12 oktyabr 2023 23:06
319

Qərbin qərəzli və riyakar böhtan kampaniyası

Və yaxud ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami erməni dəyirmanına niyə su tökür

Azərbaycan işğal müddətində, İkinci Qarabağ müharibəsində və antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər bunun şahididirlər. Yeri gəlmişkən, bu yaxınlarda azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası son günlərdə artıq iki dəfə məhz bunu vurğulayıb ki, bütün humanitar normalara əməl olunub.

Bununla belə, Qərbdəki erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham edirlər. Burada əsas skripkanı çalan Fransadır və bu, sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Ölkəmiz işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir. Otuzillik işğalın tarixi, bütün şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, Xocalı soyqırımı – bütün bunların hamısı, təbii ki, inkar edilir, tamamilə yalanla dolu hekayələr uydurulur.

ABŞ Prezidentliyinə namizəd Vivek Ramasvaminin 2020-ci ildə Gəncənin bombalanması kadrlarını Azərbaycanın erməni şəhərinə zərbəsi kimi təqdim etməsi Qərbdə böhtan kampaniyası aparanların bütün hədləri keçdiyini göstərir. Bu, Azərbaycana qarşı aparılan misli görünməmiş informasiya müharibəsinin miqyasını göstərir.

Bu şəxs - Viki Ramasvami gələn il ABŞ-da keçiriləcək seçkilərdə Prezidentliyə namizəd olacaq. Seçkilərin keçirilməsinə 1 il vaxt qalsa da, artıq bu namizədi də erməni lobbisinin maliyyələşdirəcəyi məlum olub. Onun çıxışı zamanı Azərbaycanı ittiham etməsi və Gəncədə, Bərdədə törədilmiş erməni terrorunu azərbaycanlıların ermənilərə qarşı əməli kimi təqdim etməsi cəhdi, bu fəaliyyətin isə Amerika Ermənilərinin Milli Konqresi (ANCA) tərəfindən geniş təbliğ olunması indidən perspektiv iş xəritəsinin konturlarını müəyyən edir. Bununla belə Viki Ramasvaminin erməni lobbisinə xidmət etdiyini demək olar.

Ötən gündən “Twitter” istifadəçiləri Viki Ramasvamini təkzib verməyə çağırır. Lakin sapı özümüzdən olan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu Azərbaycan ictimaiyyətinin iradəsinin ziddinə gedərək həm erməni lobbisini, həm də onlara xidmət edən Viki Ramasvami müdafiə edir. Bunun adı dövlətə xəyanət, düşmənlə eyni səngərdə dayanmaqdır.

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballistik raketlərdən atəşə tutdu. Bunun nəticəsində uşaqlar, yaşlılar da daxil olmaqla, yüzə yaxın mülki vətəndaşımız həyatını itirib, yüzlərlə yaralı olub. Məhz sözügedən həmin namizəd o qədər qərəzlidir ki, bu cür həqiqəti “görməyərək” Azərbaycanı ittiham edir. Üstəlik utanmadan ermənilərin Gəncəyə və Bərdəyə hücumlarının kadrlarını nümayiş etdirir.

ABŞ və ümumilikdə Qərbin yanaşmasında hər zaman ikili standartlar və riyakarlığın şahidi olmuşuq. Nədənsə, Qərb hər zaman Azərbaycanın özünü müdafiə hüququna fərqli yanaşıb. Təəssüf ki, son illər ölkəmizin Qarabağ və Şərqi Zəngəzurda kommunikasiyalar açması, yollar çəkməsi və s. digər mühüm işlər həyata keçirməsi Azərbaycanı istəməyən qərəzli qüvvələrin kəskin qınağına tuş gəldi. Qərb isə buna “blokada” donu geydirməyə çalışdı. Azərbaycan antiterror tədbirləri zamanı yalnız legitim hərbi hədəfləri zərərsizləşdirib, mülki əhaliyə ziyan dəymədi. Amma Qərb bu reallığı da qəbul etməyərək qərəzli mövqeyini davam etdirir.

Onlar mərkəzdən verilən təlimata uyğun hərəkət edirlər. Ona görə də indi Azərbaycana qarşı misli görünməmiş informasiya müharibəsi aparılır. Azərbaycanın ünvanına çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi. Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb.

Cavid Əkbərov, “İki sahil”