17 oktyabr 2023 10:49
169

Beynəlxalq əməkdaşlıqda önəmli format

Bu il oktyabr ayının 13-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevində iştirak etdiyi Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası keçirildi.

Tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev Qırğızıstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini, əldə olunmuş razılaşmaların yerinə yetirildiyini, əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun yaradıldığını bildirdi.

Ölkə Başçısı çıxışında humanitar sahənin Birlik üçün əsas istiqamətlərdən biri olduğunu və Azərbaycanın bu sahədə əməkdaşlığın inkişafına böyük töhfələr verdiyini diqqətə çatdırdı. Cənab Prezident İlham Əliyev Belarus Prezidenti cənab Aleksandr Qriqoryeviç Lukaşenkonu ikinci MDB Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik edərək 2025-ci ildə üçüncü MDB Oyunlarının Azərbaycanda keçirilməsi qərarını yüksək qiymətləndirdi və bu  namizədliyi dəstəklədikləri üçün həmkarlarına minnətdarlığını bildirdi. Dövlətimizin Başçısı üçüncü MDB Oyunlarının digər sahələrlə yanaşı, idman sahəsində də əməkdaşlığımızı möhkəmləndirəcəyini və bunla uğurlu qarşılıqlı fəaliyyətimizin genişlənməsini göstərdiyini qeyd etdi.

Çıxışında iqtisadi əlaqələrin möhkəmlənməsi məsələlərinə toxunan Ölkəmizin Başçısı bu sahədə müsbət nəticələrin əldə olunduğunu diqqətə çatdırdı. Bu uğurların göstəricisi kimi ötən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artdığını, bu il artımın 20 faizdən də çox olduğunu bildirdi.

Cənab Prezident İlham Əliyev Azərbaycanın MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaş olduğunu və MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə etdiyini çıxışında bildirdi. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin genişləndirilməsində həyata keçirilən perspektiv layihələrin ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və eyni zamanda əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcəyini diqqətə çatdırdı.

Tədbirin əlamətdar hadisəsi Özbəkistan Prezidenti cənab Şavkat Miromonoviç Mirziyoyevin MDB-nin Fəxri Nişanı ilə təltif edilməsi və qardaş Səmərqənd şəhərinin 2024-cü ildə “Birliyin mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı qərar oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  cənab Şavkat Miromonoviçi bu layiqli mükafata görə təbrik etdi.

Növbəti dəfə MDB-yə sədrliyin Rusiya Federasiyasının həyata keçiriləcəyi və MDB Dövlət Başçıları Şurasının növbəti iclasının gələn ilin oktyabrında Moskvada baş tutacağı bildirildi.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri