12 oktyabr 2023 22:44
106

Ulu Öndərin miras qoyduğu uğurlu yol Azərbaycana zəfərlər qazandırır

1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan Respublikası  öz dövlət müstəqilliyini bərpa etmiş oldu. Dövlət müstəqilliyinin bərpasından sonra dünyanın bir çox dövlətləri Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıdı. Yeni yaranmış müstəqil dövlət kimi Azərbaycan Respublikası bir çox beynəlxalq və regional təşkilatlara daxil olaraq həmin təşkilatlarla və eyni zamanda dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqə və münasibətlər yaratmağa başlamışdı.

1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev həyata keçirdiyi siyasət nəticəsində ölkə həyatının başqa sahələrində olduğu kimi xarici siyasət sahəsində də əhəmiyyətli dəyişikliklər baş verdi.

Həmin dövrdə yenicə dövlət müstəqilliyini əldə etmiş gənc dövlətin milli maraqlara uyğun və elmi cəhətdən əsaslandırılmış xarici siyasət kursunun işlənib hazırlanmasına və praktik olaraq həyata keçirilməsinə çox böyük ehtiyac vardı. Heydər Əliyevin qeyri-adi əzmkarlığı, iradəsi və zəkası sayəsində ölkənin daxilində baş verən vətəndaş müharibəsi və hakimiyyət çevrilişləri cəhdlərinin qarşısı alındı. Ölkənin daxilində davamlı sabitliyin və vətəndaş həmrəyliyinin əldə olunması kimi çətin və mürəkkəb vəzifələr də öz həllini tapmış oldu. Bütün bu hadisə və proseslərin düzgün istiqamətə yönəldilməsi Ermənistanın Azərbaycanın ərazisinə hərbi təcavüzü və təcavüzün qarşısının alınması fonunda baş verirdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və işğalın nəticələrinin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi ölkəmizin xarici siyasət kursunda əsas yerlərdən birini tutmuşdu. Azərbaycan Respublikasının siyasi və hərbi təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev müasir dünyanın ən güclü və nüfuzlu hərbi-siyasi təşkilatı olan NATO ilə əməkdaşlığa da çox böyük üstünlük verirdi.Bu məqsədlə 1994-cü ilin may ayının 4-də NATO-nun mənzil-qərargahının yerləşdiyi Brüssel şəhərinə səfər edərək orada "Sülh Naminə Tərəfdaşlıq Proqramının" çərçivə sənədini imzalamışdır. Sənədin imzalanmasından sonra Azərbaycan-NATO əlaqələrində dinamik inkişaf başladı. Bununla yanaşı, Azərbaycan ordusunun hissələri NATO-nun müxtəlif sülhyaratma əməliyyatlarında iştirak etməyə başladı. Hazırda NATO-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir.Bugün Azərbaycan Respublikasının yüksələn xətt üzrə inkişaf etməsinin əsasını məhz Ulu Öndər Heydər Əliyev qoymuşdur.

Onun miras qoyduğu siyasət bu gündə uğurla davam etdirilir.

Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının "General Şıxlınski 56/2 ünvanı" üzrə ərazi partiya təşkilatının üzvü