17 oktyabr 2023 09:00
374

Azad Füzulidən abad Füzuliyə...

2020-ci il oktyabrın 17-də Füzulinin 30 ilə yaxın davam edən hərbi-siyasi əsarətdən qurtulması müharibənin gedişində Azərbaycana əhəmiyyətli üstünlüklər qazandıran önəmli faktor oldu

İşğala qədər və işğal dövrü

Azərbaycanın dilbər guşələrindən olan Füzulinin ilkin adı Qarabulaq olub.  Rayonun əsası 1827-ci ildə qoyulub. Rayon 8 avqust 1930-cu ildə Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində dahi şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb. Füzuli rayonu 23 avqust 1993-cü ildə işğal altına düşüb. İşğala qədər Füzuli rayonunun ərazisi 1386 kv.km, əhalisi isə təxminən 105 min nəfər olub. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri olub. Eyni zamanda, işğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm, dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektlər var idi.

Füzuli rayonu ərazisində yerləşən, qədim dövrün mədəni abidələri kimi, UNESCO-nun dünya irsi siyahısına düşən Azıx və Tağlar mağaraları ermənilər tərəfindən dağıdılıb. İşğalçı Ermənistan tərəfindən Füzuli rayonundakı uzunömürlü təbiət abidələri - Şərq çinarları da tamamilə məhv edilib, Ərgünəş meşəsində 500 hektar ərazi yandırılıb. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, rayon sakinlərindən 733 nəfəri şəhid olub, 192 nəfər girov götürülüb, 1240 nəfər sağlamlığını itirərək əlilə çevrilib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulililərdən 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 1994-cü ilin yanvarında rayonun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub. Eyni zamanda, işğaldan azad olunmuş ərazidə yeni qəsəbələr salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdiriliblər. Vətən müharibəsi başlayanadək rayonun ərazisinin 682 kvadratkilometri işğal altında olub. Vətən müharibəsinin əvvəlindən rayonun bir sıra kəndləri və Füzuli şəhəri işğaldan azad edilib.

Füzulinin azad olunması Zəfər yürüşünə yol açdı

2020-ci il oktyabrın 17-də Füzulinin 30 ilə yaxın davam edən hərbi-siyasi əsarətdən qurtulması müharibənin gedişində Azərbaycana əhəmiyyətli üstünlüklər qazandıran önəmli faktor oldu. Ermənilər Füzuli istiqamətində bir neçə istehkam xəttindən ibarət güclü müdafiə sistemi qursalar da, Azərbaycan Ordusunun təzyiqinə davam gətirə bilmədilər. Ordumuzun peşəkarlığı və mərdliyi qarşısında qorxuya düşən düşmən Füzuli uğrunda döyüşlərin son mərhələsində silahlarını yerə atıb qaçdı. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin peşəkar hərbi əməliyyatla hədəfə irəlilədiyini, sözün əsl mənasında, XXI yüzilliyin müharibəsini apardığını təsdiqləyir. Məlumdur ki, Füzuli coğrafi mövqeyinə görə hərbi-strateji əhəmiyyətə malikdir. Hadrut, Tuğ kimi strateji önəm kəsb edən digər ərazilərin azad edilməsindən sonra Füzulidə möhkəmlənmək Azərbaycan Ordusu üçün Qubadlı və Zəngilanın azad olunması hədəfinin reallaşdırılmasına imkan verdi. Bu, eyni zamanda, işğalçı Ermənistanın təcavüzkar hərbi birləşmələrinin müqavimətinin qırılması və Azərbaycan Ordusunun sürətli irəliləyişi demək idi. Füzulinin azad olunması həm də Azərbaycan Ordusunun, cəmiyyətimizin özünə inamını daha da artırdı. Bu hadisə Ermənistan hərbi-siyasi rəhbərliyinin isterika vəziyyətinə düşməsinə səbəb oldu, işğalçı ölkənin təcavüzkar silahlı qüvvələrinin “yenilməzlik” mifini darmadağın etdi. Azərbaycan Ordusu döyüş meydanında xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı.

