17 oktyabr 2023 01:57
302

AŞPA: Beli sındırılmış Ermənistana qoltuq ağacı

Yaxşı olar ki, bu qurum büründüyü erməni şinelini soyunsun, əllaməliyini yerə qoysun

Rusca “kastil”deyilən qoltuq ağacını hamımız görmüşük. Beli, ayağı sınmış adamlar dayaq üçün ondan istifadə edirlər. Hazırkı vəziyyətdə Ermənistanı ayaq üstə saxlamaq üçün canfəşanlıq edən Avropa Şurası Parlament Assambleyası (AŞPA) həmin “kastil”ə oxşayır. Yaradılanda yaxalarını cırıb haqq-ədaləti uca tutacaqlarına and içən burada toplaşmış avropalı deputatlar indi onu ayaqlar altına atıblar.

Siyasi bataqlıqda iylənən Avropa Şurası Parlament Assambleyası “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. İşinə yaradığından bu barədə Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan sosial şəbəkələrdə yazıb. Qətnamə xorvatiyalı deputat Domaqoy Xaydukovuçun məruzəsi əsasında hazırlanıb. Domaqoy demaqoqluq edərək işğalçı ermənilərin "yazıq", “əzabkeş” obrazını cızıb. Onun şefi AŞPA isə elə quyruqlu yalanlar uydyrub ki, dünyanın ən bərkgedən yalançıları da bunlara şaqqanaq çəkib gülər. Bəyəm bunlar fil qulağında yatıblar, ya nədir?

Rubinyan bildirib ki, qətnamə Azərbaycanın sentyabrın 19-da Dağlıq Qarabağa qarşı hərbi əməliyyatlarını pisləyir. AŞPA bildirir ki, Dağlıq Qarabağın demək olar ki, bütün əhalisi fiziki məhv təhlükəsi və Azərbaycanın antierməni siyasəti səbəbindən öz vətənlərini tərk edib. Yalançının atasına lənət!

Hay diplomatın yazdığına görə, AŞPA bəyan edib ki, rəsmi “Bakı öz öhdəliklərini yerinə yetirə bilməsə, Assambleyanın 2024-cü ildə keçiriləcək ilk sessiyasında Azərbaycan nümayəndə heyətinin iştirakının ən azı müvəqqəti olaraq dayandırılmasına səs verməkdən başqa yolu qalmayacaq. Azərbaycan Avropa Şurasının əsas dəyərlərinə sadiq qalmalı və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olduğunu nümayiş etdirməlidir”. Hökmə, hikkəyə bax!

Qətnamə Azərbaycanı Dağlıq Qarabağın erməni əhalisinin geri qaytarılması və onların hüquqlarının müdafiəsi üçün təcili tədbirlər görməyə çağırıb: “Assambleya Azərbaycanı Dağlıq Qarabağın bütün həbs olunmuş nümayəndələrini, Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirləri azad etməyə və regionun erməni mədəni irsinin qorunmasını təmin etməyə çağırır. Qətnamədə ermənilərin Dağlıq Qarabağdan məcburi köçürülməsi nəticəsində yaranmış ağır humanitar vəziyyətə toxunulur və Ermənistana dəstək verilməsinin zəruriliyi qeyd olunur. AŞPA əmindir ki, münaqişə yalnız sülh yolu ilə, orada yaşayan hər bir insanın hüquqlarına tam hörmətlə həll oluna bilər.

1992-ci ildə erməni terrorçuları əsir götürdükləri azərbaycanlıların hüquqlarına elə "hörmət" etdilər ki, erməni əsirliyindən möcüzə nəticəsində xilas olan soydaşlarımız o dəhşətləri indi də unuda bilmirlər. 4 min nəfər itkin barədə isə indiyədək heç bir məlumat vermirlər. Cənablar, məsləhətiniz başınıza dəysin! Aşıq görünür ki, qərəzkar rolunu hələ də davam etdirən bu ədalətsiz təşkilat cinayətkar, Azərbaycanda soyqırımlar törətmiş terrorçuların vəkili kimi onlara canfəşanlıq edir.

