14 oktyabr 2023 13:09
435

Müzəffər Sərkərdə, lider prezident: Azərbaycan tarixinin şanlı 20 ili

Müzəffər Ali Baş Komandan, xalqımızın lideri, cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötür.

2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev seçicilərin böyük əksəriyyətinin etimadını qazanaraq Prezident seçildi. Bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Onun ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində İlham Əliyev yenidən inamlı qələbə qazandı.

Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir.

20 il ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə regionda çox böyük nəqliyyat layihələri icra olunmaqdadır. Şərq-Qərb nəqliyyat marşrutu artıq reallaşıbdır. 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasından sonra artıq bu marşrut fəaliyyətdədir. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində intensiv işlər görülməkdədir. Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün işlər yerinə yetirilmişdir. Bu iki önəmli nəqliyyat dəhlizi yeni təşəbbüslərlə çıxış etmək üçün də imkanlar yaratmışdır.

Böyük fəxr hissi ilə onu da vurğulayaq ki. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək artımın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması, investisiyaların təşviqi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan genişmiqyaslı islahatlar kursu beynəlxalq aləmdə də olduqca yüksək qiymətləndirilir.

Hələ 2003-cü il oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində Prezident İlham Əliyev keçmiş Dağlıq Qarabağ münaqişəsi haqqında belə demişdi: "Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək". Ümummilli Lider Heydər Əliyevin uzaq hədəflərə hesablanmış iqtisadi siyasətini, mükəmməl ordu quruculuğu strategiyasını əzmlə davam etdirərək xalqımızın dərin mənəvi-siyasi dəstəyini qazanan Prezident İlham Əliyev Zəfərə aparan şərəfli yolun yenilməz sərkərdəsinə çevrildi. Dövlət başçısı torpaqlarımızın işğaldan azad edilməsi kimi ağrılı və çətin missiyanı ilk gündən üzərinə götürərək "güclü ordu - güclü dövlət" konsepsiyasının fundamental bazisi olan yeni iqtisadiyyat quruculuğunu daim xüsusi diqqətdə saxladı. İqtisadi güc amili Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlar, transmilli şirkətlər, inkişaf etmiş ölkələrlə iqtisadi-siyasi münasibətlərinin dərinləşməsində mühüm rol oynayıb, eyni zamanda ərazilərimizin işğalı faktının etirafı, ərazi bütövlüyümüzün tanınması baxımından əhəmiyyətli oldu. Belə ki, sentyabrın 27-də işğalçı Ermənistanın silahlı birləşmələri bütün cəbhəboyu ərazilərimizdə yenidən təxribata əl atdı. Ali Baş Komandan isə illərlə gözlənilən hücum əmrini verdi və "Dəmir yumruq" əməliyyatı ilə Vətən savaşı başladı. Xalqa müraciətində Ali Baş Komandan bəyan etdi ki, biz öz torpaqlarımızda vuruşuruq, erməni əsgəri Azərbaycan torpaqlarını tərk etməyincə əməliyyatlar dayanmayacaq. Sülh danışıqları isə o zaman başlaya bilər ki, Ermənistan rəhbərliyi ordusunun torpaqlarımızdan nə zaman çıxması ilə bağlı Azərbaycana təqvim planı təqdim etsin. Əks təqdirdə düşmən məhv ediləcək.Bəli, Müzəffər Ali Baş Komandanın "Dəmir yumruq" əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər döyüşü qəhrəmanlıq dastanına çevrildi. İgid Azərbaycan oğulları şərəfləri ilə ən böyük tariximizi yazdılar, qanları, canları bahasına, heç nədən qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxaraq xalqın 30 illik həsrətinə son qoydular. Məhz Ali Baş Komandanımız cənab İlham Əliyevin diplomatik məharətinin nəticəsində Ermənistan illərlə möhkəmləndiyi, "keçilməz" istehkamlar qurduğu Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atılmadan Azərbaycana qaytardı. Bu, Ali Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi. Bu, bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübutu idi. Bu, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən ulu öndər Heydər Əliyevin layiqli varisi, onun yarımçıq qalan arzularını gerçəkləşdirən və Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Ali Baş Komandanımız, Prezident İlham Əliyevin ata vəsiyyətinə sadiq olduğunun göstəricisi idi.

20 il öncə xalqın mütləq əksəriyyətindən etimad mandatı alan İlham Əliyev adını Azərbaycan tarixinə qurucu, islahatçı, humanist Prezident və Müzəffər Sərkərdə kimi yazdırdı. Əgər Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın xilaskar lideridirsə, Prezident İlham Əliyev Şanlı Zəfərin memarı kimi Qarabağı bizlərə qaytaran və onu yenidən gülüstana döndərəcək güclü, qətiyyətli lider kimi tarixdə əbədi qalacaq. Bir sözlə, 2003-cü ildən bu günə qədər ötən dövrü analiz etmək onu deməyə əsas verir ki, cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz Lideridir, Qalib Sərkərdəsidir! Və Qarabağı işğaldan azad etməyi bacarmış Ali Baş Komandan kimi bu işlərin öhdəsindən də gələcəyinə heç kim şübhə etmir. Çünki Qarabağ Azərbaycandır!

Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir. Dövlətimizin başçısı İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar Heydər Əliyev siyasətinin təntənəsi və İlham Əliyevin parlaq fəaliyyətinin nəticəsidir.

Azərbaycan xalqı əmindir ki, İlham Əliyevin rəhbərliyində bundan sonra da dövlətimiz daha çox inkişaf edəcək, saysız-hesabsız uğurlar əldə edəcəkdir!

Fuad Heydər