14 oktyabr 2023 12:29
335

Ulu Öndərin ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin əsasını təşkil edir

Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, Ulu Öndər Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Ulu Öndər Heydər Əliyev öz müdrik rəhbərliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir. Azərbaycan ziyalısını keçən yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə dahi lider Heydər Əliyevin fəaliyyəti ilə strateji dövlət siyasəti müstəvisinə keçmişdir.

Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyev qətiyyəti və müdrikliyi xalqımızı və ölkəmizi həmişə xilas etmişdir. Ümummilli liderimiz keçilməsi mümkün olmayan maneələri dahiyanə yanaşması ilə böyük əzm və səylə qət etmişdir. Ulu öndər Heydər Əliyev demişdir: “Ağıl olan yerdə zora ehtiyac yoxdur. Tarix həmişə hər şeyi öz yerinə qoyur”. 

Ulu Öndər Heydər Əliyev rəhbərliyinin bütün dövrlərində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. O, böyük siyasi və dövlət xadimi, hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya miqyasında kök atmışdır.
Ümummilli liderin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləmişdir. Qısa müddətdə Azərbaycanın beynəlxalq imici dəyişmiş, ölkəmiz dünyanın siyasi və iqtisadi arenasının fəal subyektlərindən birinə çevrilmişdir. Bütün ölkədaxili, regional və coğrafi-siyasi maneələrə baxmayaraq, Azərbaycan dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə etmişdir. 

Müdrik şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadi həyatında qazanılmış ən mühüm uğurlardan biri də dünyanın inkişaf etmiş nüfuzlu şirkətləri ilə bağlanmış neft müqavilələri olmuşdur. Bu müqavilələr Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün geniş perspektivlər açmışdır.  Ulu Öndər Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin qarantına çevrilməklə yanaşı, azad iqtisadi münasibətlər mexanizmlərini də hərəkətə gətirmiş, ölkəmizin dünya iqtisadi məkanına dinamik inteqrasiyasını, xalqımızın rifahının artması üçün çox önəmli olan xarici sərmayələrin cəlb edilməsini təmin etmişdir. Bütün bunlar dövlətimizin daxili qüdrəti ilə yanaşı, beynəlxalq nüfuzunun artırılmasına xidmət edir. Xəzər dənizinin Azərbaycan hissəsində dünyanın tanınmış neft şirkətləri ilə yataqların birgə işlənməsi üzrə ilk sazişlərin, “Əsrin müqaviləsi”nin imzalanması, ölkəmizin parlaq gələcəyinə stimul yaradan yeni neft strategiyası Heydər Əliyev müdrikliyinin bariz nümunəsi idi. “Əsrin müqaviləsi”nin Azərbaycanın parlaq inkişafı üçün nə demək olduğunu hamı anlamalıdır”. Bu sözlər məhz Ümummilli Lider Heydər Əliyevə məxsusdur.
Neft strategiyasının uğurla həyata keçirilməsi sosial-iqtisadi inkişafa təkan vermiş, əhalinin sosial həyat şəraiti yaxşılaşdırılmış, yoxsulluğun səviyyəsinin azaldılması üçün mühüm işlər görülmüşdür. Milli-mənəvi dəyərlərin qorunub saxlanılması, zənginləşməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi dövlətin prioritet vəzifələrindən birinə çevrilmişdir. Siyasi sistemin demokratik prinsiplər əsasında inkişafı, cəmiyyətimizdə ümumbəşəri dəyərlərin dərin kök salması Azərbaycanın beynəlxalq aləmə sıx inteqrasiyasına və formalaşmaqda olan demokratik dövlət kimi tanınmasına yol açmışdır.

Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə müstəqil dövlətimizin tərəqqisi üçün möhkəm təməl yaradılmışdır. Bu dahi insan var qüvvəsi və bacarığını Azərbaycanımızın yüksəlişinə və böyük zirvələri qət etməsinə sərf etmişdir. Ulu Öndər öz həyatının uğurlarını xalqına arxalanmaqda görərək demişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət edir. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da, mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Bu gün də Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirir. İndi Heydər Əliyev ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ideoloji əsaslarını təşkil edir. Onun xalqımız, Vətənimiz qarşısında ən böyük və müqəddəs borcu onun məmləkətimizin nailiyyətlərini gələcəkdə yaşatmaq və daha da təkmilləşdirmək iqtidarında olan layiqli, ləyaqətli bir varisi – Cənab Prezident İlham Əliyevi yetişdirməsidir. Bu bir reallıqdır ki, Azərbaycan Ümummilli liderimizin müəyyən etdiyi strateji və alternativi olmayan siyasi xətt ilə inamla irəliləyir, dövlətimiz gənc və dərin zəkaya malik liderlə daha sürətlə inkişaf edir. Dahi lider Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı üçün hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir.

Cavid Mehdizadə
YAP Xətai rayon təşkilatının fəalı