15 oktyabr 2023 12:08
367

Qalib ölkənin vətəndaşı olmaq böyük qürurdur

Bu gün böyük fəxrlə qeyd edirik ki, Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan Onun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, möhtəşəm uğurlara imza atır. Təbii ki, bu, böyük səylərin, ən əsası dövlətinə, xalqına sevgini özündə ehtiva edən siyasətin nəticəsidir.

Dövlət başçısı İlham Əliyevin Prezidentlik dövrünün 20 ili tamam olur. 2003-cü il 15 oktyabr tarixində ölkəmizdə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin sevgisini qazanaraq Prezident seçilən cənab İlham Əliyev Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirdi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında mühüm xidmətlərindən olan 1 oktyabr 2003-cü il tarixli müraciətində belə bir inam ifadə edilmişdir ki, axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri xalqın  köməyi və dəstəyi ilə cənab  İlham Əliyev başa çatdıra biləcək. Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.

20 il özündə biri-birindən möhtəşəm, Azərbaycanın beynəlxalq nüfuzuna, imzası qədər sözünün dəyərinə yeni əlavələr gətirən uğurlarla zəngindir. Dövlət başçısı İlham Əliyevin bu illər ərzində gördüyü işlərin ümumiləşdirilmiş təqdimatı tarixi Zəfərimizdir.

Bu gün Azərbaycan gəncliyinin hazırkı inkişaf səviyyəsinə gəlib çatması, milli ruhda böyüməsi, torpaq, Vətən sevgisinin artırılması, bir sözlə, gələcəyimiz kimi inkişaf etdirilməsi istiqamətində atılan addımlardan bəhs etmək istərdim. Ümummilli Lider Heydər Əliyevin «Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir» fikirləri  qüdrətli respublikamızın simasında öz əksini tapır.  Ulu Öndər Heydər Əliyevin  hakimiyyətinin hər iki dövründə gənclərə aparıcı qüvvə kimi dəyər verilib. Ulu Öndərin gəncliyə diqqət və qayğısını daha əhatəli, şaxələnmiş istiqamətdə davam etdirən Prezident İlham Əliyev bu siyasətə sadiqliyini real fəaliyyəti ilə doğruldur. Belə ki, 20 ildə gənclərin inkişafı istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin Sərəncamı ilə 2007-ci il ölkədə «Gənclər ili» elan olundu. Ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında yeni nəslin fəal iştirakı üçün önəmli kadr islahatı həyata keçirildi, gənc istedadlara dövlət qayğısı artırıldı. «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» və «Azərbaycan gəncliyi 2017-2021-ci illərdə» Dövlət Proqramları, «2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası» və digər biri-birindən mühüm sənədlər  gənclərlə bağlı məsələlərin həllini aktuallaşdırdı.

    Ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik ruhuna, milli düşüncəyə malik, ölkənin ictimai-siyasi həyatında rolu artan gənclər ordusu formalaşıb. «Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin» sözləri ilə gənclərə inamını bildirən Prezident İlham Əliyev həyat təcrübəsinə əsaslanaraq bildirir ki, ən çıxılmaz vəziyyətdə belə gənclər qətiyyətli olmalıdırlar. Yeni nəslin üzərinə düşən vəzifələri «Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir. Ona görə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır» sözləri ilə bildirən cənab İlham Əliyevin rəhbərliyi ilə xoşbəxt, parlaq gələcəyə doğru inamla irəliləyən gənclər üzərilərinə düşən vəzifəni uğurla yerinə yetirirlər. Azərbaycan gəncliyi dünyada mövcud olan ən müasir texnologiyalar əsasında yeniliklərə imza atmaqda da fərqlənirlər. Ölkəmizdə könüllülər hərəkatının genişləndirilməsi də gənclərə diqqət və qayğının göstəricisidir.  Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin  ölkəmizdə “Könüllülər ili” elan olunması dövlət səviyyəsində könüllülərin fəaliyyətinin genişlənməsinə geniş şərait yaratdı. Bu günə qədər Azərbaycanda keçirilmiş mühüm beynəlxalq tədbirlərdə könüllü qüvvəsindən geniş və səmərəli şəkildə istifadə olunub. Azərbaycan gəncliyini gələcəyimiz üçün etibarlı təməl adlandıran Prezident İlham Əliyev əminliklə söyləyir ki, könüllülər artıq cəmiyyətdə öz layiqli yerlərini tutublar. Birinci Avropa Oyunlarından sonra «Könüllülər hərəkatı»nın növbəti ünvanı «ASAN xidmət» oldu. Azərbaycan brendi olan və sayı artan «ASAN xidmət»lərdə, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzlərində  könüllülər xeyirxahlıqları, yeni davranış qaydaları ilə Azərbaycan gəncliyinin simasını təbliğ edirlər.

 Bu gün Azərbaycan gəncinin torpaq, Vətən sevgisini xüsusi qeyd etməliyik. Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Azərbaycan gəncliyi 44 günlük İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıq, şücaət göstərərək şəhidlik zirvəsinə ucaldıar. 30 il torpaqlarımızın azad edilməsi üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyən gənclərimiz 27 sentyabr 2020-ci ildən başlayaraq 44 gün ərzində ermənilərə tarixdə heç vaxt unutmayacaqları məğlubiyyət dərsini verdilər.  Vətən müharibəsinə azadlıq uğrunda mücadilə kimi qoşulan gənclərin sayı-hesabı yox idi. Əsgər və zabitlərimizlə birgə düşməni məğlub edən könüllü gənclərimiz rəşadətləri ilə sübut etdilər ki, Azərbaycan torpaq uğrunda qurban getməyə hazır övladlar yetişdirən xalqın yurdudur.

Müzəffər Ali Baş Komandan İlham Əliyev adını qalib Prezident kimi  dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı. Dövlət başçımız Ümummilli Liderin arzularını reallığa çevirdiyi üçün xoşbəxtdir. Bu sevinc, xoşbəxtlik Müzəffər Ali Baş Komandanın tarixi Zəfərimizdən sonra torpaqlarımıza davamlı səfərlərində, onların müsir tələblər səviyyəsində qurulması ilə bağlı tapşırıqlarında, bu məkanlardan ünvanladığı çağırışlarda özünün aydın ifadəsini tapır. Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, cənnət məkana çevrilir. Bu torpaqlar bizimdir və burada əbədi olacağıq. Qalib ölkənin vətəndaşı olmaq böyük qürurdur.

Gülər Kərimova,
​YAP Şabran rayon təşkilatının məsləhətçisi