15 oktyabr 2023 15:15
274

Daim operativ informasiya mübadiləsi aparmaq zəruridir

Müasir dövrdə bütün sahələrdə, xüsusən informasiya-kommunikasiya-loqistika üzrə inkişaf tempinin sürətləndiyi bir şəraitdə obyektiv məlumat bazasının yaradılması və operativ şəkildə ötürülməsi çox vacibdir. Eyni zamanda nəzərə alsaq ki, ölkəmiz bədnam qonşularımızın naxələfliyi üzündən 30 ildən çoxdur ki, müharibə vəziyyətindədir və  düşmənin hər hansı təxribatının, hücumunun qarşısını almaq, özünümüdafiə tədbirləri görmək, antiterror əməliyyatları keçirmək üçün münasibətlər vaxtaşırı açıq savaş müstəvisinə keçir, informasiyanın təxirəsalınmadan paylaşılması elə döyüş meydanındakı qələbələr qədər zəruri və əhəmiyyətlidir.

Biz dünya ilə ləng ünsiyyətimiz ucbatından həmişə əziyyət çəkmişik, diligödək olmuşuq, vurulmuşuq. Xatırlayırsınızsa, 1990-cı ilin qanlı 20 Yanvarında “qırmızı imperiya”nın formalaşdırdığı blokadaya görə, Bakıda və digər rayonlarda əliyalın insanları əzib keçən tankların tırtılları altında inləyənlərin, 5.45 kalibrli ölümsaçan güllələrlə dəlik-deşik olaraq can verənlərin faciələrini – əsi həqiqətləri və reallıqları beynəlxalq aləmə çox gec, iş-işdən keçəndən sonra çatdıra bildik.  

Son illərdə isə bu məsələnin daha bir bariz nümunəsini 44 günlük Vətən müharibəsi və 23 saatlıq lokal antiterror əməliyyatları zamanı açıq-aşkar gördük. Bilirsiniz ki, dövlət səviyyəsində quldurluq aktları həyata keçirən Ermənistanın bütün dünyada, əsasən də Qərbdə böyük diasporu və möhkəm dayaqları var. Onlar yalançı fəryadları, timsah göz yaşları, qiymətli hədiyyələri və bir çox hallarda əxlaqsız qadınlarından istifadə ilə belə, həmin ölkələrin rəhbərliyinə, ictimai-siyasi dairələrinə, kütləvi informasiya vasitələrinə təsir göstərmək imkanındadırlar. Hətta iş o yerə çatırdı ki, bu haqsızların, terrorçuların, uşaq qatillərinin həyasızlığı müqabilində Azərbaycan öz ədalətli mövqeyini qoruya, haqq səsini ucalda, beynəlxalq ictimaiyyəti məlumatlandırmağa xeyli çətinlik çəkirdi.

Lakin bütün bunlara Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, qətiyyətli siyasəti, şəhidpərvər xalqımızın sədaqəti və güclü dəstəyi, qəhrəman ordumuzun rəşadəti sayəsində birdəfəlik son qoyuldu – həm cəbhədə, həm də informasiya mübarizəsində.

Möhtərəm İlham Heydər oğlu aparıcı KİV-lərə dolğun, təkzibolunmaz faktlara söykənən, aktual müsahibələrində əsl həqiqətləri bəyan edərək, informasiya mühasirəsini dağıtmaqla yanaşı, dünya jurnalistikasına, beynəlxalq xəbər agentliklərinə bir dərs, master-klass da keçdi. Guya hərbi obyektləri, silahlıları yox, dinc erməni sakinləri hədəf seçməyimiz barədə sual verən Fransa jurnalistini, tərəfimizdən döyüşlərə muzdluların qatılması böhtanını körükləyə İran KİV təmsilçisini dəqiq arqumentləri və tutarlı faktları ilə susdurdu.  

Şükür Allaha ki, həm Vətən savaşımız, həm də antiterror əməliyyatları mütləq Zəfərimizlə yekunlaşdı, Azərbaycan işğaldakı ərazilərini azad etdi, dogma Qarabağımızda dinc quruculuq işlərinə start verildi. Amma informasiya savaşı bitməyib, bitməyəcək də… Nə qədər ki, ətrafımızda xoş günümüzü, tərəqqimizi, uğurlarımızı istəməyən, gözügötürməyən tör-töküntülər var, biz bütün gözlənilməzliklərə, xəyanətlərə, zərbələrə hazır olmalıyıq - Vətən sevgisi ürəyimizdə, qələmimiz əlimizdə, silahımız çiynimizdə!..

Allah şəhidlərimizə qəriqi-rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Yaşasın müstəqil Azərbaycan Respublikası, dövləti, rəhbərliyi və xalqı!

Samirə Əhmədova,
YAP Xətai rayon təşkilatının "Rahib Memmedov 18" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü