14 oktyabr 2023 00:09
389

Vicdan qatilləri

Həqiqətlərə əyri gözlə baxmaq öz ruhunu zorlamaq qədər iyrəncdir

Ötən gün internet TV-lərin birində «İlham Əliyev hakimiyyətinin 20 ili» adlı debat keçirilib. Debatda Milli Məclisin deputatı Müşfiq Məmmədov və Müsavat Partiyasının başqanı Arif Hacılı iştirak ediblər. Aparıcının Arif Hacılıya «Qalibləri mühakimə etmirlər. Siz İlham Əliyevi qalib sayırsınızmı? 20 ildir hakimiyyətdədir. Qarabağ məsələsini indiyə qədər Azərbaycanda olan hakimiyyətlərin, iqtidarların heç biri həll edə bilməyib. Amma İlham Əliyev bu problemi həll edib» sualına Müsavat başqanı özünə xas riyakarlıqla belə cavab verib: «Hər hansı bir dövlət xadiminin fəaliyyətini konkret bir hadisə, bu hadisə nə qədər mühüm olsa belə qiymətləndirmək düzgün deyil. Siz dediniz ki, Qarabağ məsələsinin həlli əvvəlki rəhbərlərə nəsib olmayıb. Amma İlham Əliyevdən əvvəlki rəhbər şəxslər, bir Heydər Əliyev istisna olmaqla uzun illər Azərbaycanda hakimiyyət başında olmayıblar. Qarabağ müharibəsi başlandıqdan sonra nə Vəzirov, nə Mütəllibov, nə Əbülfəz Elçibəy. Amma Heydər Əliyev ondan əvvəl də hakimiyyətdə olub, sonra 10 il hakimiyyətdə oldu. İlham Əliyev də 20 il hakimiyyətdədir. Hakimiyyətinin 18-ci ilində bu məsələlərdə əsaslı dönüş baş verdi. Yəni mən tam əminliklə deyirəm ki, əgər Elçibəy hakimiyyəti 5 il öz hakimiyyətini sürdürə bilsəydi, bizim bu gün nail olduğumuz nəticələrə elə o vaxt, 1997-ci ilə kimi nail olmaq mümkün idi.» O, daha sonra gerizəkalılığını daha açıq nümayiş etdirərək deyir: «Heydər Əliyev 10 il hakimiyyətdə olub. Belə çıxır ki, o yaxşı lider deyildi deyə Qarabağ məsələsini həll edə bilmədi?»

Bax, buna deyərlər xaraktersizlik və riyakarlıq. Məgər bu Arif Hacılı 1992-1993-cü illərdə Azərbaycan dövlətini iflas həddinə çatdırmış AXCP-Müsavat hakimiyyətinin əsas simalarından biri deyildimi? Bu həmin dövrlər idi ki, hakimiyyətin satqınlığı və xəyanəti nəticəsində işğalçı Ermənistan torpaqlarımızı dayanmadan işğal edirdi. Ola bilər ki, Arif Hacılının gözlərini tutan kin və küdurət onun yaddaşını korşaldıb. Lakin bu gün yaşlı və orta nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, bədnam AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində ölkə bərbad vəziyyətə düşmüşdü. Bu, orduda daha acınacaqlı hal almışdı. Belə ki, cəbhədə gərgin savaşın getdiyi bir vaxtda arif hacılılar arxa cəbhədə vəzifə davası aparırdılar. Ordunun daxilindəki müxtəlif birləşmələr də ayrı-ayrı talançı qruplarının tabeliyində idilər. Paytaxtda vəzifə davasına çıxan siyasi qruplar daha çox pay qoparmaq üçün həmin silahlı birləşmələri ön cəbhədən – döyüş bölgəsindən geri çəkərək Bakıya gətirir, siyasi mübarizədə, vəzifə bölgüsündə təzyiq aləti kimi istifadə edirdilər. Cəbhədə döyüşlərin getdiyi vaxt Surət Hüseynovun, İsgəndər Həmidovun, Rəhim Qazıyevin və digərlərinin silahlı dəstələrinin Bakı küçələrində avtomatlarla gəzdiyini, insanlara divan tutduğunu, vəzifə bölgüsündə daha çox pay qoparmaq üçün paytaxtı hərbi poliqona çevirdiklərini xalq unutmayıb. Ordu Bakıda vəzifə davasında iştirak etdiyi həmin dövrdə isə ön cəbhə müdafiəsiz qalmışdı. Nəticədə erməni işğalçıları Dağlıq Qarabağla birgə ətraf yeddi rayonu da işğal etməyə nail oldu”. Məhz Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakmiyyətə qayıdışı ilə bu acı günlərə son qoyuldu.

