15 oktyabr 2023 11:00
338

Vətənə sevgi, dövlətə sədaqət: Qalib Ordunun Müzəffər Ali Baş Komandanı - Prezident İlham Əliyevin 20 ili

Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında qərarlaşıb 

Hər bir dövlətin qarşısında dayanan  əsas vəzifələrdən biri də ordu quruculuğudur. Müharibə şəraitində yaşayan bir ölkə üçün isə güclü, qüdrətli ordunun olması daha vacibdir.  Məhz bu baxımdan, 2003-cü ildən  Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən   Prezident İlham Əliyev ilk gündənölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə xüsusi diqqət göstərdi. Ən əsası hökumət qarşısında bu vəzifə qoyuldu ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsinə bərabər olmalıdır.

2003-cü ildən sonrakı dövrdə hərbi xərclər 15 dəfədən çox artıb

 Ölkənin hərtərəfli inkişafında, ən əsası bütün sahələrdə mühüm tədbirlərin görülməsində, addımların atılmasında iqtisadi tərəqqi əhəmiyyətli rol oynayır. Azərbaycanın iqtisadi inkişafı göz önündədir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Hərbi büdcəmizdə ildən-ilə artıma diqqət yetirməklə bu sahəyə qayğının aydın mənzərəsini yarada bilərik. Belə ki,  2003-cü ildə hərbi büdcəmiz  135 milyon dollar idisə, 2018-ci ildə bu rəqəm  1.6 milyard dollara bərabər olub.Statistika Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 16 avqust 2005-ci ildə  Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatında keçirdiyi müşavirədəki nitqində
“İqtisadi tərəfə gəldikdə, indi Ermənistan ümumiyyətlə, bizə rəqib deyildir. Bizim hərbi büdcəmiz 300 milyondur. Mən hökumət qarşısında vəzifə qoymuşam və buna nail olacağıq ki, yaxın zamanlarda bizim hərbi büdcəmiz Ermənistanın ümumi büdcəsinə bərabər olmalıdır və bunu biz edəcəyik. Əgər mən bunu vəzifə kimi qoymuşamsa, buna nail olacağıq. Ermənistan gəlsin, bizimlə rəqabət aparsın” fikirlərinin təsdiqidir. 2003-cü ildən sonrakı dövrdə hərbi xərclər 15 dəfədən çox artırılıb.

Ermənistanın “uğursuz ölkə” imici qazanmasında işğal faktı xüsusi rol oynayır. Qonşu dövlətlərə qarşı əsassız torpaq iddiaları ilə çıxış edən və bunu havadarlarının köməkliyi ilə gerçəkləşdirən Ermənistan zaman-zaman bu siyasətin ona heç zaman uğur gətirmədiyinin şahidinə çevrilib. İşğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən kənarda qalan Ermənistan iqtisadi  böhran içərisində çabalamaqla ən kasıb ölkələr sırasında qərarlaşıb. İqtisadiyyatı iflic vəziyyətində olan bir ölkənin güclü ordudan dnışması qeyri-mümkündür. Baxmayaraq ki, Ermənistan rəhbərliyi erməni ordusu barədə illərdir “yenilməz, məğrur” imicini yaradırdı. Vətən müharibəsi Azərbaycan ordusunun ən güclü ordular sırasında olduğunu təsdiqləyərək ermənilərin yaratdığı bu mifi darmadağın etdi.   

“Azərbaycan Ordusu  dünyanın ən güclü  orduları sırasındadır” söyləyən dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin bu fikirlərini 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz təsdiqlədi. Zəfərimizdən bəhs etmədən öncə  dövlət başçısı İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı addımların xronologiyasını təqdim edirik.

Silahlı Qüvvələr Günündə keçirilən hərbi paradlar, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq müdafiə sərgiləri ordumuzun malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır.  Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin   «Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik» bəyanatı da ordumuzun gücünə, qüdrətinə əminlikdən irəli gəlirdi.

Beynəlxalq maliyyə təşkilatlarının  reytinqlərində,  hesabatlarında ən qabaqcıl yerlərdə dayanan Azərbaycan bu qüdrəti ilə subut etdi ki, təkcə iqtisadiyyatı ilə deyil, hərbi qüdrəti, hərtərəfli təmin  olunmuş nizami ordusu ilə  regionda, dünyada öncüllüyünü qoruyur və   sülhsevər siyasəti ilə  fərqlənən, sabit məkan kimi tanınan  nadir ölkələrdəndir. İşğalçı Ermənistandan fərqli olaraq öz hesabına yaşayan,  maddi dəstəyə ehtiyac olmayan   ölkəmizdə dövlət büdcəsindən müdafə məqsədilə ayrılan  hərbi xərclərin 15 dəfə artması, hərbi hissələrin, hərbi şəhərciklərin yaradalması  Ali Baş Komandanın ölkənin müdafiə qüdrətinin  gücləndirilməsinə göstərdiyi diqqətdir. «Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilir» sözlərinin canlı şahidi olan,  Milli Ordumuzun  nizam-intizamı,  təchizatı ilə  qürur duyan  Azərbaycan  xalqı əmin idi  ki,  torpaqlarımızın işaldan azad olunacağı gün uzaqda deyil.

20-dən çox hərbi zavod, 1200 adda hərbi təyinatlı müxtəlif məhsul

 Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması, müdafiə sənayesinin formalaşdırılıb, 20-dən çox hərbi zavod yaradılıb, 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalına başlanılıb. Ölkə Prezidenti, Ali Baş Komandan bildirir: “Bizdə heç vaxt hərbi sənaye yox idi. Əgər biz bunu yaratmasaydıq, bu gün böyük problemlərlə üzləşə bilərdik. Amma indi nəinki özümüzü bir çox hərbi təyinatlı məhsullarla təmin edirik, ixrac da edirik və ixrac coğrafiyamız artıb. Biz onlarla ölkəyə hərbi məhsul ixrac edirik. Heç 15 il bundan əvvəl bu haqda fikirləşmək də əbəs idi. Onu kimsə desəydi, bəlkə də inanmazdılar. Amma bu, reallıqdır. Reallığı biz yaradırıq, öz əllərimizlə, öz gücümüzlə, öz iradəmizlə.”

