16 oktyabr 2023 10:16
379

Kamran Bayramov: Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur

17 Oktyabr Füzuli rayonunun işğaldan azad edilməsinin üçüncü ildönümüdür. Ermənistanın təxribatlarına cavab olaraq  Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla, rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.  Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur, çünki,  30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində, həmçinin, Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilib. Bununla da, Vətən həsrətinə son qoyulub. 17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq. Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyi dövlət tərəfindən yüksək qiymətləndirilib. 

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı, məharəti və fədakarlığı sayəsində mümkün oldu. Düşmən Füzuli uğrunda döyüşlərin son mərhələsində silahlarını yerə atıb qaçdı. Bu döyüşlərdə ordumuzun göstərdiyi şücaətə verilən yüksək önəmin təzahürü olaraq ölkəmizdə «Füzulinin azad olunmasına görə» medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 nəfər  hərbi qulluqçusu «Füzulinin azad olunmasına görə» medalı ilə təltif olunub.
K.Bayramov vurğulayıb ki, dövlət başçımız 2021-ci il oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirmişdi: «Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz, gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə,  növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən, mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq.»
 Deputat diqqətə çatdırıbki, böyük Zəfərlə yekunlaşan Vətən müharibəsindən ötən vaxt ərzində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və infrastruktur quruculuğuna başlanılması və bu işlərin sürətlə, eyni zamanda, keyfiyyətlə davam etdirilməsi Azərbaycan dövlətinin gücünün, iqtisadi potensialının göstəricisidir.  İşğaldan azad edilən torpaqların bərpası və inkişafı ilə bağlı strategiyanın icrası istiqamətində artıq tədbirlərin həyata keçirilməsinə başlanıb. Hazırda cənab Prezident İlham Əliyevin dediyi kimi, əsas hədəf Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Qarabağ bölgəsində yenidənqurma və bərpa işlərinə xüsusi diqqətin yetirilməsi tariximizə və mənəvi varlığımıza dərin bağlılığın göstəricisidir. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizdə böyük infrastruktur dəyişiklikləri həyata keçiriləcək. Qarşıda duran əsas məsələ Azərbaycanın tarixi Qələbəsinin nəticələrinin möhkəmləndirilməsi üçün işğaldan azad olunan Qarabağ bölgəsində əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək və həmin ərazilərin müasir və abad yaşayış mühitinə çevrilməsi məqsədilə uyğun şəraitin  yaradılmasıdır. Artıq bərpa-quruculuq prosesinə diqqətlə, koordinasiya olunan tərzdə, vahid mərkəzdən idarə edilərək başlanılıb. Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur. Cəmi səkkiz ay ərzində inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırdı.  Prezident İlham Əliyevin Füzuliyə səfərləri zamanı mühüm strateji obyektlərin təməlləri qoyulub. Artıq Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Abadlaşan və daha da gözəlləşən Füzuli şəhərinin sakinləri yeni tikilən evlərdə məskunlaşırlar.  Cari ilin oktyabrın 12-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 208 ailənin, yəni, 749 nəfərin daimi məskunlaşması təmin ediləcək. 
Deputat xüsusi olaraq qeyd edib ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən edilib.