17 oktyabr 2023 00:58
312

Yeni əsrin yeni Lideri

Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ neçə-neçə zəfərlərə imza atacaq

İlk dəfə 20 il əvvəl – 2003-cü il 15 oktyabr prezident seçkilərində cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsi ilə ölkə Prezidenti seçilməsi xalqımızın Heydər Əliyev ideyalarına verdiyi dəyərin, bu siyasətə dəstəyinin aydın ifadəsi idi. Həqiqətənd də, cənab İlham Əliyev Prezidentlik fəaliyyətində həmişə xalqla bir olmuş, xalqın inam və etimadını qazanmışdır. Xalqımız isə sevimli rəhbərinə öz dəstəyini həmişə göstərmişdir.

Prezident İlham Əliyev hakimiyyətdə olduğu dövrdə Ulu Öndər Heydər Əliyevin xilaskarlıq, quruculuq və liderlik missiyasını əsas götürərək bunları uğurla davam etdirmişdir. Bu səbəbdən də Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşayır, ölkəmiz hərtərəfli səviyyədə inkişaf edir. Cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin siması əsaslı şəkildə dəyişmiş, xalqımızın maddi rifah halı yaxşılaşmışdır.

Dövlət başçısının 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında”kı fərmanı ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyillərinə böyük təkan vermişdir. Ölkə rəhbəri İlham Əliyevin 11 fevral 2004-cü il tarixdə təsdiqlədiyi “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı” isə Azərbaycan regionlarının tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulmasına səbəb olmuşdur. Artıq sayı dördə çatmış bu Dövlət proqramları çərçivəsində atılmış ardıcıl addımlar uzun illər regionların sosial-iqtisadi tərəqqisinə mane olan köklü problemləri aradan qaldırmış, yerlərdə infrastrukturun yeniləşdirilməsinə maddi zəmin yaratmışdır. Regional inkişaf proqramlarının əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Bu proqramların icrası sayəsində respublikada çoxsaylı yeni müəssisə istifadəyə verilmiş, yollar çəkilmiş, sosial obyektlər həyata vəsiqə olmuşdur.

Prezident İlham Əliyev Ulu Öndərin müəllifi olduğu yeni neft strategiyasını da uğurla davam etdirmişdir. Qlobal neft və qaz kəmərlərinin inşasının başa çatdırılması ilə dövlət başçısı Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirmiş, regionun digər dövlətlərindən fərqli olaraq müstəqil xarici və iqtisadi siyasət yeritdiyini bütün dünyaya sübut etmişdir. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol kimi Bakı–Tbilisi–Qars yeni dəmir yolu xəttinin istifadəyə verilməsi artıq regionun lider dövləti olan Azərbaycanın xaricdən maddi və mənəvi dəstək almadan iri maliyyə tutumlu layihələrin reallaşdırılmasına qadir olduğunu göstərmişdir.

Bakı–Tbilisi–Ceyhan neft kəmərinin, Bakı–Tbilisi–Ərzurum qaz boru xəttinin istismara verilməsi isə gələcək layihələr üçün əsas olmuşdur. Dövlət başçısı Xəzərin neft yataqlarının mənimsənilməsi və istismarı haqqında müqavilənin – “Əsrin müqaviləsi”nin hazırlanmasına və həyata keçirilməsinə sanballı töhfə vermişdir. 1994-cü ildə bağlanmış bu müqavilədən 23 il sonra – 2017-ci il sentyabrın 14-də Bakıda “Azəri–Çıraq–Günəşli” yatağının işlənməsinin davam etdirilməsi barədə yeni “Əsrin müqaviləsi” imzalanmışdır. Prezident İlham Əliyevin sistemli, düşünülmüş və əsaslı fəaliyyətinin nəticəsi olaraq müqavilənin fəaliyyət müddəti 2050-ci ilə qədər uzadılmışdır. Yeni müqavilədə Azərbaycanın iştirak payı artırılaraq 11,6 faizdən 25 faizə çatdırılmış, ölkəmizə çatacaq mənfəət neftinin payı 75 faizə qaldırılmışdır.

Ötən illərdə ölkə iqtisadiyyatına 275 milyard dollardan artıq investisiya qoyulmuş, Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 60 milyard dollar həddinə çatmışdır. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən 75-80 faizi Azərbaycanın payına düşür. Son illərdə Azərbaycan qədər inkişaf edən ölkə demək olar ki, olmayıb.