AŞPA həm Ermənistanın, həm də Azərbaycanın Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə, habelə sərhədlərin toxunulmazlığına hörmətlə yanaşacağını gözləyir. Assambleya ölkələrin suverenliyinə, ərazi bütövlüyünə əsaslanan və milli yurisdiksiya çərçivəsində regional kommunikasiyaların açılmasına çağırır. AŞPA vurğulayır ki, Ermənistanın iradəsinə zidd və Ermənistanın milli maraqlarına xələl gətirməklə Naxçıvanla mümkün əlaqə yaratmaq olmaz. Məntiqə fikir verin: Naxçıvanla əlaqə yaratmaq olmaz. Ancaq Qarabağı Ermənistana birləşdirmək olar, eləmi? Özünüzü axmaqlığa vurmayın, cənab deputatlar, ağıllı danışın ki, sizə gülməsinlər.

Fikir verdinizmi, özünü qanmaz uşaq kimi aparan AŞPA-lılar necə bölücülük aparırlar? Azərbaycana heç nə olmaz, Ermənistan isə bunca cinayətlərdən sonra nə istəsə edə bilər.

Assambleya hesab edir ki, Azərbaycan hakimiyyəti mütəmadi olaraq Avropa Şurasının Baş katibinə və Nazirlər Komitəsinə mövcud vəziyyətlə, eləcə də geri qayıtmaq istəyənlərin təhlükəsizliyinin qorunması üçün görüləcək tədbirlər haqda məlumat verməlidir. Həddini bilməyən bir ovuc siyasət dəllalları o qədər üz bahəm edib ki, bütöv bir dövlətə göstəriş verir, qadağalar qoyur. Bunun adı qudurğanlıqdır.

Onlar Azərbaycandan icazə istəmədən AŞPA-nın Baş katibindən və Nazirlər Komitəsindən Avropa Şurasının faktaraşdırıcı missiyasının təcili olaraq səfərini təşkil etməyi xahiş edirlər.

AŞPA Baş katibinin miqrasiya və qaçqınlar üzrə xüsusi nümayəndəsinin Ermənistana təqdim olunacaq yardımı qiymətləndirmək üçün faktaraşdırıcı missiyasını alqışlayır. Assambleya vurğulayır ki, o, “Azərbaycan hakimiyyətinin həyata keçirdiyi tədbirlərə və beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə diqqətlə nəzarət edəcək”. “Ədaləti qoruyan” münsifə bax, sanki dünyanı bunlar idarə edirlər.

Qeyd edək ki, elə həmin gün-oktyabrın 12-də Türkiyə əleyhinə də qətnamə qəbul olunub. Petr Bayrın (Avstriya) məruzəsi əsasında hazırlanan qətnamədə AŞPA "hələ 2019-cu ildə onun dərhal azad edilməsini tələb edən Avropa Məhkəməsinin  qərarına baxmayaraq" Türkiyə hakimiyyətinin hüquq müdafiəçisini və xeyriyyəçini hələ də azad etməməsindən "təəssüfləndiyini" bildirib.

Türkiyə Kavalanı azad etməsə, qətnamədə ona qarşı "Maqnitski qanununu" və ya "Kavalanın qanunsuz və özbaşına azadlıqdan məhrum edilməsinə görə məsuliyyət daşıyan prokurorlar və hakimlər də daxil olmaqla, vəzifəli şəxslərə qarşı məqsədli sanksiyalar tətbiq etmək üçün" digər hüquqi alətləri tətbiq etmək təklif olunur. Kavala 1 yanvar 2024-cü il tarixinə qədər azad edilməsə, AŞPA-dakı Türkiyə nümayəndə heyətinin də səlahiyyətləri dayandırıla bilər. Göründüyü kimi, həm Azərbaycan, həm Türkiyə əleyhinə olan qətnamələr tam yalan və qərəzlidir. Bu, bir daha göstərir ki, hər iki qardaş ölkəyə qarşı hücumlar bir mərkəzdən idarə olunur. Strasburqun Fransanın şəhəri olduğunu xatırlatmaq kifayət deyil, bu, bir qrup korrupsiyalaşmış ermənipərəst qüvvələrin Azərbaycana və Türkiyəyə birgə hücumunun göstəricisidir. Şübhəsiz ki, bu qətnamələrin qəbulunun arxasında Fransanın “qırmızıpipik xoruz"unun quyruğu görünür...Görünsün dəə, bəyəm firəng xoruzu yox idi səhər açılmırdı?

Ancaq yaxşı olar ki, AŞPA özəlləşdirilib Hayastan HAŞPA-sı elan olunsun və deputatları da yalnız ermənilərdən ibarət olsun...

Vəli İlyasov, "İki sahil"