15 oktyabr 2023 12:00
417

Güclü iqtisadiyyat – güclü dövlət formulu reallaşdı - Prezident İlham Əliyevin 20 ili

Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı xalqımızın ən böyük arzularından olan -  təbii  sərvətlərinin əsl sahibinə çevrilmək istəyini gerçəkləşdirdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi.

15 oktyabr 2003-cü il  prezident seçkilərində xalqın 76,84 faiz səsini toplayaraq Prezident seçilən cənab İlham Əliyev 31 oktyabr tarixində  andiçmə mərasimində  bu vədini də vermişdi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.”

Prezident İlham Əliyevin “nəyə görə bu gün Azərbaycan bölgədə və dünyada öz siyasətini inamla apara bilir? Azərbaycan bu gün özünə güvənir? Ona görə ki, güclü iqtisadi dayaqlarımız vardır. Güclü iqtisadi dayaqlar siyasi müstəqilliyə də təkan verir. Bu gün, sözün əsl mənasında, Azərbaycan müstəqil siyasət aparır” sözləri 20 illik siyasətə işıq salır.

İqtisadiyyatın inkişafında neft amilinə önəm verən, neft-qaz sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirən  ulu öndər Heydər Əliyevin siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyev neft-qaz sektorunun rolunu xüsusi vurğulamaqla yanaşı, qeyri-neft sahəsinin inkişafının prioritetliyini bildirdi.

2003-2018-ci illərdə neft sektorunda əldə olunan uğurların xronologiyasına diqqət yetirək.   2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyunun 14-də isə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin ilk partiyası Ceyhan dəniz terminalında “British Hawthorn” tankerinə yüklənərək dünya bazarına yola salındı. 600 min barrel xam neft yüklənmiş həmin tankerin Ceyhan limanından yola salınması ilə Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına ixracı başlandı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin ən böyük uğurlarından olan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirdi, Azərbaycanı  Cənubi Qafqazın liderinə çevirib. Bu gün ulu öndər Heydər Əliyevin adını daşıyan BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir.

Azərbaycan neftinin Ceyhan terminalına məhz 28 May- Respublika Günündə çatmasının öz rəmzi mənası olduğunu bildirən dövlət başçısı İlham Əliyev xalqa təbrikində bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarını, beynəlxalq münasibətlər sistemində yerini və rolunu  təsəvvür etmək çətin deyildi. Cənab İlham Əliyev dövlət müstəqilliyimizin qorunmasında «Əsrin müqaviləsi»nin böyük rolu olduğunu qeyd etmişdir.

2017-ci ildə  Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında yeni Saziş imzalandı. Bununla da, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yataqları blokunun işlənilməsində yeni dövr başlanıb. Sazişi Azərbaycan hökumətinin, SOCAR-ın, BP, “Chevron”, IMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, ITOCHU və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar.  Hasilatın Pay Bölgüsü haqqında yenidən işlənmiş və 2050-ci ilə qədər uzadılan  sazişə əsasən, BP fəaliyyətini layihənin operatoru kimi davam etdirir, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır, mənfəət neftinin isə 75 faizi Azərbaycana qalır. “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsasını qoyur. Bu, müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir.

2018-ci ildə  Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirildi. Azərbaycan və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak etdilər.  “Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton olmaqla, müxtəlif həcmlərdə dizel yanacağı, təyyarə yanacağı, yüngül nafta və digər emal məhsullarını istehsal etmək imkanına malikdir. Zavod Türkiyənin təyyarə yanacağına olan tələbatının böyük hissəsini ödəmək iqtidarındadır.

Bu mühüm hadisəni də qeyd edək ki, 2017-ci il 8 noyabrda  iki milyard ton neftin  hasil olunması təntənə ilə qeyd edildi. Bu münasibətlə  keçirilən  təntənəli mərasimdə ölkə Prezidenti İlham Əliyev bildirmişdir ki, bu gün Azərbaycan dünyada neft və qaz hasil edən ölkə kimi tanınır. Bizim dünyadakı rolumuz, gücümüz artır və bunun təməlində Heydər Əliyev neft strategiyası dayanır.

Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan, eyni zamanda, qaz ixracatçısıdır

2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri (Cənubi Qafqaz qaz boru kəməri) istifadəyə verildi və “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qaz Gürcüstan, Türkiyə və Yunanıstana ixrac edilməyə başlandı. 2012-ci ildə Azərbaycan  Prezidenti İlham Əliyev və o zaman qardaş Türkiyənin Baş naziri, hazırda Prezidenti  Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP (Trans-Anadolu təbii qaz boru kəməri) layihəsinə imza atıldı. 2013-cü ildə “Şahdəniz” konsorsiumu TANAP qaz kəməri ilə daşınacaq Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Türkiyə sərhədini İtaliyanın cənubuna birləşdirən TAP (Trans Adriatic Pipeline) layihəsini seçdi. Bu layihələr “Şahdəniz” yatağını İtaliyanın cənubuna birləşdirməklə  Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına imkan verir.

 Qeyd edək ki, 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalandı və bu, həmin layihənin icrasının başlanğıc mərhələsi oldu.Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başladı. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyində Səngəçalda Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının, nazirlərinin və beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı iləCənub Qaz Dəhlizi layihəsinin təməlqoyma mərasimi keçirilib.Azərbaycan strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı, səhmdarı və ev sahibinə çevrildi. Bu təşəbbüsə ilk olaraq Türkiyə və Gürcüstan, sonrakı dövrdə İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya qoşulub. Hazırda yeni və potensial tərəfdaşlar arasında Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da yer alıb.

