13 oktyabr 2023 17:07
342

İnkşafa və sülhə hesablanmış təşəbbüslər

Oktyabrın 10-da mədəniyyət paytaxtımız olan Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının  Nazirlər Şurasının 27-ci iclasına ev sahibliyi etdi. Belə möhtəbər tədbirin Şuşada keçirilməsi ölkəmizin dünya miqyasındakı yüksək və artan nüfuzundan xəbər verir. Vətən Müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzura səfər edən Prezident İlham Əliyev erməni vandalizmini görür, oradan bütün dünyaya  səslənirdi. İkili standartlardan uzaq ədalətli bir yanaşma tələb edirdi. Burada çox mühüm beynəlxalq konfranslar  keçirilir. Bunlardan biri də  Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasıdır. Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İƏT ölkələrinin xarici əlaqələr idarələrinin rəhbərləri iştirak ediblər. Azərbaycanın təşəbbüsü ilə bu ilki iclasın  təşkilatın mövzusu “Yaşıl keçid və qarşılıqlı əlaqələr” adlanır. Ölkəmiz tarix baxımından qısa müddət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, 30 il düşmən əsarətində qalan Qarabağ və Şərqi Zəngəzuru azad edərək bu coğrafiyada genişmiqyaslı bərpa-quruculuq layihələrinin icrasına başlayıb. Azərbaycanın dünya birliyinə inteqrasiyasının gücləndirilməsi qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin hazırlayıb. Cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.  Bu baxımdan, ölkəmizin bir sıra beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərin dərinləşməsinə də önəm verilir. Təşkilatın məqsədi ölkələrin inkişafına kömək etmək, ticarət maneələrini aradan qaldırmaq, üzv dövlətlərin ticarətini genişləndirmək və beynəlxalq bazarlara inteqrasiyasını təmin etməkdir. Həmçinin əsas məqsədlərdən biri də tarixi-mədəni əlaqələrin gücləndirilməsidir. Bu təşkilat Türkiyəni, Orta Asiyanı, Türk respublikalarını birləşdirir və siyasi əhəmiyyətə malikdir.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının  iştirakçılarına müraciət məktubu ünvanlayıb.    Müraciət məktubunda Prezident İlham Əliyev tədbirin əhəmiyyəti və ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatı daxilindəki səmərəli fəaliyyəti haqqında məlumat verib. Qeyd edək ki, ölkəmiz dünya miqyaslı beynəlxalq təşkilatlar daxilində nümunəvi və səmərəli fəaliyyəti ilə seçilir, inkşafa və sülhə hesablanmış təşəbbüslərlə çıxış edir. Ali Baş Komandan İlham Əliyev müraciətində  beynəlxalq ədalətin zəfərini və Azərbaycanın öz suverenliyini, konstitusiya quruluşunu bərpa etməsininin sevincini yaşadığını qeyd edib. Bəli, qüdrətli Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlaımızı işğaldan azad etməklə həm də beynəlxalq ədaləti bərqarar etdi. Və öz suverenliyini bərpa etdi.Ermənistana dəstək verməyə çalışan müəyyən qüvvələr Şuşanı Azərbaycan torpağı kimi tanıması baxımından görüşün bu şəhərdə keçirilməsi siyasi baxımdan vacibdir. Azərbaycan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanlanmış məktubu da dünyaya bir mesajdır. Bu həm Azərbaycan həqiqətlərinin, yaranmış yeni reallığın beynəlxalq ictimaiyyətə çatdırılması, həm də perspektiv əməkdaşlıq imkanlarının təqdim edilməsi baxımından  əhəmiyyətli bir sənəddir. Bu gün isə Qarabağ və Şərqi Zəngəzurda  bərpa-quruculuq işləri aparılır, nəhəng miqyaslı layihələr həyata keçirilir. Bununla bağlı ölkə başçısının məktubunda qeyd olunur ki, “ 2020-ci ildə əzəli torpaqlarımız Ermənistanın işğalından azad edildikdən dərhal sonra burada irimiqyaslı bərpa-quruculuq işlərinə başlanılmışdı. Qısa zaman kəsiyində bu ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir. Füzuli şəhərində artıq inşası başa çatmış məktəbə və tikilməkdə olan yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistana və Qazaxıstana təşəkkür edirəm. Biz bunu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndiririk”. Azərbaycan Liderinin müraciət mətnində ölkəmizin sülh təşəbbüsləri və hazırda bu sahə ilə bağlı tarixi şansın yarandığı haqda məlumat verilmişdir. Vətən Müharibəsinin başa çatmasından 3 il keçsə də Ermənistan tərəfi Azərbaycanın sülh təşəbbüslərini dəyərləndirmir. Lakin artıq Ermənistanın sülh sazişi imzalamaqdan başqa yolu qalmayıb və hər keçən gün Ermənistanın ziyanına işləyir. Hazırda dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində ən əsas vəzifələrindən biridir. Elə bu baxımdan da Azərbaycanın İƏT-də sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir. Eyni zamanda “Yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir. Müraciətində ölkəmizin yüksək  tranzit və nəqliyyat – loqistika imkanları haqqqında məlumat verən Prezident İlham Əliyev bu sahədə həyata keçirilən layihələri və tədbirləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Onu da qeyd edək ki, İƏT-ə üzv olan ölkələr Azərbaycanın haqq-ədalət mübarizəsinə adekvat münasibət bildirmiş, ölkəmizin mövqeyini dəstəkləyiblər. Belə ki, təşkilata üzv dövlətlər beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistana tənqidi yanaşmış və ölkəmizin maraqlarını haqlı olaraq müdafiə etmişlər. Azərbaycanın öz ərzisində seperatizmə son qoyması formalaşan yeni dünya nizamında regionun inkişafı və yeni əməkdaşlıq imkanlarının yaranması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri