13 oktyabr 2023 23:11
406

Azərbaycan xalqı əlamətdar və tarixi dövr yaşayır

Məlumdur ki, oktyabrın 10-da İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası ölkəmizdə, Şuşa şəhərində keçirilmişdir. Əlbəttə, belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi özü dövlətimiz üçün, dövlətimizin siyasi, iqtisadi əlaqələrinin, beynəlxalq əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Cari ildə bu nüfuzlu beynəlxalq tədbirin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilməsi bizim üçün çox əlamətdar olan bu hadisəni daha da dəyərli etmişdir.

Şuşa Azərbaycanın tarix və mədəniyyət simvolu, həmçinin dostluğun,  qardaşlığın, qəhrəmanlığın simvoludur. İşğaldan azad olunduqdan sonra şəhərdə sürətlə təmir-bərpa işləri aparıldı və 3 il kimi qısa müddət ərzində Şuşada artıq dəfələrlə iri miqyaslı, o cümlədən beynəlxalq tədbirlər keçirilib. Bunlar Qarabağa qayıdışın reallaşmasının, cənab Ali Baş Komandanın “əziz Şuşa, biz səni dirçəldəcəyik” sözlərinin həyata keçirilməsinin bariz sübutudur. Nüfuzlu tədbirlərin Şuşada keçirilməsi həm də ölkəmizin Cənubi Qafqazda yaratdığı reallıqların, bərpa etdiyimiz tarixi ədalətin, Şuşanın-Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu reallığının bütün dünyada qəbul olunmasından xəbər verir. Şuşa şəhəri həm də  2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilmişdir.

Ermənistana dəstək verməyə çalışan müəyyən qüvvələr Şuşanı Azərbaycan torpağı kimi tanıması baxımından görüşün bu şəhərdə keçirilməsi siyasi baxımdan vacibdir. Elə Azərbaycan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanlanmış məktubu da dünyaya bir mesajdır. Bu həm Azərbaycan həqiqətlərinin, yaranmış yeni reallığın beynəlxalq ictimaiyyətə çatdırılması, həm də perspektiv əməkdaşlıq imkanlarının təqdim edilməsi baxımından  əhəmiyyətli bir sənəddir.  Azərbaycan  uzun illər  dözüm və səbir nümayiş etdirdi. Lakin beynəlxalq təşkilatlar   problemi həllə etmək əvəzinə,  onu daha da mürəkkəbləşdirir, heç bir əhəmiyyət kəsb etməyən görüşlər keçirir, qəbul etdiyi qətnamələri yerinə yetirmirdi. Əvəzində isə Ermənistan yeni ərazilər naminə yeni müharibəyə can atır, “Qarabağ Ermənistandır və nöqtə” deyərək xalqımıza qarşı bədnam fikirlərdən əl çəkmirdi. Ermənistanın işğalı 30 il davam etdi. Nə dünyanın aparıcı dövlətləri, nə də beynəlxalq təşkilatlar işğalın bu qədər uzanmasına görə ciddi münasibət bildirmədilər. Onda problemi Azər­baycanın özü öz ordusunun gücü ilə döyüşlə həll etdi. Ermənistanın işğalı Azərbycana ağır zərbələr vurdu. Bu zərbələrdən biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İs­lam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır. Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev məktubda qeyd edir: “Əfsuslar olsun ki, bu dövrdə 67 məscid­dən 65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir. Bu günlərdə daha bir məscidin – Malıbəyli məscidinin dağı­dıl­ması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilmişdir. Bütün bunlar təkcə azərbaycan­lı­ların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir”.

Nəhayət 30 ildən sonra  Azərbaycan ərazi bütövlüyünü, suverenliyini, konstitusiya quruluşunu bərpa etmiş, separatizmə  son qoydu.  Bu gün isə Qarabağ və Şərqi Zəngəzurda  bərpa-quruculuq işləri aparılır, nəhəng miqyaslı layihələr həyata keçirilir. Bununla bağlı ölkə başçısının məktubunda qeyd olunur ki, “ 2020-ci ildə əzəli torpaqlarımız Ermənistanın işğalından azad edildikdən dərhal sonra burada irimiqyaslı bərpa-quruculuq işlərinə başlanılmışdı. Qısa zaman kəsiyində bu ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir. Füzuli şəhərində artıq inşası başa çatmış məktəbə və tikilməkdə olan yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistana və Qazaxıstana təşəkkür edirəm. Biz bunu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndiririk”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı məktub Azərbay­ca­nın dünyəvi imicində əhəmiyyətli sənəd kimi tarixləşdi.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı