15 oktyabr 2023 14:21
314

Zəfərin memarı

“Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir”.

Bu fikir Azərbaycan xalqının Ümumilli Lideri, müstəqil Azərbaycan Respublikasını tarixin təlatümündən xilas edərək, regionun sayılıb-seçilən aktoruna çevirən, ölkəmizə, xalqımıza qarşı  ədalətsiz kampaniyaya ən yüksək səslə qarşı çıxaraq, milli mənafelərimizi bütün vəzifələrdən üstün sayan Heydər Əliyevə məxsusdur. Ümumilli Liderin uğrunda mübarizə apardığı müstəqilliyimiz, bu gün tarixində heç olmadığı qədər möhkəmdir və ən əsası isə Müzəffər bir Liderə əmanətdir.

Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci maddəsində deyilir ki, “Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir”. Həqiqətən də, Prezident cənab İlham Əliyevin xalqı ümumilli hədəflər üzrə istiqamətləndirərək dəmir yumruq timsalında birləşdirməsi, xalq-dövlət-ordu birliyinin təmin edilməsi bugün demək olar ki, bütün dünyanı lərzəyə salaraq, tarix boyunca nadir müşahidə edilən birlik modelinin ortaya çıxmasına səbəb olmuşdur.

Cənab İlham Əliyev hələ Prezident seçilməzdən əvvəl, Azərbaycanın BMT Baş Assambleyasında çıxış edən ilk Baş naziri olaraq 58-ci sessiyada çıxış edərək, cəsur bir şəkildə BMT və onun ixtisaslaşmış orqanlarından olan Təhlükəsizlik Şurasını qeyri-adekvat mövqeyinə görə tənqid etmiş və BMT-nin yenidən strukturlaşmasının zəruri orientasiyasını müəyyən etmişdir. Məhz bu çıxışdan on illər sonra, hələ Baş nazir ikən dilə gətirdiyi arqumentativ fikirlərin özünü necə doğrultduğunu, BMT-nin fəaliyyətindəki disfunksional tərəflərin qlobal siyasətdə necə düyünlər yaratmaqda olduğunu müşahidə edirik.

2003-cü ildə Prezident olaraq seçilməsinin ardından, intensiv diplomatik fəaliyyətlə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və Azərbaycanın beynəlxalq müstəvidə tanınmasının artırılması istiqamətində multivektorlu xarici siyasi xətt izlənmiş, paralel olaraq ölkədaxili müstəvidə dövlətin və cəmiyyətin inkişafına mane olan faktorların tədricən aradan qaldırılması istiqamətində uğurlu dövlət proqramları həyata keçirilmişdir. Cənab Prezidentin fəaliyyətinin prioritet istiqamətlərindən biri, bəlkə də ən mühümü keçmiş Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq və bununla, Azərbaycanı sonrakı beynəlxalq təzyiqlərdən müdafiə edə bilmək üçün hüquqi addımlardan kənara çıxılmaması idi. On illər ərzində ilmək-ilmək toxunmaqda olan zəfər diplomatiyası bir tərəfdən beynəlxalq hüquqi vəziyyətin ölkəmiz lehinə münbitləşməsinə şərait yaradarkən, digər tərəfdən isə ordunun özünü müdafiə və hücum potensialı artırılmış, şəxsi heyətin xüsusilə də xaricdə təşkil edilən təlimlər vasitəsilə peşəkarlıq səviyyəsi beynəlxalq standartlara çıxarılmış və Azərbaycan dünyanın bir çox ölkəsi ilə həyata keçirdiyi hərbi əməkdaşlığın nəticəsində ordunu ən müasir texnika-texnologiya ilə təchiz edə bilmişdir.

Cənab Prezident yaxşı bilirdi ki, siyasət sürət anlayışnı sevmir və Qarabağ kimi həssas bir məsələdə yol veriləcək ən kiçik bir səhv on illərdir həyata keçirilən, səbrlə izlənilən gedişatı kobud surətdə poza bilərdi. Nəyi necə etmək lazımdır, mən bilirəm deyən Müzəffər lider, bir tərəfdən düşməni və onun havadarlarını “Azərbaycan bacara bilməz” yuxusundan oyatmamağa çalışarkən, digər tərəfdən isə Azərbaycan xalqına ümid olmuş və son nəticə olaraq, ölkəmiz 200 ilin ardından özündən qopmuş bir parçasını yenidən suverenliyinə qaytarmağı bacarmışdır.

Cənab Prezident hələ 2003-cü ildən etibarən, keçmiş Minsk qrupu həmsədrləri ilə görüşlərdə açıq şəkildə bildirmişdi ki, Azərbaycan bir qarış torpağını güzəştə getməyəcək və biz haqq işimizdən bir addım geri çəkilməyəcəyik. Beləcə dünyaya sübut etdiki, 20 il bundan əvvəl hansı vədlər verilmişdirsə, hər biri yerinə yetirilmişdir. Bugün Qarabağ problemi həll edilib, Azərbaycan Avropanın enerji təhlükəsizliyi fonunda strateji əhəmiyyətə sahib dövlətdir və beynəlxalq proseslərə təsir imkanımız günü-gündən artmaqdadır. Bugün Azərbaycan Respublikası özünün ən müstəqil və ən güclü dövrünü yaşayır və bizlər vətəndaş olaraq, bu ölkənin gənc nəsli olaraq olduqca əlamətdar tarixi anlara şahidlik etməkdəyik.

Hər liderin özünəməxsus diplomatik portreti olur. Cənab Prezident İlham Əliyevin diplomatik portreti bütün əziyyətlərə, təzyiqlərə baxmayaraq, xalqının birliyindən aldığı güc-qüvvət ilə addım-addım Zəfərə doğru addımlayan, on illərdir öz haqq işindən bir addım belə geri atmayan bir Liderin portretidir. Bu gün dünyanın fərqli universitetləri, strateji beyin mərkəzləri 44 günlük müharibə zamanı Azərbaycanın həyata keçirdiyi əməliyyatların planlanması və həyata keçirilməsi yolları ilə tanış olurlar, bu gün dünya liderləri cənab Prezident İlham Əliyevlə əməkdaşlıq etmək üçün tələsirlər. Keçdiyimiz hər ay Azərbaycana fərqli ölkələrin dövlət və hökümət başçıları, müxtəlif səviyyələrdə diplomatik nümayəndə heyətləri gəlir, cənab Prezident dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən danışıqlara və görüşlərə dəvət alır, müşahidə edilən “diplomatik tıxac” Azərbaycanla əməkdaşlıqda maraqlı olan dövlətlərin yeni reallıqdan duyduqları məmnunluğu ifadə edir. Bütün bu reallıqların memarı isə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Hələ 20 il bundan əvvəl verilən bütün vədlər bu gün artıq yerinə yetirilib. Bunun nəticəsidir ki, xalqımız qəti şəkildə inanır ki, Azərbaycan xalqı tezliklə özünün tarixi yurdlarına qayıdacaq, Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək, Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanın Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqəsi təmin ediləcək.

Azərbaycan xalqı Müzəffər Liderinə sonsuz inanır və hər daim onun arxasındadır!

Dəmir yumruq dövlətin və xalqın birliyidir!

Cənab Prezidentin timsalında birliyimiz hər zaman daimi olsun!

Bahadur Hüseynov,
Beynəlxalq münasibətlər üzrə magistr,
Hacettepe Universiteti,
Ankara