13 oktyabr 2023 17:22
279

Azərbaycan tarixi Zəfəri və onun yaratdığı reallıqlarla dünyanın diqqətindədir

Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə, Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla bugünkü reallıqlarımızın təməlini qoydu. Bu baxımdan xüsusi qeyd edirik ki, Azərbaycanın tarixində, xalqımızın taleyində elə günlər var ki, onların önəmi illər keçdikcə daha dərindən dərk olunur, ən əsası, o tarixlərdə gələcəyimizi müəyyənləşdirən yolun başlanğıcı qoyulur.

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük İkinci Qarabağ müharibəsində hərbi-siyasi yolla azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan qəsəbəsi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə belə atılmadan işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

Bu gün Azərbaycan tarixi Zəfəri və onun yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu reallığa çevirdi. Ümummilli Liderin ordu quruculuğu sahəsində yaratdığı möhkəm təməl rəşadətli Silahlı Qüvvələrimizin 44 gündə 30 ilin işğalına son qoymasını, 27 il tətbiqini gözləyən BMT qətnamələrinin icrasını təmin etdi. Tarixi Zəfərimizdən sonrakı dövrdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə imza atdığımız hər bir uğur son nəticədə Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycanın formalaşmasına gətirib çıxardı. Sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin törətdiyi terror aktına cavab olaraq Azərbaycan Ordusunun bir sutka ərzində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində bu gün Azərbaycanın bütün ərazilərində suverenliyinin tam təmin olunmasını böyük qürur hissi ilə qeyd edirik. Artıq xeyli vaxtdır Qarabağ və Şərqi Zəngəzura davam edən Böyük Qayıdışın növbəti ünvanının məhz Xankəndi olacağı hər birimizin səbirsizliklə gözlədiyimiz məqamdır.

Vüsalə Əliyeva,
Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov adına 194 nömrəli tam orta məktəbin Dil-ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü