16 oktyabr 2023 12:00
233

Xankəndidə Azərbaycan bayrağının ucaldılması “Heydər Əliyev İli”ndə xalqımıza ən böyük töhfədir

Xankəndidə Azərbaycan bayrağının ucaldılması “Heydər Əliyev İli”ndə xalqımıza ən böyük töhfədir.

“İki sahil” xəbər verir ki,  bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, bu fakt həm də Azərbaycan xalqının, onun liderinin iradəsinin yenilməz olduğunu bir daha bütün dünyaya göstərdi: “Xankəndi, habelə Ağdərə, Əsgəran və Xocalıda Azərbaycan bayrağının ucaldılması bütün Türk dünyasında qürur və sevinc doğuran tarixi hadisədir. Bu, 44 günlük Vətən müharibəsindən sonra xalqımıza bəxş edilən ən böyük sevinc və səadətdir. Mən buna görə bütün veteranlar adından Prezident İlham Əliyevə təşəkkür edir, ona sonsuz minnətdarlığımızı bildiririk”.

Onun sözlərinə görə, Azərbaycan bayrağının Xankəndi və digər yaşayış məntəqələrində qaldırılması uzun illər erməni işğalı altında qalan torpaqlarımız üzərində dövlətimizin nəzarətinin tam şəkildə, de-fakto təmin edilməsi deməkdir.

Hətta Vətən müharibəsindən sonra bəzi qüvvələr Xankəndi, Xocalı, Ağdərə və sair ərazilərimizin aqibəti ilə bağlı pessimist fikirlər səsləndirir, 44 günlük Vətən müharibəsinin nəticələrinə kölgə salmağa çalışırdı. Lakin oktyabrın 15-də Prezidentimizin bu torpaqlara səfəri, üçrəngli bayrağımızı tarixi torpaqlarımızda yüksəltməsi bir daha göstərdi ki, Azərbaycanın, onun Müzəffər Ali Baş Komandanının Zəfəri tam və mübahisəsizdir. Baş verənlər bir daha sübut etdi ki, Prezident İlham Əliyev həqiqətən də nəyi, nə zaman etmək lazım gəldiyini yaxşı bilir və xalqın iradəsini çox böyük əzmlə, qətiyyətlə həyata keçirir.

“Dövlətimizin başçısının gördüyü işlər göstərir ki, İlham Əliyev Azərbaycanın milli dövlətçilik tarixində müstəsna yerə və rola malik əvəzsiz liderdir. Veteranlarımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı yeni-yeni zəfərlərə imza atacaq, öz arzu və xəyallarını inamla gerçəkləşdirəcək”, - deyə təşkilatın sədr müavini fikrini yekunlaşdırıb.