16 oktyabr 2023 18:17
290

Azərbaycan Bayrağının Xankəndidə ucalması dostlara sevinc, düşmənlərə kədər gətirdi

Məhz 30 ildən artıq müddətdə həsrətində olduğumuz ərazi bütövlüyümüzün  və suverenliyimizin bərpası prosesini qürurla yaşadıq. 2020-ci ildə başayan Vətən Müharibəsindən sonra, 2023-cü ilin 15 oktyabr günü hər birimiz üçün yeni və daha müqəddəs tarixə çevrildi.  Ona görə ki, Azərbaycan Bayrağının Xankəndidə ucalması, dövlət gerbimizin günəş kimi nur saçması dostlarımıza sevinc, düşmənlərimizə kədər gətirdi. Eyni zamanda, Ali Baş Komandanımızın bizə yaşatdığı bu möhtəşəm anlar hər bir azərbaycanlıya öz dövləti ilə bağlı sonsuz güvən verdi.  Bəli, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin dediyi kimi, əldə etdiyimiz uğurlara görə hər birimiz Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinə və qüdrətli Ordumuzun əsgərlərinə, qəhrəman igidlərimizə borcluyuq.

Ən önəmli fakt isə odur ki, Azərbaycanın torpaqlarını müharibə yolu ilə işğaldan azad etməsi nəinki regionda, bütün dünyada diqqətlə izlənən və qarşılanan hadisə oldu. Çünki bu hadisə ilk növbədə bir dövlətin uzun illər məruz qaldığı işğala təkbaşına son qoymasının ən mükəmməl müasir nümunəsi oldu. Bu baxımdan son onilliklərdə bəşər tarixində bir çox müharibələr baş versə də, Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsi öz inikallığı ilə fərqləndi.

Qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın bir qisminin işğal olunmasının obyektiv səbəbləri vardı. Prezident İlham Əliyev müsahibələrinin birində bildirib ki, biz o vaxt müharibəni deyil, sadəcə, döyüşü uduzmuşuq. 44 günlük müharibə cənab İlham Əliyevin haqlı olduğunu sübut etdi. Öz möhtəşəm qələbəsi ilə Azərbaycan sübut etdi ki, Ermənistanın bu müharibədə uğur qazanması mümkün deyil. Sadəcə, zamana ehtiyac vardı və ötən hər bir il ərzində Azərbaycan gücləndi, qüdrətləndi, eyni zamanda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq hüquqla təsbit olunan haqlı mövqelərini daha da möhkəmləndirdi. Bu baxımdan Azərbaycanın inkişafı, beynəlxalq mövqelərinin möhkəmlənməsi ilə əlamətdar olan ötən hər bir il bu qələbəni, torpaqlarımızın azadlığını daha da yaxınlaşdırdı, tarixi şəraiti yetişdirdi.

Xalqımızın onilliklər ərzində xəyal etdiyi arzuları çin oldu. Millətin və dövlətin ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytardıq, ərazi bütövlüyümüzü bərpa etdik. Bu 30 ildə Azərbaycan xalqı əzmlə, səbrlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini, bu möhtəşəm xəbəri gözlədi. Heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə olan inamını, Prezident İlham Əliyevin iradəsini sındıra bilmədi. Bütün bunlara rəğmən dünya  və ən başlıcası isə türk dünyası  İlham Əliyevin timsalında bir Sərkərdənin, bir Xalq Qəhrəmanının yetişdiyini gördü.

 Ali Baş Komandanmız İlham Əliyevin  "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar" fikirləri təbii ki, Onun xalqımızın müdrikliyinə, yenilməzliyinə güvənməsini nəticəsi idi.  

Düz 20 il bundan əvvəl oktyabrın 15-də seçicilərin mütləq çoxluğu ilə Prezident seçilmiş İlham Əliyev ölkə vətəndaşlarına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Azərbaycan Prezidenti bir daha sübut etdi ki, bu xalqı öz arzusuna gedın yolda heç bir qüvvə çəkindirə bilmədi və bilməyəcək də… İndi dünyada çox güclü Azərbaycan   və onun yenilməz lideri var Bütün bunlar isə ölkəmizi regionda şəriksiz güc sahibinə çevrib.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri