14 oktyabr 2023 00:47
1157

AŞPA-nın “yan” arşını

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Bu “sənəd”in  qəbulunda Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyanın çıxışı əsas götürülüb. O, bildirib ki, guya Azərbaycanın Qarabağ ermənilərini etnik təmizləməyə məruz qoymaq kimi aydın məqsədi var imiş və  onlar həmin etnik təmizləməni həyata keçiriblərmiş. Daha sonra Ruben Rubinyan  deyib: “Azərbaycanın beynəlxalq asayiş və beynəlxalq hüquq üçün təhlükəyə çevrildiyini başa düşmək üçün dahi olmaq lazım deyil. Və o rejim təbii ki, qanunla cəzalandırılmalıdır. Biz Ermənistan nümayəndə heyəti olaraq  beynəlxalq ictimaiyyətdən, hər birinizdən ayrı-ayrılıqda dəstək gözləyirik”.

Şübhəsiz, onun bu fikirləri növbəti şounun detallarını beynəlxalq aləmə sırımaqdan başqa bir şey deyil. Çünki 2023-cü ilin sentyabr ayında 23 saat davam edən lokal antiterror tədbirlərindən sonra Qarabağda baş verənləri etnik təmizləmə kimi dəyərləndirmək heç bir məntiqə sığmır. Əvvəla qeyd edək ki, həmin tədbirlər zamanı yalnız separatçıların hərbi nöqtələri hədəfə alınıb, heç bir mülki sakinə ziyan dəyməyib. Oktyabrın 1-də həmin əraziyə gəlmiş BMT missiyası da bu faktları təsdiq etmişdi. Missiyanın yaydığı bəyanatda Azərbaycanın sentyabrın 19–20-də keçirdiyi lokal antiterror tədbirlərindən sonra ermənilərin “etnik təmizləmə” ilə üzləşmədikləri, bununla bağ­lı ittihamların özünü doğrultmadığı, erməniəsilli şəxslərin ərazini öz istəkləri ilə tərk etməyə başladıqları  bildirilmişdi. Üstəlik, bu qurum erməniəsilli şəxslərin Qarabağı tərk etmələrinin ermənipərəst dairələrin bildirdikləri kimi, heç bir "çətinlik”lə, "humanitar böhran”la, "təhlükəsizlik"lə, “etnik təmizləmə” ilə əlaqəsi olmadığını vurğulamışdı.

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı Ruben Rubinyana da yaxşı məlumdur. Hətta rəsmi Bakı onların geri qayıtmasında da maraqlıdır. Belə olan təqdirdə Ruben Rubinyan bəs niyə sərsəmləyir? Niyə utanıb-qızarmadan bölgəni könüllü tərk edənləri “məcburi köçkün” kimi qələmə verməyə çalışır?! Bunu necə etnik təmizləmə adlandırır?! Axı bunları başa düşmək üçün dahi olmaq lazım deyil... Əgər Ruben Rubinyan etnik təmizləmənin nə olduğunu bilmək istəyirsə, onda 1988-1993-cü illərdə Ermənistandan və Qarabağdan 1 milyon azərbay­canlının vəhşicəsinə qovulmasına nəzər yetirsin.

Şübhəsiz, otuz il davam edən işğal, azərbaycanlılara qarşı etnik təmizləmələr, insanlığa qarşı cinayətlər məhz AŞPA-da, eləcə də digər beynəlxalq təşkilatlarda mövcud olan ikili standartlara, belə hallara göz yummalara görə baş verib. Nə qədər qəribə olsa da bu qurum indiyədək Ermənistanın bu kimi özbaşnalıqları ilə bağlı hər hansı ciddi çağırış  etməyib. Yəni, AŞPA öz yurd-yuvalarından zorla qovulmuş, didərgin düşmüş və doğma yurduna qayıtmaq hüququ, mülkiyyət hüququ və şəxsi təhlükəsizlik hüququ da daxil olmaqla hüquqlarından məhrum olmuş bir milyondan çox azərbaycanlı məcburi köçkünün hüquqlarını müdafiə etməyib.

Halbuki Azərbaycan indiyədək erməniəsilli şəxslərin Qarabağı tərk etmələri istiqamətində heç bir addım atmayıb, belə bir niyyəti də yoxdur. Bu, onların “könüllü" seçimləri olub. Xorvatiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Domagoj Hajdukovicin sözləri ilə desək,  Qarabağın erməni sakinlərinin bölgəni tərk etməsi 30 il davam etmiş işğalın nəticəsidir. Bu isə o deməkdir ki, onlar 30 ildən artıq qondarma rejimin və separatçıların təsiri altında saxlayan qüvvələrin girovu idilər. Onlara oradan çıxmağa imkan vermirdilər.

Əksinə, rəsmi Bakı onların Qarabağda qalmaları üçün hər cür şərati yaradıb, vətəndaşlıqla bağlı məsələlərini həll etmək üçün praktiki addımlar atıb. Azərbay­canlılara qarşı soyqırımlarında, terror və təxribatlarda iştirak etməyənlərin hamısı Qarabağda qalmaq istəyirdi. Amma hansısa gözə­görünməz əl onları yerindən oynatdı.  Şübhəsiz, bu məsələdə Ermənistanla, xunta rejimi ilə yanaşı, ilana zəhər verən Fransanın da barmağı var. Bütün bunları Ruben də bilməmiş deyil. Amma erməni xisləti ona əsl həqiqəti dilə gətirməyi imkan vermir.

Yuxarıda qeyd etdiymiz kimi, Ruben Rubinyan Azərbaycanın qanunla cəzalandırılmasını da bildirib. Gülməlidir, görün kim kimi cəzalandırmağı təklif edir. Halbuki Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Bu mənada heç kim Azərbaycanı humanitar normaları pozmaqda ittiham edə bilməz. Ərazilərimiz işğal olunarkən vətəndaşlarımızı doğma torpaqlarından didərgin salan, onları atəşə tutan məhz ermənilər olublar. Bu faktlar  kimin hansı cəzaya layiq olduğundan xəbər verir.  Amma nə edəsən ki, bəzi beynəlxalq təşkilatlar, o cümlədən AŞPA bu kimi məsələləri hələ də beynəlxalq hüquq normaları çərçivəsində deyil, hayların və onların havadarlarının arşınları ilə ölçməkdədirlər. Görəsən, bu qurum nə vaxt ağa ağ, qaraya qara deyəcək? O ki qaldı, qəbul edilən qətnaməyə. Şübhəsiz, AŞPA-nın bu qətnaməsinin digər beynəlxalq qurumların Azərbaycan əleyhinə qəbul etdikləri qətnamələr kimi, heç bir hüquqi qüvvəyə malik deyil. Yəni, bu da növbəti adi kağız parçalarından biridir.

Qvami Məhəbbətoğlu, “İki sahil”