15 oktyabr 2023 21:35
219

Qarabağ azərbaycanlıların məskunlaşdığı qədim torpaqdır

Prezident İlham Əliyev 2023 – cü ilin 11 oktyabr tarixində MDB – yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53 – cü iclasının iştirakçıları ilə görüşü zamanı yüksək tribunadan Qarabağın minilliklər boyu azərbaycanlılara məxsus olmasını bir daha tarixi faktlarla sübut etmişdir. Qalib Prezidentimiz qeyd etmişdi ki, “Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb. 1805-ci ildə Rusiya imperiyasının tərkibinə daxil olmuş Qarabağ xanlığı olub. Kürəkçay sülh müqaviləsi imzalanıb, onu Azərbaycan tərəfindən Qarabağ xanı İbrahim Xəlil xan,- o, Qarabağın və Şuşanın xanı idi,- Rusiya tərəfindən isə çar generalı Sisianov imzalayıblar. Kürəkçay müqaviləsinin mətni internetdə var və hər kəs tanış ola bilər. Orada erməni əhalisi və ya erməni əhalisinin hansısa xüsusi hüquqları haqqında heç bir xatırlatma yoxdur. Yəni, bu, bir daha aydın şəkildə ondan xəbər verir və tarixçilər də yaxşı bilirlər ki, Qarabağ əsrlər boyu, minilliklərlə bu ərazidə yaşamış azərbaycanlıların məskunlaşdığı qədim torpaqdır. “
Daha sonra prezidentimiz Kürəkçay sülh müqaviləsindən sonra Azərbaycan xanlıqları ilə Rusiya arasında digər Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan xanlığının da Rusiyanın tərkibinə daxil olduğu daha iki - 1813-cü ildə Gülüstan sülh müqaviləsi və 1828-ci ildə Türkmənçay müqaviləsinə də, toxunaraq bildirmişdi ki, “ Bu sənədlərdə,  də, təbii ki, söhbət Azərbaycan torpaqlarından gedirdi. Cənubi Qafqazın sovetləşdirilməsindən sonra Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. O nə üçün yaradıldı? Çünki XIX əsrin həmin sənədlərindən sonra erməni əhalisinin İrandan və Şərqi Anadoludan Azərbaycan ərazilərinə kütləvi köçü başlandı. Artıq sovetləşdirmə məqamında Azərbaycanın Qarabağ regionunun milli tərkibi XIX əsrin əvvəlində olduğundan fərqli idi. Bunları nəzərə alaraq, ola bilər ki, daha hansısa səbəblərdən sovet hakimiyyəti, Sovet İttifaqı artıq həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayətini, hətta respublika deyil, Azərbaycan SSR-in tərkibində vilayət yaratdı. Bu, tam yüz il əvvəl baş verib. Artiq Sovet İttifaqında mərkəzdənqaçma meyilləri başlayan vaxtda, erməni separatçılığının və təcavüzkar ekstremizmin baş qaldırdığı 1980-ci illərin sonunda qeyri- rəsmi ekstremist təşkilatları yaradıldı, təəssüf ki, mərkəzi sovet rəhbərliyi tərəfindən buna lazımi qiymət verilmədi, bir çox hallarda isə onları dəstəklədilər.
Hamımız 1980-ci illərin sonunda Sovet İttifaqına kimin başçılıq etdiyini xatırlayırıq və təbii ki, başqa nə isə gözləmək mümkün deyildi. Bütün bunlar ona gətirib çıxardı ki, Azərbaycan və erməni xalqları arasında Ənənəvi sülh, dostluq və qarşılıqlı anlaşma münasibətləri pozuldu, zərərli milli müstəsnalıq, üstünlük ideologiyası ortaya atıldı və Azərbaycanın Qarabağ torpağına iddiaları əsaslandırmaq üçün cəhdlər edilməyə başlandı. Bu tendensiyalar artıq Sovet İttifaqının süqutundan sonra açıq təcavüz və Azərbaycan torpaqlarının işğalı ilə davam etdi. Nəticədə Azərbaycan ərazisinin təxminən 20 faizi - həm Qarabağ bölgəsi, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, həm də həmin muxtar quruma heç bir aidiyyəti olmayan yeddi rayon işğal edildi. Etnik təmizləmə həyata keçirildi, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovuldu və 2020-ci ilin payızına qədər vəziyyət belə olaraq qaldı. “
İlham Əliyev çıxışında haqlı olaraq beynəlxalq qurumların da, bu məsələdə ədalətli mövqe tutmadıqlarına da, diqqəti yönəldərək vurğuladı ki, “Azərbaycan bütün vasitələrlə məsələni sülh yolu ilə həll etməyə çalışdı. Biz ATƏT-in himayəsi altında uzunmüddətli və nəticəsiz danışıqlar prosesində iştirak etdik. Yeri gəlmişkən, bu münaqişənin nizama salınmaması bir daha göstərir ki, ATƏT-də böyük dəyişiklik olmalıdır. Bu münaqişənin timsalında biz həm də Birləşmiş Millətlər Təşkilatının öz nüfuzundan və öz rıçaqlarından İstifadə edə bilməməsinin şahidi olduq. Belə ki, BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, onlar əməldə yerinə yetirilmədi. Biz uzun müddət gözlədik, bizim ümidlərimiz var idi. Mən 2004-cü ildən müxtəlif mərhələlərdə danışıqlarda iştirak etdim, lakin təəssüf ki, 2019-cu ildə bütün ümidlər puça çıxdı. O vaxt Ermənistanın baş naziri bəyan etdi ki, "Qarabağ Ermənistandır və nöqtə". O, bununla bütün danışıqlara son qoydu və onları tamamilə mənasız etdi. Onu demək lazımdır ki, bu, suveren Azərbaycan dövlətinə qarşı açıq ərazi iddiası idi, çünki dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan qondarma "Dağlıq Qarabağ respublikasını" tanımırdı. Yəni, erməni rəhbərliyinin bu təxribatçı, düşünülməmiş, deyərdim ki, aydın olduğu kimi, özünə qarşı sui-qəsdçi addımı və digər, o cümlədən hərbi xarakterli təxribat fəaliyyətləri, 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun tamamilə darmadağın edilməsi ilə, başa çatdı”
Daha sonra prezidentimiz dəfələrlə Ermənistana xəbərdarlıq edilməsinə baxmayaraq, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarmamasına cavab olaraq öz torpaqlarımızda ədalətin bərpa olunması üçün antiteror tədbirlərin aparılmasından danışdı və ədalətin qalib gəldiyini qeyd etdi.
Oktyabrın 15-i Azərbaycanın tarixində çox mühüm hadisə ilə, yadda qaldı. Müstəqil Azərbaycanımızın üçrəngli bayrağı Xankəndində dalğalandı. Çox qürurverici tarixi hadisələrin şahidi oluruq.
Yaşasın qalib Prezidentimiz, güclü ordumuz!

Vüsalə Babayeva.
YAP Xətai rayonu təşkilatının "Y. Səfərov 29" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü