14 oktyabr 2023 00:22
345

Azərbaycan daim bütün humanitar normalara əməl edib

Sentyabrın 19-20 də Azərbaycan üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərini cəmi 24-saat ərzində başa çatdırdı.

Müharibədən keçən 3 ildə Ermənistanın öhdəliklərinə əməl etməməsi, silahlı qüvvələrin çıxarılmaması, əksinə onlara yeni silah-sursatın daşınması, yeni ərazilərimizin minalanması, Hayastanın baş naziri Nikol Paşinyanın “DQR”in yaradılmasının ildönümü haqqında təbriki, qondarma “prezident seçkiləri” və s. Azərbaycanı lokal xarakterli antiterror tədbirləri keçirməyə məcbur etmişdi.

Təbii ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağdakı bədnam xunta rejimi Azərbaycanın tələblərini yerinə yetirməyə hazır olduğunu bildirdi.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də günorta saatlarında lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Əldə edilən razılaşmaya görə, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Həmçinin yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirildi. Daha sonra sentyabrın 25- də Azərbyacanın Xocalı şəhərində azərbaycanlılarla Qarabağın erməni əhalisinin nümayəndələri arasında ikinci görüş keçirildi.

Böyük qürur hissi ilə demək lazımdır ki, sentyabrın 19-da başlayan lokal antiterror tədbirləri ölkəmizin başçısının bildirdiyi kimi, uğurla başa çatdı. Azərbaycan öz suverenliyini bərpa etdi.

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğur əldə edildi, strateji hədəflərə tam nail olundu. Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşündə bildirdi ki, Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib: “Beynəlxalq ekspertlər bunun şahididirlər. Yeri gəlmişkən, bu yaxınlarda azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası dünən və bundan təxminən bir həftə əvvəl artıq iki dəfə məhz bunu vurğulayıb ki, bütün humanitar normalara əməl olunub”.

Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət etdi. Lokal antiterror tədbirləri zamanı mülki əhalinin zərər çəkməməsi üçün mülki infrastruktur və mülki obyektləri hədəfə almadı. Silahlı Qüvvələrimiz yaşayış məntəqələrinə daxil olmadı. Yalnız kommunikasiyalar və yüksəkliklər nəzarətə götürüldü. Yalnız hərbi hədəflər vuruldu.

Antiterror tədbirləribaşlamazdan əvvəl ölkəmizin başçısı tərəfindən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verildi ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməsin və mülki əhali qorunsun. Yüksək dəqiqliyə malik silahlardan istifadə edən hərbiçilərimiz bu tapşırığı yüksək peşəkarlıqla yerinə yetirdi.

Dövlətimizin başçısı bildirdi ki, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər: “Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir”.

Bəli, cox nadir nümunədir ki, bu miqyasda tədbirlər zamanı mülki əhali və infrastruktur heç bir zərər görmədi.

Zahid Rza, “İki sahil”