vaxtda, erməni separatçılığının və təcavüzkar ekstremizmin baş qaldırdığı 1980-ci illərin sonunda qeyri-rəsmi ekstremist təşkilatları yaradıldı, təəssüf ki, mərkəzi sovet rəhbərliyi tərəfindən buna lazımi qiymət verilmədi, bir çox hallarda isə onları dəstəklədilər.

Hicran Quliyeva,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 122" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü