14 oktyabr 2023 01:36
395

Sepah oğlu sepah...

Səfeh fikirlər SEPAH-ın mətbəxində bişirilir

Azərbaycanla İran arasında "körpü məsələsi"ndən sonra qonşu ölkədə kifayət qədər yüksək səlahiyyətlərə malik olan qüvvələr Tehranla Bakı arasında gərginliyi yenidən artırmağa çalışırlar. Görünən odur ki, hətta bu qüvvələrin qarşısında İran prezidenti başda olmaqla dövlətin digər rəhbərləri də acizdirlər. Araqatanlar bu hərəkətləri ilə ölkə rəhbərinə sanki "sən öz tortunu ye" demək istəyirlər. Yoxsa iki qonşu ölkə arasında son üç il ərzində artmaqda olan gərginliyin səngiməsi, araya sözün bütün mənalarında körpülərin atılması istiqamətində işlərə başlanmasından dərhal sonra yenidən qaşınmayan yerdən qan çıxarılmasına, vəziyyətin qızışdırılmasına başqa nə ad vermək olar? Özü də sanki yarışa giriblər, növbə ilə, biri o birinin ardınca ağzına gələni gəvəzələyir.

 Bu günlərdə İranın mədəni irs, turizm və əl işləri naziri İzzətullah Zərqami zəqqum dadan sözlər ilə gündəmə gəlib. O, Azərbaycan Respublikasını İrana getmək istəyən 1 milyon 700 min turistin qarşısını almaqda ittiham edib. Nazir Ərdəbildə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin toplantısında bildirib ki, koronavirus pandemiyasından sonra Azərbaycanın Biləsuvar sərhəd-keçid məntəqəsi bağlanıb. O, məntəqənin yenidən açılması ilə bağlı addım atılmamasından narahatlığını ifadə edib. Yayılan xəbərdə daha sonra deyilir ki, iranlı nazir ölkəsinin münasibətlərin inkişafında maraqlı olduğunu və sərhədlərin bağlı qalmasının hər iki xalqı narahat etdiyini iddia edib. Zərqami utanmadan Azərbaycan xalqının da adından danışır, ancaq nazir unudur ki, bizim xalq qətiyyən narahat deyil. Bunca bizə etdikləri bədxahlıqdan və düşmən hərəkətlərdən sonra biz İran üçün niyə narahat olmalıyıq? Molla rejimi bizdən nə qədər kənar dursa, bir o qədər rahat olarıq. Yaxşı olar ki, Zərqami gedib mollalara ağıl duası yazdırsın.

İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Şəhriyar Heydəri də qərəzkarlıqla İzzətullahdan heç də geri qalmır. Bu gerizəkalı deputat “Ermənistanla sərhədi qorumaq İranın qırmızı xəttidir. Azərbaycan problemlərini diplomatiya yolu ilə həll etsin”, - deyə ölkəmizə öyüd-nəsihət vermək qərarına gəlib. Hətta ölkəsinin rəhbərliyinin bəyanatlarını da vecinə almayaraq, “hazırda Qarabağ Azərbaycan və Ermənistan arasında mübahisəli ərazidir” kimi cəfəng fikir söyləyib. Ermənistanın baş naziri Nikol Paşinyan belə Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən bəyan edib, ancaq hələ də qış yuxusundan ayılmamış Heydəri isə təzə gördüyü röyanı yozur. Dediklərinə diqqət edin: “Biz keçmişdə çox yaxşı münasibətlərimiz olan qonşu Ermənistanla ümumi sərhədlərimizdə hər hansı dəyişikliyi qəbul etmirik. Hazırda Ermənistanla 47 kilometr ümumi sərhədimiz var və bu məsələ İran üçün çox vacibdir, çünki bizim Ermənistan vasitəsilə Avropaya çıxışımız var”. Qəribədir, Ermənistanla 47 km-lik sərhədi qırmızı boyayan iranlı rəsmilər nə səbəbə Azərbaycanla uzunluğu 700 km-ə çatan sərhədə “uyğun” rəng tapa bilməyiblər bu vaxtacan? Axı bu sərhədin 132 kilometrlik hissəsi 30 ildən artıq “qırmızı xətli” Ermənistanın işğalı altında qaldı, İran rəsmilərinin səsi onda niyə batmışdı?

Beləcə, qonşu İrandan müsəlmanlığa, qonşuluğa, dostluğa, tarixi əlaqələrə, eyni zamanda beynəlxalq hüquqa uyğun gəlməyən bayquş səsləri eşidilməkdədir və Tehran rejiminin söz sahibləri hələ ki, münasibətlərə xələl gətirə biləcək həmin qərəzli mövqeləri dayandıra bilmirlər. Amma dəqiq deyə bilmərik ki, dayandıra bilmirlər, yoxsa dayandırmaq istəmirlər?

 Şəhriyar Heydəri Azərbaycanın ərazi bütövlüyünə zidd, tarixi təhrif edən və regionda sülhə təhlükə yaratmaq ideyasının davam etdirən başqa fikirlər də mızıldanıb.  O, bu barədə SEPAH-a bağlı "Javan" xəbər agentliyinə geniş müsahibəsində deyib. Adı-soyadı bizdən olan şərəfsiz Heydəri Qarabağı “ənənəvi erməni torpağı” adlandıracaq qədər həyasızlıq edib. “Bu gün Qarabağ ermənilərinin Ermənistana qaçmaları Azərbaycan Ordusunun təzyiqləri və atəş açmaları nəticəsində baş verib. Ancaq bu, Qarabağda ermənilərin kimliyi və mahiyyətlərinin aradan getməsinə səbəb ola bilməyəcək. Onlar sadəcə coğrafi baxımdan çətin vəziyyətə düşüblər”, - deyə iranlı deputat sərsəmləyib. O, Azərbaycanın Qarabağda hakimiyyətini qura bilməyəcəyi kimi xəyal plovunu da həqiqət kimi göstərməkdən və öz xain xislətini ortaya qoymaqdan çəkinməyib: “Azərbaycan Qarabağı işğal etməklə oranı daim əlində saxlaya bilməyəcək. Ona görə ki, Ermənistan davamlı olaraq Qarabağı geri qaytarmağa çalışacaq”.

Ay sən öləsən! Bunu heç vaxt görməyəcəksən ay fars tulası, bəsdir Azərbaycan xalqını təhqir etdiyin! Dərisi beş qəpiyə dəyməyən Şəhriyar Heydəri farsı, ermənini bir yanda qoyub Azərbaycanı işğalçı və təcavüzkar adlandırır. Beləsinə hər cür nalayiq söz yaraşır, məsələn sepah oğlu sepah. SEPAH-dan ağu alan bu adam ermənidən betər ermənidir. Şərəfi bağırsağında olan, mənsəb almaq, qarnını və cibini doldurmaq üçün  Vətənini, torpağını satan bu bişərəf üçün müqəddəs heç nə yoxdur. O, nəslini-kökünü insan saymayan, torpağını əlindən zorla alan farsın palçıqlı çəkməsini yaltaqcasına öpən rəzildir. Ancaq bilsin və agah olsun ki, çox uzağa gedə bilməyəcək. Bir zaman Qarabağda at oynadan qardaşağası Vaqif Xaçaturyan və onun kimiləri indi Bakıda məhkəmə qarşısında zırın-zırın ağlayırlar. Növbə bunlara da çatacaq. Heydərinin və ona oxşarların da göz yaşı tökmələrini görəcəyik. İnşallah!

Vəli İlyasov, "İki sahil"