 Azərbaycanda «ADEX-2014», «ADEX-2016», ADEX-2018” beynəlxalq müdafiə sərgisinin təşkili Azərbaycanın hərbi qüdrətinin dünya standaratları səviyyəsində  olduğunu göstərir. “ADEX-2018”  sərgisində dünyanın 29 ölkəsini təmsil edən 224 şirkət iştirak etmişdir. Regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından ibarət olan genişmiqyaslı bu tədbir müasir silah və avadanlıqların, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişi üçün geniş imkanlar açdı. Azərbaycanın hərbi sənaye kompleksinin geniş təmsil olunduğu sərgi böyük maraqla qarşılanmışdı. Vacib məqam ondan ibarətdir ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə qısa müddətdə yenidənqurma işlərinin aparılması,  bu məqsədlə dünyanın inkişaf etmiş ölkələri ilə əlaqələrin qurulması nəticəsində inkişafa nail olunub və nəticə sərgidə göz qabağında idi.
Müasir silah və texnikanın, habelə milli müdafiə sahəsində Azərbaycanın gücünün və qüdrətinin böyük nümayişinə çevrilən sərgidə son illərdə ölkəmizdə istehsal olunan yüngül və ağır hərbi texnikalar nümayişə çıxarılmışdır.

Bu mühüm məqamı da xüsusi qeyd edilməlidir ki, orduya, zabitə, əsgərə qayğı, məişət, xidmət şəraitinin yaxşılaşdırılması,  ordunun silah-sursat, texnika ilə təchizatı, , döyüş qabiliyyətinin artırılması əsas amillərdir. Əlbəttə ki, bu amillər sırasında  vətənpərvərlik, torpağa bağlılıq da əsas yer tutur. Ölkə Prezidenti daim hər bir hərbi hissədə ideoloji tərbiyənin  yüksək səviyyədə təşkil edilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Bildirir ki, buna bütün rəhbər heyət cavabdehlik daşıyır. Gənclər  milli ruhda, vətənpərvərlik ruhunda böyüməli,  müstəqilliyin qədrini bilməlidirlər.

Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir

2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin 100 illliyi, həmçinin həmin ilin sentyabrında Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən hərbi paradlarda  Ali Baş Komandanın qürurverici, torpaqlarımızın işğaldan azad ediləcəyi, üçrəngli bayrağımızın bütün ərazilərimizdə dalğalanacağı ilə bağlı əminliyi özündə edən çıxışı,  Azərbaycan xalqının  sevincinə sevinc qatan  sözləri əsl sərkərdə qətiyyətinin nümunəsi, düşmənə daha bir xəbərdarlıq idi: «Son illər ərzində ən müasir texnika və silahlar alınıbdır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri – bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir.» Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda nümayiş etdirilən 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar ölkəmizin hərbi qüdrətini bütün dünyaya göstərdi. Azərbaycan Ordusu NATO standartlarına cavab verir. Postsovet ölkələri arasında NATO-nun proqramlarında ən çox iştirak edən ölkə Azərbaycandır.

Ordunun döyüş qabiliyyəti, hərbçilərimizin peşəkarlığı yüksəlib

2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, Silahlı Qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması özünü 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdi. Tarixi Zəfərimizə qədər dünya rəşadətli ordumuzun hansı imkanlara malik olduğunu 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında şahidi olmuşdu. Torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə edilən 2003-2020-ci illərdə Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülür.  Hazırda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Ümummilli Lider Heydər Əliyev bu çağırışı etmişdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır. Dünya 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli ordumuzun nəyə qadir olduğunun şahidinə çevrildi.

Tarixi ədaləti bərpa edildi

Dövlət başçısı  İlham Əliyev Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycana ən yüksək zirvələri fəth etdirərək tariximizin Zəfər səhifəsini yazdı. İmzaların arasında imzasını görməkdən qürur duyduğumuz Azərbaycanın bu gün üçrəngli bayrağının işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması ərazi bütövlüyümüzün bərpa olunmasının, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının təqdimatıdır.  

Azərbaycan yeni reallıqlar yaratdı. Bu reallıqlar erməni yalanlarını, mifini dağıtdı. Dünyaya göstərildi ki, yenilməz ordu Azərbaycan Ordusu, məğlubedilməz xalq Azərbaycan xalqıdır. Azərbaycan ədaləti bərpa edərək dünyaya sözün əsl mənasında tarix, hüquq dərsi keçdi. Dövlət başçısı İlham Əliyev xalqa müraciətlərində də bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycanın döyüş meydanındakı qələbəsi siyasi müstəvidə qələbəsini şərtləndirdi.  Baxmayaraq ki, Azərbaycan daim sülh danışıqlarının tərəfdarı olduğunu bəyan edib. Hətta müharibənin davam etdiyi günlərdə də cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Ermənistanın  irəli sürdüyümüz şərtləri qəbul etdiyi təqdirdə danışıqlar masası ətrafında oturmağa hazırıq. Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin diplomatik həllinin mümkün olmadığını bildirsə də, Azərbaycan Ordusunun gücü qarşısında diz çökərək məlum  Bəyanatı imzalamağa məcbur edildi. Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti  bərpa etdi.

Anar Miriyev, “İki sahil”