Rifah və quruculuq dövrü:“Ağıllı kənd”,“ağıllı şəhər” konsepti Füzulidə...

Müharibənin başa çatmasından sonra reallaşdırılan layihələr onu deməyə əsas verir ki, respublikamız işğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir. İşğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin geniş vüsət aldığı ünvanlardan biri də Füzulidir. Azad edilmiş digər ərazilərdə olduğu kimi, Füzulidə də quruculuq-bərpa işləri müharibə başa çatandan dərhal sonra başladı. İndi də intensiv şəkildə aparılan bu işlər müxtəlif istiqamətləri əhatə edir. Qürurverici haldır ki, müharibədən cəmi 9 ay sonra Füzulidə inşa edilən beynəlxalq hava limanı Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verildi. 2021-ci il  sentyabrın 5-də Bakıdan havaya qalxan “Airbus A340-500” tipli “Qarabağ” sərnişin təyyarəsi Qarabağda yeni inşa olunmuş ilk və möhtəşəm hava limanında eniş etdi.

Müharibənin başa çatmasından cəmi bir il sonra - 7 noyabr 2021-ci il tarixində Füzulidə daha bir əlamətdar hadisə yaşandı. Həmin tarixdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Zəfər yolu istifadəyə verildi. Zəfər yolunun keçdiyi ərazi əvvəllər cığır idi. Qəhrəman əsgərlərimiz məhz bu çığırdan keçərək Şuşanı işğaldan azad ediblər. Dövlətimizin başçısı tərəfindən yolun rəmzi olaraq Zəfər yolu adlandırılması da bununla bağlıdır.

Digər infrastruktur layihələrinin icrası da uğurla həyata keçirilib. Füzulidə inşası tamamlanan 35/0,4 kilovoltluq 2x2500 kilovatt gücündə olan Rəqəmsal Yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Füzuli rayonunda infrastruktur quruculuğu bundan sonra da səngiməyəcək. Belə ki, Füzuli rayonun ərazisində quruculuq işlərinin yeni mərhələsi başlayıb. Bu mərhələdə yaşayış məntəqələrinin bərpa olunması da diqqət mərkəzində saxlanılacaq. İndiyədək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Füzuli rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsində əhəmiyyətli işlər görülüb. Bu il martın 18-də Füzuli şəhərinin Baş planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. 2022-2026-cı illərdə bərpaolunan yaşayış məntəqələri üzrə “ağıllı kənd” konsepsiyası ilə yenidən qurulacaq Dövlətyarlı kəndinin şəhərsalma əsaslandırılması təsdiqlənib, Pirəhmədli və Dədəli kəndlərinin konsepsiyası hazırlanıb. Burada texnoloji yeniliklər əsasında “Ağıllı kənd təsərrüfatı” konsepsiyasının reallaşdırılması mövcud əkinçilik sistemlərinin struktur zəifliklərini aradan qaldırmağa, məhsuldarlığı artırmağa, xərcləri optimallaşdırmağa, rəqabətçi və davamlı nəticələr əldə etməyə imkan verəcək. 

Qeyd edək ki, Füzuli rayonunda 2026-cı ilədək 5678 evin - 3352 fərdi yaşayış evinin və 2326 mənzilin tikilərək istismara verilməsi nəzərdə tutulur. Ümumilikdə, 2023-cü ildə 399, 2024-cü ildə 447, 2025-ci ildə 2317, 2026-cı ildə 2515 evin inşası həyata keçiriləcək. Bütövlükdə, tikiləcək evlərə 21593 nəfər, o cümlədən Füzuli şəhərinə 8009 nəfər əhalinin köçürülməsi planlaşdırılır. Bundan əlavə, Füzuli rayonunda Peşə Liseyinin, Mərkəzi xəstəxananın, Mərkəzi parkın, inzibati binanın layihələndirmə işləri sürətlə davam etdirilir. Müharibədən cəmi il yarım sonra - 2022-ci il iyulun 19-dan başlayaraq Laçın və Füzuli şəhərlərinə, həmçinin Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndlərinə ümumilikdə 679 ailə olmaqla, 2715 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub.

Sevinc Azadi, “İki sahil”