15 oktyabr 2023 21:47
239

Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib

Geosiyasi aləmdə olan gərginliklərin qarşısını almaqdan ötrü müxtelif yollar var. Hər bir münaqişəli vəziyyət özünəməxsus, spesifik notlar daşıyır. Amma bir gediş var ki, o, universal xarakter daşıyır. Əgər iqtisadi zəmində inteqrasiya güclənirsə və münaqişəli olan şəraiti əhatə edə bilirsə onda həqiqətən də gərginlik səngiyir. Dəfələrlə olub ki, qarşılıqlı maraqlar, iqtisadi istəklər geosiyasi ziddiyətlərin qarşısını alıb, etibarlı mühit formalaşdırıb. Belə hallarda sağlam qüvvələr, işguzar qruplar çalışırlar məhz iqtisadi əlaqələri gücləndirsinlər ki, həm də bu yolla gərginlik ocaqlarını aradan qaldırsınlar.

Prezident İlham Əliyev cari ilin 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşündəki çıxışı zamanı bir sıra mühüm məqamlara toxunmuşdur. Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmasların mövcud olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Sizin işiniz, həmçinin həmkarlar arasında qarşılıqlı fəaliyyət hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyətə malikdir, çünki təhdidlər artır, yeni qeyri-sabitlik ocaqları yaranır və ölkələrimizin sabitliyi və təhlükəsizliyi bir çox hallarda sizin strukturların operativ işindən asılıdır”.                                                       

Daim operativ informasiya mübadiləsinin aparılmasının önəmini də xüsusi qeyd edən Azərbaycan Prezidenti deyib: “İnformasiya, o cümlədən onun qəbul edilməsi və ona reaksiya verilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əlbəttə ki, ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyət əməkdaşlığın səmimi, məqsədyönlü, nəticəyə və mümkün təhdidlərin profilaktikasına və ya aradan qaldırılmasına yönəlmiş əməkdaşlıq üçün gözəl imkanlar yaradır. Prezidentimiz iclas iştirakçılarının nəzərinə çatadıraraq qeyd etmişdir ki, “Azərbaycana gəldikdə, artıq bizim daxili təhdidlərimiz yoxdur. Üç həftə əvvəl həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Əlbəttə, bu, regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Biz buna çalışırıq və hesab edirik ki, başqa alternativ yoxdur”.

Daha sonra ölkə başçısı qeyd etmişdir ki, son həftələrdə baş verən hadisələrin mətbuatda, ilk növbədə, Qərb mediasında müxtəlif cür birtərəfli, qərəzli və nə məsələnin tarixini, nə də bugünkü reallıqları tamamilə əks etdirmədən təqdim olunur. Ona görə iclas iştirakçılarının nəzərinə məsələnin əsl mahiyyəti ilə bağlı faktları çatdırmışdır: “Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb. 1805-ci ildə Rusiya imperiyasının tərkibinə daxil olmuş Qarabağ xanlığı olub. Kürəkçay sülh müqaviləsi imzalanıb, onu Azərbaycan tərəfindən Qarabağ xanı İbrahim Xəlil xan Rusiya tərəfindən isə çar generalı Sisianov imzalayıblar. Müqavilədə erməni əhalisi və ya erməni əhalisinin hansısa xüsusi hüquqları haqqında heç bir xatırlatma yoxdur; “ Qarabağ əsrlər boyu, minilliklərlə bu ərazidə yaşamış azərbaycanlıların məskunlaşdığı qədim torpaqdır. Kürəkçay sülh müqaviləsindən sonra Azərbaycan xanlıqları ilə Rusiya arasında digər Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan xanlığının da Rusiyanın tərkibinə daxil olduğu daha iki –1813-cü ildə Gülüstan sülh müqaviləsi və 1828-ci ildə Türkmənçay müqaviləsi olub”.

Cənubi Qafqazın sovetləşdirilməsindən sonra Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. XIX əsrdə erməni əhalisinin İrandan və Şərqi Anadoludan Azərbaycan ərazilərinə kütləvi köçü başlandı. Artıq sovetləşdirmə məqamında Azərbaycanın Qarabağ regionunun milli tərkibi XIX əsrin əvvəlində olduğundan fərqli idi. Azərbaycan ərazisinin təxminən 20 faizi – həm Qarabağ bölgəsi, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, həm də həmin muxtar quruma heç bir aidiyyəti olmayan yeddi rayon işğal edilmişdir. Etnik təmizləmə həyata keçirildi, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovuldu və 2020-ci ilin payızına qədər vəziyyət belə olaraq qaldı. Azərbaycan bütün vasitələrlə münaqişəni sülh yolu ilə həll etməyə çalışsa da rəsmi İrəvanın təxribatçı siyasəti müharibəni qaçılmaz etdi. Ermənistanın təxribatları və hərbi cinayətləri 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun tamamilə darmadağın olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başlanmasına gətirib çıxardı.

Qeyd olunan bu məqamlar ölkə başçısı tərəfindən tədbir iştirakçılarının nəzərinə çatdırıldı. Prezidentimiz həmçinin vurğulamışdır ki, azərbaycanlılar öz torpaqlarında hətta müharibədən sonra həlak olmağa davam ediblər. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşlarımız həlak olmuş və ağır şəkildə yaralanmışlar. Təəssüf ki, onların sayı hər həftə artır. Həmdə Azərbaycana qarşı ərazi iddialarına son qoymaqla bağlı Ermənistana edilən çoxsaylı çağırışlar qəribə reaksiyaya səbəb olub. Ötən ilin oktyabr ayında Ermənistan və Azərbaycan rəhbərlərinin beynəlxalq tərəfdaşlarla görüşündə Bəyanat qəbul edildi. Bu sənədə əsasən hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını və ölkələrimizin ərazi bütövlüyünü təsdiqləyən 1991-ci il Alma-Ata bəyannaməsinin tərəfdarı olduqlarını bəyan etdilər. Ancaq təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmədi. Vəziyyət daha da gərginləşdi, çünki bu il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi deyə ölkə başçımız bildirdi.                                                     

Prezidentimiz İlham Əliyev 19 sentyabr tarixli antiterror tədbirlərinin səbəbi haqqında bildirdi ki, “Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi və sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı”. Bir sutkadan da az davam edən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu deyə ölkə başçımız bildirdi.

 Şərhlərinə yekun olaraq cənab Prezident qeyd etdi ki, “Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşmasına hazırdır. Sülh sazişi üzərində işi davam etdirməyə hazırıq. Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Bütün digər təkliflər həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla ölkəmiz tərəfindən təhlil ediləcək”. Çıxışının sonunda Prezidentimiz tədbir iştirakçılarına təşəkkürünü bildirib uğurlar arzulayıb.

Fəxriyyə Bayramova,
YAP Xətai rayon təşkilatının "Rahib Memmedov 18" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü