12 oktyabr 2023 21:48
100

Yurdumuzu var edən ordumuz

Vətən müharibəsindəki tarixi Qələbəmiz bir daha göstərdi ki,  Azərbaycan regionda ən güclü orduya malikdir. Qeyd egək ki, tarixi 44 günlük savaşda işğalda altındakı 8 rayonumuzu  bir qala şəhərimizi azad etdik. Bu, hər beş günə bir rayonun azad edilməsi demək idi. Postmüharibə dövründə Azərbaycan Ordusu daha da təkmilləşərək öz döyüş qabiliyyətini xeyli artırdı. Məhz bunun nəticəsidir ki,  ordumuz Qarabağdakı separatçı- terorrçu xuntaya və onun hər növ silah və sursatla təmin edilmiş silahlılarına qarşı keçirdiyi lokal xarakterli antiterror tədbirlərini qısa müddətdə, uğurla başa çatdırdı. Xunta ağ bayraq qaldıraraq təslim olduğunu  elan etdi. 23 saata 42 dəqiqəyə minlərlə kvadrat kilometr ərazi də işğalçılardan təmizləndi.

Bu son döyüşümüz də dünyanın hərbi dairələrində  xüsusi diqqət  və marağa səbəb olub. 3 il əvvəl isə Azərbaycan Ordusunun ən çətin relyefə və keçilməz sərt qayalara malik Şuşa şəhərini  yüngül silahlarla və əlbəyaxa döyüşlərlə işğaldan azad etməsi  də dünya hərb tarixində möhtəşəm iz buraxmışdı. Artıq xarici hərbi ekspertlər birmənalı olaraq bildirirlər ki, Azərbayücan Silahlı Qüvvələri yüksək mənəvi-psixoloji döyüş hazırlığına və maddi-texniki təminatına görə nəinki Cənubi Qafqazın, o cümlədən dünyanın  güclülərindəndir. Bir sözlə, artıq dünya hərb tarixində Azərbaycan Silahlı Qüvvələrinin də imzası var.

Vahid proqram əsasında inkişaf edən, hərbi qüdrətini gündən-günə möhkəmləndirən Silahlı Qüvvələrimiz   möhkəm intizam, vətənpərvərlik, yüksək mənəvi mübarizlik ruhu və döyüş qabiliyyəti ilə səciyyələnir. Son vaxtlar aparılan islahatlar fonunda Xüsusi Təyinatlı Qüvvələrin sayının iki dəfə artırılması, Komando qüvvələrinin yaradılması ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində atılmış ən önəmli addımlardandır. Ölkəmizin hərb tarixində  bu mühüm yeniliklər Prezident İlham Əliyevin Azərbaycan Ordusunun peşəkarlığının yüksəldilməsinə xüsusi diqqət göstərməsinin bariz nümunəsidir. Bu il hərbi potensialın gücləndirilməsi, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün  dövlət büdcəsindən 1,1 milyard manatın ayrılması bunu bir daha təsdiq edir. Bu gün Azərbaycan Ordusunun sıraları daha da genişlənmiş və möhkəmlənmişdir. Silahlı Qüvvələrin peşəkar kadrlarla təmin edilməsi, əsaslı şəkildə struktur islahatlarının aparılması ordumuzu ən qabaqcıl ordular səviyyəsinə çatdırmışdır.

Ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və müşahidə etdiyimiz keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü işlərin nəticəsidir. Beləliklə, Azərbaycanda ordu quruculuğu prosesi davamlı şəkildə inkişaf etdirilir. Silahlı Qüvvələrimiz isə bundan sonra da qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirməkdə davam edəcək.

Səlimə Paşayeva,
Bakı şəhəri, Xətai rayonu Zakir Yusifov adına 194 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi