14 oktyabr 2023 02:58
358

Zəngəzur dəhlizi xalqlara rifah gətirəcək

Bunu Fransa və İran rəhbərləri də anlamalıdırlar

Erməni mediasının yazdığına görə, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan arasında İspaniyanın Qranada şəhərində keçirilməsi nəzərdə tutulan görüşdə  10 noyabr 2020-ci il tarixli Bəyanatın 9-cu bəndinin yerinə yetirilməsi vəziyyəti  gündəmin əsasını təşkil edəcək. 9-cu bənd bölgədə kommunikasıyalırın açılmasını nəzərdə tutur.

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.

Yuxarıdakı sitat Nikol Paşinyana məxsusdur. Bu sözləri o, bir neçə gün əvvəl deyib. Aydın görünür ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına razıdır.

Buna baxmayaraq Zəngəzur dəhlizinin açılmasını istəməyən Fransa və İran elə haray-həşir salırlar ki, guya Azərbaycan bunu güc yolu ilə həll etməyə hazırlaşır. Hətta İran rəsmiləri qızışıb "sərhədlərin dəyişdirilməsi bizim qırmızı xəttimizdir" deyirlər. Halbuki dəhlizin açılmasının İrana heç bir zərəri yoxdur. Yəni, mühafizəkar İranın qorxmağı və ya çəkinməyi tamamilə əsassızdır. Soğan yeməyənin içi göynəməz, molla rejiminin rəhbərləri qormaqlarının səbəbini özlərində axtarsalar daha düzgün olar. Gələk əsl məsələyə.

Məlum olduğu kimi, sözügedən dəhlizi Anastas Mikoyanın və başqa yüksək vəzifəli ermənilərin təmsil olunduğu Sovet hökuməti süni surətdə yaratmışdı. Dəhlizə ehtiyac o vaxt yarandı ki, Naxçıvanı Azərbaycanla birləşdirən zonanın bütün kəndləri Azərbaycandan alınıb 1920-ci ildə ərazimizdə quraşdırılmış Ermənistan dövlətinə verildi. SSRİ rəhbərlərinin məqsədi Ermənistanın ərazisini bir qədər də böyütmək və  Naxçıvanı Azərbaycandan ayrı salmaq idi. Belə ədalətsizlikdən sonra naxçıvanlılar faktiki olaraq blokada vəziyyətinə düşdülər. Ancaq dəmir və avtomobil yoları ilə gediş-gəliş təmin olunmuşdu. Sərnişinlər öz ölkələrində sanki xarici ölkəyə gedirmiş kimi sərhəd-keçid məntələrində yoxlanırdılar. Yüklər əsasən dəmir yolla daşınırdı. Onlara verilən roldan istifadə edərək 1988-ci ildə Azərbaycandan yeni ərazi qoparmaq iddiasına düşən ermənilər aranı qarışdırıb Naxçıvanla Azərbaycanı birləşdirən dəhlizi bağladılar. İndi Azərbaycan haqlı olaraq həmin dəhlizlə hərəkətin bərpa olunmasını istəyir. Özü də heç bir müharibəsiz-filansız. Lakin bəzi dövlətlər və beynəlxalq təşkilatlar buna başqa rəng verməyə çalışırlar.

Yuxarıda haqqında bəhs açdığımız məsələ barədə xarici bədxahlarımız tərəfindən süni surətdə qaldırılan hay-küyə cavab olaraq Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev nüfuzlu "Röyters" Agentliyinə açıqlamasında Azərbaycan dövlətinin münasibətini bildirib: "Azərbaycan əmin edir ki, Ermənistanın cənubunda quru dəhlizi yaratmaq üçün bu ölkənin ərazisini işğal etmək niyyətində deyil."

Hikmət Hacıyevin sözlərinə görə, Bakı yalnız Ermənistan vasitəsilə Naxçıvanla nəqliyyat əlaqəsi istəyir və bu, hər iki ölkəyə, həm də bütün regiona xeyir verəcək: “Azərbaycanın Ermənistanın suveren ərazisində hər hansı hərbi hədəfi və ya vəzifəsi yoxdur, bu, Bakının gündəmindən tamamilə kənardır. Bizim Ermənistana təklifimiz ondan ibarətdir ki, çox dinc yolla kommunikasiya xətləri, nəqliyyat xətləri çəkilsin”.

Görək bu cür aydın açıqlamadan sonra bədxahlarımız daha hansı fitnələrə əl atacaqlar?

Fransanın və İranın Ermənistanla Azərbaycanın ikitərəfli münasibətlərinə burun soxmaları siyasi mədəniyyətsizlikdən başqa bir şey deyil. Onların hegemonluğu keçən əsrdə qaldı. Həm də bura gözdən iraq Afrika cəngəllikləri deyil, hamının nəzərinin yönəltdiyi Cənubi Qafqazdır. Yaxşı olar ki, əl-ayaqlarını yığışdırıb öz ölkələrindəki narazılıq və üsyanlar barədə düşünsünlər. Üzütüpürcəkli Makron öz vətəndaşı tərəfindən sifətinə  qapazın niyə vurulduğunu araşdırsın.  İnsanları orta əsrlərə məxsus işgəncələrlə cəzalandıran, asdıran, kəsdirən, təhqir edən sivilizasiyadan uzaq mollakratiya gərək əmmaməsini qabağına qoyub fikirləşsin. Başqa ölkələrə fitnə-fəsad ixrac edən molla rejimi İranı bürüyən, az qala bir ili tamam olan və qanlı olaylarla müşayiət olunan üsyanların səbəbini araşdırıb aradan qaldırsın. Yaddan çıxarmasın ki, başqalarının işinə uzanan əl bir gün biləyindən kəsilə bilər.

Vəli İlyasov, "İki sahil"