Prezident İlham Əliyev XXI əsrin başlanğıcından bütün sahələrdə inkişafı davam etdirib və Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin edib.

Dövlət başçısının digər sahələrlə yanaşı, elm, təhsil və mədəniyyətimizin inkişafı istiqamətinə həyata keçirdiyi siyasət də Ulu Öndərin formalaşdırdığı ənənələrin uğurlu davamıdır. Bu sahələrdə qazanılmış nailiyyətlər möhkəmləndirilmiş, onların inkişafına diqqət və qayğı artırılmışdır.

Azərbaycan 20 ilə yaxındır ki, Dünya Bankının bütün hesabatlarında islahatçı ölkə kimi mövqeyini möhkəmləndirib, inkişaf modeli dünyaya nümunə göstərilib. Dünyada maraqla qarşılanan islahatların təşəbbüskarı da məhz Azərbaycan  Prezidentidir. Azərbaycan brendi kimi dünyada tanınan “ASAN xidmət”, ABAD, DOST layihələri də təşəbbüsdən reallığa çevrilmişdir.

Ölkəmiz artıq kosmik klubun azsaylı üzvlərindən biridir. 3 telekommunikasiya peykimiz orbitə çıxarılmışdır. Bu günlərdə Bakı şəhərində 74-cü Beynəlxalq Astrofizika Konqresinin keçirilməsi 50 il bundan əvvəlki ənənənin yenidən davam etdirilməsinə əyani nümunədir. 20 il ərzində ölkəmizdə beynəlxalq səviyyəli, müxtəlif xarakterli tədbirlər hazırlanıb və ən yüksək səviyyədə həyata keçirilib. “Evrovision”, BMT-nin İnternet İdarəçilik Forumu, Davos İqtisadi Forumu, I Avropa Oyunları, Beynəlxalq Humanitar Forum, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı, Dünya dini liderlərinin beynəlxalq tədbiri və onlarla digər mühüm beynəlxalq tədbirlərə evsahibliyi edən ölkəmiz həm də sosial, iqtisadi, mədəni-humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə edildiyi əlverişli məkana çevrilmişdir.

Prezident İlham Əliyevin özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti ona imkan vermişdir ki, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə nail olsun. Bu keyfiyyətlər cənab İlham Əliyevi yeni əsrin yeni liderinə yüksəltmişdir. O, dünya səviyyəli siyasi lider və inkişaf etmiş dövlətlərin liderləri ilə bir sırada dayanan görkəmli dövlət xadimidir.  Onun sözü və mövqeyi dünyada eşidilir və qəbul olunur.

Prezident İlham Əliyev xarici siyasət kursunda çox böyük uğurlar əldə edib. Dövlət başçısı sürətlə dəyişən geosiyasi mühitdə ziddiyyətli və riskli dönəmdə xarici siyasəti səmərəli istiqamətdə inkişaf etdirir. Bunu artıq tarixə çevrilmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı atılan addımlar da sübut edir.

Prezident İlham Əliyevin prinsipial və qəti mövqeyi Vətən müharibəsində və antiterror tədbirlərinin uğurla həyata keçirilməsində özünü göstərdi. İkinci Qarabağ müharibəsi nəticəsində işğal edilmiş torpaqlarımız qaytarıldı, ərazi bütövlüyümüzün bərpası təmin edildi. Ötən ayın lokal antiterror tədbirləri isə suverenliyimizin bərpası ilə nəticələndi.

Vətən müharibəsindən sonra ölkəmiz yeni quruculuq mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində  dünyanı heyrətə gətirəcək işlərə imza atıldı. Məhz bu proqram çərçivəsində Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verildi, Laçın rayonunda hava limanının tikintisinə başlanıldı. Elə bu Proqram çərçivəsində 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqləndi və 30 kəndin təməli qoyuldu. Özü də “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir.

Artıq 2300-dən çox məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq. Növbəti mərhələlərdə digər şəhər və rayonlarımız da əzəli sahiblərinə qovuşacaqlar. Növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkün evlərinə qaytarılacaq.

Bəli, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, ölkəmizin müasir tarixinin qısa bir kəsiyində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında öz müstəqil dövlətini qurub və Prezident İlham Əliyevin parlaq liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbaycanımızın firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın hələ neçə-neçə zəfərlərə imza atacağına əmindir.

Nigar Orucova, “İki sahil”