Bəli, yalnız pafoslu çıxışları və avantüraları ilə gündəmə gəlməyi xoşlayan Arif Hacılının cəmiyyəti öz yalanları ilə aldatmağa çalışması bumeranq effekti verir. Çünki nə qədər pafosla danışsa da cəmiyyəti aldada bilmir, əksinə gülüş və nifrət hədəfinə çevrilir. Hacılı həm də o cəmiyyətə yalan sırımağa çalışır ki, həmin cəmiyyət son 3 ildə Cənubi Qafqazda ölkəmizin xeyrinə möhtəşəm reallıqlar yaratmış bir Sərkərdənin –Ali Baş Komandanımız İlham Əliyevin tarixi qələbələrinə şahidlik edib.

Bəli, Arif Hacılının yalanlarına qulaq asan və 1990-cı illərin əvvəllərindən bixəbər olanlara elə gələ bilər ki, guya həmin dövr ölkəmizdə ən uğurlu illər olub. Guya ölkədə bütün sahələrdə inkişaf, güclü iqtisadiyyat, yüksək rifah və s. təmin olunubmuş. Lakin sual olunur ki, əgər belə idisə, niyə AXC hakimiyyəti cəmi bir il davam gətirə bildi? Niyə Qarabağ ermənilərdən təmizlənmədi, siyasi-iqtisadi islahatlar aparılmadı? Əksinə, ölkədə vətəndaş müharibəsi və separatizm meyilləri tüğyan etdi.

Arif Hacılı yatmış vicdanını oyada bilsə açıq şəkildə etiraf edər ki, onlar hakimiyyəti əldə saxlamaq üçün hər cür xəyanətə əl atdılar. Hətta bu saxta siyasətçilər hakimiyyətləri dövründə sadə idarəçiliyi, dövlət və dövlətçilik pinsiplərini qavraya bilmədilər. Elə ona görə də AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə xalq quru çörəyə möhtac qalmışdı. Çörək növbələri və hər saat bahalaşan ərzaq məhsulları ölkədə aclıq-səfalət yaratmışdı. Bu, elə bir biabırçı dövr idi ki, insanların dövlətə və hakimiyyətə güvəni qalmamışdı. Hətta ölkənin maliyyə imkanları tükənmişdi.

Amma sizlərin tam əksinə olaraq 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanımız İlham Əliyev güclü Azərbaycan Ordusuna və xalqa güvənərək erməni işğalına birdəfəlik soq qoymaq üçün «Hücum!» əmrini verdi. Bununla da müdafiədən hücuma keçməklə cəbhədə hərbi üsitünlüyü ələ aldıq. Ordumuzun başladığı əks-hücum əməliyyatı ilə işğal altındakı torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. «Dəmir yumruq» əməliyyatları kimi tarixə düşən İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik Qarabağ həsrətinə son qoydu. Xüsusilə Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər günü kimi yazıldı. İşğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. 2023-cü ilin sentyabrın 19-da isə Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda keçirdiyi lokal antiterror tədirləri ilə Xankəndidəki separatçı və terrorçu xuntanın varlığına birdəfəlik son qoydu. Ən qürurverici hadisə isə separatçıların qaniçən rəhbərlərinin qandallanaraq Bakıya gətirmləsi oldu. Bununla da 30 ildir doğma Qarabağımızda soyqırımı törədənlərə tarixi dərs verilmiş oldu.

Arif Hacılı, əgər sizlər bu möhtəşəmliyi hələ də qəbul edə bilmirsinizsə, demək, siz həm də öz vicdanınızın və ruhunuzun qatillərisiniz. Həmçinin həqiqətlərə əyri gözlə baxmaq öz ruhunu zorlamaq qədər iyrəncdir.

Elçin Zaman, «İki sahil»