2018-ci il mayın 29-da Səngəçal terminalında  Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi.2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin rəsmi açılışı oldu və bununla da onun tikintisi tamamlandı. 2020-ci il dekabrın 31-də  TAP layihəsi  tamamlanaraq istifadəyə verildi.  Beləliklə, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılacaq. 

2003-2022-ci illərdə Azərbaycanda ÜDM 7.3 milyard dollardan 78.7 milyard dollara yüksəlib. Ddövlət büdcəsinin xərcləri 1.2 milyard manatdan 36.6 milyard manata çatıb. Strateji valyuta ehtiyatları 1.4 milyard dollardan 66.1 milyard dollara qədər artıb. Oorta aylıq əmək haqqı 77.4 manatdan 839.4 manata yüksəlib.

 “Biz bu gün iqtisadi müstəqilliyi təmin etmişik. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Əgər biz kimdənsə asılı olsaq, heç vaxt müstəqil siyasət apara bilmərik, heç vaxt öz prinsipial mövqeyimizi indiki qədər ifadə edə bilmərik. İqtisadi müstəqillik siyasi müstəqilliyə gətirib çıxardı ki, bu gün Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan nadir ölkələrdən biridir” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, iqtisadi müstəqillik isə neftçilərin zəhməti hesabına təmin edilir. Ona görə hər kəs bilməlidir ki, hələ uzun illər bundan sonra ölkəmizin neft-qaz sektoru bizim üçün əsas dayaq olacaq. Ona görə Azərbaycan dövləti və neftçilər bundan sonra da bütün səylərini qoymalıdırlar ki, biz bu sektoru inkişaf etdirək.

15 oktyabr 2003-cü il president  seçkilərindən cəmi bir ay sonra Prezident İlham Əliyevin 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanı sosial-iqtisadi sahədə əldə olunmuş dinamik inkişafın yeddi istiqamət üzrə növbəti mərhələdə ardıcıl və sistemli şəkildə davam etdirilməsini nəzərdə tutaraq bununla bağlı hökumətin qarşısında mühüm vəzifələr qoydu.

 

 

Digər mühün sənəd regionların inkişafı ilə bağlı oldu. Cənab İlham Əliyev “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” tezisini irəli sürərərək bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifa etmək məqsədilə regional inkişaf proqramını imzaladı. Dövlət başçısı regionların inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin açılması kimi dəyərləndirdi. Ölkə Pezidentinin 11 fevral 2004-cü il tarixli “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” Fərmanında regionların sosial-iqtisadi inkişafının təmin edilməsi ilə əlaqədar həlli vacib olan konkret məsələlər müəyyənləşdirilərək regional tarazlığın əldə olunması, həmçinin onların iqtisadi gücünün artırılacağı təqdirdə sosial problemlərin aradan qaldırılmasının sürətləndirilməsi nəzərdə tutulmuşdur. Həmin sənəd yer alan hədəflər sırasında  beş ildə 600 min yeni iş yerinin qaradılması nəzərdə tutulmuşdur. Qeyd edək ki, proqramın icrası başa çatanda bu rəqəm 700 min olmuşdur. Hər bir sənədin uğurlu icrası növbəti Proqramların icrasını şərtləndirərək 2003-2018-ci illərdə üc proqramın icrası başa çatıb, dördüncü sənədin icrası 2019-cu ildən davam edir.

Cənab İlham Əliyev Prezident kimi jurnalistlərə ilk müsahibəsində də bildirmişdir ki, zaman dəyişir, qarşıya yeni-yeni tələblər qoyulur. Məhz bu tələblər yeniləşməni, modernləşməni daha da aktuallaşdırır. Cənab İlham Əliyevin rayonlara ardıcıl səfərləri, hər səfərindən sonra həmin regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə əlavə tədbirlər planının təsdiqlənməsi və Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması bu inkişafı daha da sürətləndirir. Uğurlu, təkmil addımların nəticəsində bu gün ölkəmizdə işsizlik, yoxsulluq 5 faiz səviyyəsindədir. Cənab İlham Əliyev 2003-cü il andiçmə mərasimində yoxsulluq kimi sosial bəlanın tamamilə aradan qaldırılacağını əsas vəzifə kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə görülən işlər beynəlxalq səviyyədə də təqdir edilir. Bu faktı da qeyd etməliyik ki, Azərbaycan Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahibdir. Bu, inkişaf modeli dünyaya təqdim edilən və öyrənilməsinin vacibliyi vurğulanan Azərbaycanın mühüm uğurlarındandır. Azərbaycan, eyni zamanda, investisiya cəlbediciliyi baxımından da diqqət çəkir. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır. Bunun böyük qismi xarici investisiyalardır. Bu faktın özü Azərbaycanın bu gününə, gələcəyinə inamın təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Heç kəsə sirr deyil ki, sərmayələr, xüsusilə xarici sərmayələr sabitlik olan ölkələrə qoyulur. Çünki hər bir sərmayədar o qədər də risk etmək istəmir. Bu baxımdan da Azərbaycan sərmayə qoyuluşu üçün çox münasib ölkədir. Azərbaycanda hökm sürən sabitlik, ictimai-siyasi asayiş sərmayələrin cəlb olunması istiqamətində böyük addımlar atmağa imkan veribdir.” 2003-2022-ci illərdə Azərbaycanda ÜDM 7.3 milyard dollardan 78.7 milyard dollara yüksəlib. Ddövlət büdcəsinin xərcləri 1.2 milyard manatdan 36.6 milyard manata çatıb. Strateji valyuta ehtiyatları 1.4 milyard dollardan 66.1 milyard dollara qədər artıb. Orta aylıq əmək haqqı 77.4 manatdan 839.4 manata yüksəlib.

Yeganə Cəlilqızı, "İki sahil"