14 oktyabr 2023 01:57
362

Makronun hayları vaya salan neokolonializmi qürub edir

Ötən il Ərəb Dövlətləri Liqasının (ƏDL) 31-ci Zirvə Toplantısında iştirak etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasında səfərdə olan, səfər çərçivəsində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edən Prezident İlham Əliyev bəşəriyyətə , insanlığa qarşı qəddarlığın qanlı izlərini əks etdirən eksponatları ürək ağrısı ilə izlədi. Əlcəzairi işğal altında saxladığı illərdə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetirən fransız əsgərlərinin qəddarlığını erməni quldurlarının qaniçənliyi ilə müqayisə edən dövlət başçımız hələ də Fransanın işğalına məruz qalan Afrika dövlətlərini azadlıq mübarizəsinə çağırdı. Torpaqlarımızın Ermənistanın işğalı altında qaldığı 30 ilə yaxın müddətdə azərbaycanlılara qarşı Xocalı soyqırımını törədən, mülki əhaliyə ağlagəlməz, dəhşətli işgəncələr verən, Qaradağlıda, Ağdabanda, Edillidə, Başlıbeldə, Gəncədə, Tərtərdə kütləvi qırğınlar törədən Ermənistanın qan qardaşı, vəhşilikləri ilə eynilik təşkil edən Fransanın jandarmaları da Sena qətliamı kimi kütləvi qətllər törətməklə qana hərisliklərini göstərdilər. Vandal xüsusiyyətləri eynilik təşkil edən Fransa ilə Ermənistan sözdə eyni məqsədə qulluq etdikləri görüntüsü yaratmağa çalışsalar da siyasi fırıldaq altında gizlənən niyyətləri tam başqadır.

Ölkəmizə qarşı yalan və təxribat xarakterli bəyanatları ilə mənfur niyyətini ortaya qoyan Emmanuel Makronun siyasi təlxəkliyinin heç bir nəticə verməyəcəyini dəfələrə Fransa Prezidentinin diqqətinə çatdıran Prezident İlham Əliyev «Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur» bu sözləri ilə Azərbaycanın dəyişilməyən qətiyyətini bildirir. Dünyada və bölgədə sabitliyin yaranması üçün bütün vasitələrdən istifadə edən Prezident İlham Əliyev Fransanın neokolonializm meyillərinin artmasından narahatlığını da dilə gətirir. Xüsusilə Azərbaycanınsədrlik etdiyi Qoşulmama Hərəkatının sammitlərində, Zirvə toplantılarında xalqların müstəqilliyinə təcavüz olan bu kimi meyillərin aradan qaldırılması üçün səylərini artıracağını bildirir.

«Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir» çağırışı ilə rəsmi Parisin Ermənistana hərbi, siyasi dəstəyinin heç bir nəticə verməyəcəyini dəfələrlə bildirən Prezident İlham Əliyev bütün dövlətlərin tarixi nailiyyəti olan müstəqilliyin qazanılmasının tərəfdarı olduğunu bildirir. Fransa qoşunlarının Mali və Burkina-Fasodan çıxarılması, Nigeriyanın da bu yolu davam etdirməsi Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkumluğunu subut edir. Mənfur niyyətli «humanitar yardım» siyasətini Ermənistana dəstək kimi qələmə verən Makron Əlcəzairdə və özünün dənizaşırı ərazilərində - Sakit okeanda, Fransa Polineziyasında həyata keçirdiyi nüvə silahından istifadə sınağını Cənubi Qafqazda davam etdirmək istəyir.

Makronun bu çirkin niyyəti qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olmuşdur. Prezident İlham Əliyevin «Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir» sözləri ilə makronizmin pərdəarxası niyyətlrinin insanlığa nifrətdən qaynaqlandığını dəfələrlə açıqlasa da hərdən bir havaya oynayan Ermənistanın baş naziri Nikol Paşinyan Makronun yalanlarına aldanaraq hələ də sülh sazişinin imzalanmasından müxtəlif bəhanələrlə yayınır. Öz ölkəsində azsaylı xalqların dilinə qadağa qoyan Makron BMT-nin hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatına belə etinasızlıq göstərir. Əlaltısı Ermənistan kimi islamofobiyanın çiçəkləndiyi, qaradərililərə, hicabla gəzən müsəlman qadınlarına qarşı amansız rəftar edən Makron Fransası riyakarlıq əməllərii ilə xalqlar arasında qarışıqlıq salan, ikili standartlardan istifadə edən dövlətlərə başçılıq edir.

Oktyabrın 11-də Bakıda MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşündə Cənubi Qafqazda sabitliyin yaranmasının dünya siyasətinə təsirindən bəhs edən Prezident İlham Əliyev Fransanın neokolonializm meyillərini ciddi tənqid edib. «Fransadan danışanda, bu ölkənin rəhbərliyinin 2020-ci ilin bütün dövründən başlayan və indi də davam edən qeyri-konstruktiv və təxribatçı rolunu da qeyd etmək istərdim. Azərbaycanın ünvanına çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi. Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər» söyləyən Prezident İlham Əliyev Fransanın əlaltısı, qanlı əməlləri ilə havadarından daha irəli getdiyini mülki azərbaycanlılara qarşı qandonduran vəhşilikləri ilə göstərən Ermənistanın hərbi cinayətlərindən, ekoloji, mədəni və digər terrorlarından bəhs edərək bu sahədə haylara dəstək verən Fransanın başqa ölkələrin daxili işlərinə qarışmasını bütün bölgə dövlətlərinin suverenliyinə, təhlükəsizliyinə təhdid və təxribat adlandırdı.

Demokradiyadan danışan, özünü Avropanın mədəniyyət beşiyi adlandıran Fransanın diplomatik normaları pozması, tarixin arxivinə atılmın ATƏT-in Minsk qrupunun dirçəldilməsi naminə canfəşanlığı heç bir məntiqə uyğun gəlmir. Fransanın qızışdırıcılıq səylərinə, yalan vədlərinə aldanan Ermənistanın 6 saatlıq məsafədə yerləşən Qrenadaya gedən Paşinyanın rəsmi Moskvanın oktyabrın 12-ə təyin etdiyi
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə keçirilməsi nəzədə tutulan üçtərəfli görüşdən imina etməsində də Makronun pıçıltısı duyulur. Bu pıçıltının eşidilən «səsinin» açıqlaması Ermənistanın baş nazirinin sülh sazişindən uzaqlaşmasıdır. «Biz bu təklifi müsbət qarşıladıq və xarici işlər nazirimiz Rusiya və erməni həmkarları ilə görüşməyə hazır idi. Təəssüf ki, erməni tərəfi bu görüşdən imtina etdi. İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki əgər sülh istəsəydi, bu imkandan imtina etməzdi» söyləyən dövlət başçımız sirk təlxəyi Paşinyanla, havadarı, bu gün belə müstəmləkələr saxlamaqla başqa dövlətlərin təbii sərvətlərini mənimsəyən, milli-mənəvi dəyərlərinə hörmət etməyən Fransanı birləşdirən mənfur əməllərin dəhşətlərini diqqətə çatdırır. Azərbaycana qarşı beynəlxalq aləmdə mənfi rəy formalaşdıran, Türkiyənin Azərbaycana olan siyasi dəstəyini də həzm edə bilməyən Makron avropalı həmkarları tərəfindən qəbul olunmayan siyasi şouların pərdə arxasında gizlənən ehtiyat oyunçudur. Hər gün dəyişən dünya siyasətində tanınmaq üçün isə dublyorlara yer yoxdur.

Xuraman İsmayılqızı, «İki sahil»